تورک بالاسی TÜRK BALASI

TÜRK DÜNYASI UŞAQ ƏDƏBİYYATI

Əmiraslanın nağılı

+0 BƏYƏN



Əmiraslanın nağılı

Günlərin bir günündə Əhməd adlı bir tacir ticarətə getmək fikrinə düşdü. Çıxdı bazara, bütün əlində olan nağd pulunu-parasını verib atlaza, qumaşa, çitə, arşın malına getdi evinə. Gözlədi şənbə günü oldu. Çünki şənbə günün səfəri yüngül olar. Atalar deyiblər ki, şənbə günü səfərə gedən tez qayıdar. O da şənbə gününü gözləyib, şənbə günü nökəri göndərdi, bir dənə rəmmal çağırtdırdı ki, bir rəml atdırıb görsün, bu səfər necə olacaq... Bəli, nökər gedib rəmmalı çağırdı Əhməd tacirin hüzuruna. Rəmmal lohunu, aşığını yığışdırıb qoydu xurcununa, gəldi Əhməd tacirin evinə. Əhməd tacir əmr elədi, rəmmala bir çay verdilər içdi, bir qəlyan verdilər çəkdi, ondan sonra üzünü tutub ona dedi:
– Rəmmal, bir irəml at görüm, mənim bu səfərim necə olacaq, irəml nə görsədir?

Rəmmal xurcundan lohunu çıxarıb sərdi yerə, aşığı düzəldib atdı. Bir diqqətlə baxdı, götürüb bir də atdı. Yenə bir fikrə cumub götürüb bir də atdı.
Tacir dedi:
– Rəmmal, nə çox fikrə getdin? De görüm, yoxsa bir şey var?
Rəmmal gülə-gülə başını qaldırıb dedi:
– Qurban olum, budu elə qəsdən üç dəfədi ki, irəmli atırdım ki, bəlkə birincidə düz deyil, bəlkə ikincidə düz deyil, amma üçüncüdə də aşıq düşür birinci dəfə düşdüyü yerə.
Əhməd tacir lap özündən çıxıb dedi:
– Ay evin yıxılsın, bir de görüm, axır nə var ki, sən üç dəfə atırsan?
İrəml nə göstərir?
Rəmmal dedi:
– Ağa, başına dönüm, irəml çox qəribə göstərir. Sənin bu dəfək şikarın elə yağlıdı, elə yağlıdı ki, daha heç deyə bilmirəm. Sən bu dəfə ya xəzinə tapacaqsan, ya da ki, padşahlığa çatacaqsan. Əhməd tacirin keyfi duruldu. Əlini cibinə salıb, rəmmala bir qədər pul verib onu yola saldı, özü də hazırlaşıb, elə o günü axşam malını gəmiyə vurub birbaş yola düşdü. Bəli, gəmi düşdü dəryanın içinə, gecəni gündüzə qatdı. Gündüzü gecəyə, on günlük yolu bir gündə gedib, çatdı bir cəzirənin kənarına.
Əhməd tacir əmr elədi gəmini əylədilər. Dedi:
– Bir çıxım bu cəzirədə gəzim, görüm bura necə olan yerdi.
Çıxdı cəzirəyə. Nökərilə bir az getmişdilər, qabaqlarına bir meşə çıxdı. Əhməd tacir çiynindən tüfəngini aşırıb aldı əlinə, nökərə də işarə ilə qandırdı ki, o da elə eləsin, birdən bəlkə qurddan, quşdan çıxdı qabaqlarına, tanımadıqları yerdi, hər halda hazır olmaq lazımdı. Girdilər meşənin içinə, başladılar meşəni gəzməyə. Vallah, burada elə köhnəsala ağaclar var idi ki, elə bil heç Adəm atadan indiyə kimi bura insan ayağı dəyməmişdi. Bu növ ilə gəzirdilər, birdən Əhməd tacir gördü ki, ağacların birinin dalından bir zənən xeylağı bunları görcək çıxıb qaçıb o biri ağacın dalına girdi. Əhməd tacir elə bildi onu qara basır. Yoxsa burda bəni-adəm nə gəzir? Özü də ki, zənən xeylağı. Elə bu fikirdə idi ki, nökər birdən qayıtdı.
– Ağa, o zənən xeylağını gördün?
Əhməd tacir gördü ki, yox, bunu qara basmırmış, nökər də görüb.
Dedi:
– Gördüm, ancaq mən elə bildim ki, məni qara basır.
Nökər dedi:
– Yox ağa, başın üçün elə zənən idi ki, var idi.
Əhməd tacir dedi:
– Onda gəl görək bu necə olan işdi.
İkisi də tüfəngləri düzəldib başladılar zənənə tərəf getməyə ki, eyhana birdən bu bir tilsimdən, cadudan-zaddan olar.
Yavaş-yavaş, yavaş-yavaş yaxınlaşdılar arvadın gizləndiyi ağacın yanına. Arvad elə ki, gördü bunlar yaxınlaşır, o ağacın dalından çıxıb qaçdı o biri ağacın dalına. Əhməd tacir gördü ki, bu arvad lap bilə-bilə bunları meşənin ortasına aparıb azdıracaq.
Uca səslə dedi:
– Ey bəni-adəm, bax bizim əlimizdə tüfəng var. Sənin min dənə də canın olsa, bizim əlimizdən qurtara bilməyəcəksən. Yaxşısı budu ki, özün gəl çıx bizə təslim ol, görək sən nə karasan, bu meşədə nə qayırırsan?
Zənən bu sözləri eşidəndə ağacın dalından çıxdı. Əhməd tacir gördü vallah, bu elə bir zənəndi ki, bu bayıra çıxanda ay, gün, ulduz hamısı batil olub getdi. Zalım qızı elə bil on beş gecəlik aydı, buludların içindən görsənir. Qara saçlar tökülüb bunun çiyinlərinə, elə bil, eynən iki tərəfdən asılan iki dənə şahmardı, elə vaxt eləyirlər ki, dolaşsınlar gərdəninə. Əhməd tacir elə özü də yeniyetmə novcavan bir oğlan idi. Bığ yerləri təzəcə tərləmişdi. Ürəyində dedi:
“Sən öləsən rəmmalın dediyi doğru çıxdı. Elə xəzinədi ki, tapmışam”. İstədi bir addım ata zənənə tərəf, zənən tez əlini atıb, qoltuğundan bir dənə danənişan xəncər çıxardıb ucunu dayadı iki döşünün arasına, dedi:
– Mənə tərəf bir addım da atsan, bu xəncərlə özümü öldürüb, səni də özümə şuüruzummə eləyəcəyəm, qanımı da salacağam sənin boynuna.
Əhməd tacir dayandı, elə durduğu yerdən xitab eləyib dedi:
– Ay bacı, sən niyə belə eyləyirsən? Axır bəni-adəm ayağı dəyməyən bu meşədə sən nə qayırırsan? Gəl sən bu daşı ətəyindən tök!
De bizə görək, bu nə işdi ki, gəlib sənin başına? Bəlkə biz sənin dərdinə bir çarə tapdıq. Axır Allah dərd verib, onun dərmanını da verib.
Zənən dedi:
– Mənim dərdim elə dərddi ki, sən ona heç bir zad eləyə bilməzsən.
Yaxşısı budu ki, düz yolunla çıx, get! Əhməd tacir çox dedi, arvad az eşitdi, nə qədər elədisə arvad razı olmadı ki, olmadı. Əhməd tacir axırda naəlac qalıb istəyirdi elə dönsün dala ki, bir də baxdı zənənin ayaqlarının dibindəki kollar tərpəndi. Kolların içindən öz nökəri qalxıb tutdu zənənin iki əllərindən, xəncəri onun əlindən aldı. Əhməd tacir bunu görcək ürəyində nökərə bir afərin deyib tüpürdü dabanına, təngənəfəs özünü təpdi zənənin yanına. Zənəni aldılar halaya. Zənən nə qədər çırpındısa, əldən qoymadılar ki, qoymadılar. Zənən gördü ki, yox, bunlar bunu aparacaqlar. Onda dilə gəlib dedi:
– Ey bəni-adəm, sən gəl məni aparma! Məndən sənə heç bir mənfəət olmayacaq. Mən bu saat ki, var, adamlıqdan çıxıb bir parça qara daş olmuşam. O yerdəki, daş mən, heç bir təfavütü yoxdu.
Əhməd tacir gülə-gülə dedi:
– Elə mən də qiymətli daş-qaş taciriyəm. Gedəcəyik, ya da ki, ikimiz də burada öləcəyik.
Zənən elə ki, gördü day bıçaq dayanıb sümüyə, ayrı yol yoxdu, bunlar bunu aparacaqlar, dedi:
– İndi ki, məni aparırsınız, and için, bu axşamüstünün sahibinə ki, mənə dəyməyəcəksiniz. Mən öz başıma gələn qəza-qədəri sizə danışacağam, siz də mən deyənlərə boyun qoyacaqsınız. Əhməd tacir razı oldu. Zənəni götürüb yenə o yol ilə qayıtdılar gəmiyə, saldılar onu yola... Onlar getməkdə olsunlar, sənə kimdən deyim, kimdən deyim, görək bu zənən kim imiş? Ravi belə rəvayət eləyir ki, zənən Bağdad padşahının baş hərəmi imiş. Padşahın uşağı olmurmuş. Padşah daha dünyada tilsim, cadu qalmır elətdirir, irəml qalmır atdırır, təbib qalmır çağırtdırır, dava-dərman qalmır elətdirir, pir qalmır gedir, qurban qalmır kəsir, dua, səna, məsaf qalmır eləyir, zənən qalmır alır, ancaq uşağı olmur ki, olmur. Bir gün padşah yatıb vağyada görür ki, bir nurələnur kişi ona deyir ki, “ey padşah, sənin uşağın olmayacaq, məyərin ki, qırx gün, qırx gecə fəqir-füqəraya çörək verəsən. Qırx birinci gün dəm-dəsgahla yola çıxıb haman bu şəhərin kənarında bir daxma var, orda bir palanduz var ki, bir qızı ilə qalır. İndi o qalıb ac, payızdan xapanıb evə. Gedib onu alıb gətirəsən. Özü də onu özünə baş hərəm eləyəsən. Ondan sənin bir oğlun olacaq”. Nurani şəxs bunu deyib qeyb olur. Padşah sərasimə yuxudan oyanıb görür ki, heç kəs yoxdu, amma otaqdan müşki-ənbər qoxusu gəlir. O saat bilir ki, yuxusu bər-həqq yuxudu. Durub ayağa, sabahdan əmr verir, aş qazanları asılır, turaclar, bənzəklər vurulur, mayı balıqlar, qızıl balıqlar, xəşəmlər tutulur, bütün şəhərin fəqir-füqərasına car çəkdirilib xəbər verilir ki, bəs padşah ehsan verir. Bəli, qırx gün, necə ki, o nurani şəxs demişdi, ehsan verib qırx birinci gün əmr eləyir, bütün qoşun atlanır. Özü də öz atına minib düşür qoşunun qabağına. Cahi-cəlalla gəlirlər şəhərin kənarına. Padşah baxır ki, doğrudan da, necə ki, o şəxs demişdi, burada bir daxma var. Atdan düşüb qapını döyür. Bir də görür ki, qapı açıldı, budu bir dənə nazənin sənəm çıxdı. Padşah bunu görcək vaxt eləyir ürəyi gedib yıxıla yerə, olub bihuş. Qız padşahı görcək onu vahimə götürür. İstəyir qayıdıb qaçsın, padşah tutur onun əlindən, alır atının təkinə, əmr eləyir ki, qoşun dönsün geriyə. Qoşun dönür geriyə, gəlib çıxırlar imarətin qabağına. Padşah özü atdan düşür, qızı da düşürüb gətirir öz otağına. Əmr eləyir, molla çağırtdırıb kəbin kəsdirir, nigah oxutdurur, özünə təzədən qırx gün, qırx gecə toy eləyib qızı alır. De bir gün, beş gün, on beş gün, bir ay, iki ay qızın vədəsi keçir. Padşah işi belə görcək onu eyləyir özünə baş hərəm. Bütün vilayətə səs düşür ki, bəs padşahın təzə arvadının uşağı var. İndi sənə kimdən deyim, padşahın əvvəlki baş hərəmindən, yəni vəzirin qızından. Vəzir görür ki, padşahın uşağı olur. Vəzir gözün dikmişdi səltənətə, gözləyirdi ki, padşah ölsün, özü keçsin onun yerinə. Elə padşah öləndən sonra da onun yerinə keçəsi bir adam yox idi. Taxt-tac hökmən qalacaqdı vəzirə. Bu söz ki, çıxmışdı ki, padşahın təzə arvadının uşağı var, vəzirə güllə kimi dəydi. Vəzir gördü yox, taxt-tac əldən gedir. Nə eləsin, necə eləsin, çağırdı bir gün öz qızını, yəni padşahın əvvəlki baş hərəmini, ona dedi:
– Bəs gəl, bir iş eyləyək.
Elə vəzirin qızı da padşahdan acıqlı idi. Onun əlindən baş hərəmliyi alıb vermişdi palanduzun qızına. Vəzirin qızı daha o gündən evdə olmuşdu dustaq. Utandığından nə yasa, nə toya, nə hamama getmirdi. Vəzir qızı öyrədir ki, bəs padşahın xörəyinə zəhər töküb öldürsün. Daha baş ağrısı olmasın, vəzirin qızı çox hiyləgər zənənlərdən idi. Başlayır özünü padşaha şirin göstərməyə, o qədər ki, axırda bir gün padşah gəlir onun otağına. Bir az deyirlər, gülürlər, arvad durub üzüm gətirib qoyur ortalığa. Sən demə üzümün içinə zəhər daxil eləyib. Yazıq padşah nə bilsin nə var, nə yox. Elə bir dənə üzümdən atır ağzına, iki dənə atır, ürəyi gəlir ağzına. İstəyir süfraq eləsin, vəzirin qızı durub ayağa, ləyən gətirmək bəhanəsi ilə çıxıb, orada hazır qoyduğu bir çanaq zəhəri şərbət adına alıb əlinə gətirir ki:
– Tez ol, bu şərbəti iç, yaxşı ol.
Padşah şərbəti alıb çəkir başına. Şərbət lap padşahın dədəsinə od vurur. Gözləri çıxır kəlləsinə. Arvad tez qalxır ayağa, bir ləyən gətirib qoyur padşahın qabağına. Elə padşah ağzını açanda qız əlində saxladığı bir çəngə pambığı ki, içinə zəhr-Süleymanı daxil eləmişdi, təpir padşahın ağzına. Bəli, padşahla arvad olurlar əlbəyaxa, zəhər get-gedə padşahı əldən salır. Arvad minir onun sinəsinin üstünə, başlayır nə ki, gücü var, pambığı dürtməyə onun boğazına.Bunları burada belə qoyaq, sənə kimdən xəbər verim, padşahın baş hə0rəmindən, yəni palanduzun qızından.Qız gözləyir görür ki, padşah gəlmədi. O gündən ki, qız gəlmişdi padşahın evinə, padşah bütün vaxtını onunla keçirirdi. Bir az da gözləyir ki, bəlkə işi-zadı olub, görür ki, yox, gecə yarı oldu, amma padşah gəlmədi. Axırda ürəyi tab gətirməyib durur hərəmxananı gəzməyə. Padşahın düz qırx arvadı var idi. Bir-bir evlərin bərabərinə gəlib pəncərələrin yanında qısılır yerə, boylanıb içərisinə baxır ki, görsün padşah buradadı, ya yox. Bu minval ilə gəlib çıxır vəzirin qızının yataqxanasının bərabərinə. Görür ki, içəridə şam yanır, əksi də düşüb evin divarına. Diqqət eləyib görür ki, evin divarında deyəsən kölgə var, özü də tərpənir. Bunu görcək elə bil ki, qızın ürəyi qırılıb düşür ayağının altına. Tez uzanır yerə. Sürünə-sürünə gəlib pəncərənin bərabərinə, boylanır ki, görsün içəridə nə var, bu nə kölgədi, görür ey dili qafil, arvad padşahı yıxıb yerə, nə ki gücü var əliynən bir şeyi onun boğazına dürtür. Arvad istəyir bir nərə çəkib hamını oyatsın. Amma orasını da deyim ki, qız çox dərrakəli qız idi. Bir də diqqətlə baxır ki, görsün padşah nə haldadı, görür yox, iş-işdən keçib. Padşah bihuş düşüb yerə çapalayır. Baxır ki, bəs ortada üzüm, bir də şərbət var, o saat barmağını dişləyir ki, padşaha zəhər veriblər. Baxır ki, qışqırsa da padşah əldən gedib. Bu da ki, vəzirin qızı, yəqin ki, burada vəzirin barmağı var. Yavaşca, səssiz sürünə-sürünə oradan gəlir öz otağına, bir az qiymətdə ağır, vəzndə yüngül şeylərdən götürür, paltarını dəyişib, yenə də öz cındır libasını geyir, qapıdan çıxıb düzəlir yola. Bir istəyir getsin yenə öz köhnə evlərinə. Birdən yadına düşür ki, ey namərd, ona orda salamat qoymayacaqlar. Başa düşür ki, bütün bu nağıllar hamısı onun qarnındakı tifilin başındadı. Dinməz-söyləməz dəryanın kənarına gəlir. Görür ki, bir yük gəmisi elə handa-handadı ki, düşsün yola. Sövdəgərə bir az pul verib minir onun gəmisinə. Gəmi düşür yola. Gəlib bu cəzirənin kənarında dayanır. Sövdəgər çıxır cəzirədə gəzməyə. Zənən də bir az gəmidə gözləyir, sövdəgər gedib gözdən itəndən sonra, bu da çıxır cəzirəyə. Gəzə-gəzə gəlib çıxır haman bu meşəyə. Bəli, demək bu haman palanduzun qızı, padşahın baş hərəmi idi. Yazıq zənən qarnındakı tifili, qoruyub saxlamaq üçün burada, bu cəzirədə qalırdı ki, bəlkə vəzir onu tapa bilməyə. Əhməd tacir ilə nökər, necə ki, demişdik, onu gətirdilər gəmiyə, düşdülər yola. Zənən haman bu qəza-qədəri, necə ki, mən danışdım, Əhmədə danışdı.
Əhməd dedi:
– Qorxma, nə qədər ki, mən varam, sənin başından bir tük əskik olmaz.
Zənən dedi:
– Ancaq mənim bir şərtim var.
Əhməd dedi:
– Nə şərt?
Zənən dedi:
– Bu tifil dünyaya gəlməmiş, sən gərək məni bir evdə qoyasan ki, ora heç kəs gəlib getməsin.
Əhməd dedi:
– Bəs ay nainsaf, mən bir belə vaxtı necə davam gətirə bilərəm?
Zənən dedi:
– Mənim şərtim şərtdi. Əgər məni istəyirsən belə elə! Və illa ki, özümü də həlak elərəm, bu tifili də.
Əhməd tacir bir fikir eləyib gördü bu zənəndən hər nə desən gözləmək olar. Bu ki, belə cəsarətli, igid zənəndi, hər işi elər. Çar-naçar razı oldu. Birbaş döndülər Əhməd tacirin vilayətinə. Əhməd tacir öz otaqlarından birini ayırıb bu arvadı qoydu bu otağa... Özü də iki gündən, üç gündən bir gəlib hal-əhval soruşurdu. Başladılar bu minval ilə yaşamağa.
Bəli, gün keçdi, ay dolandı, vədə gəldi çatdı o yerə ki, zənən başladı həmlin yerə qoymağa. Mamalar çağırıldı, təbiblər gəldi, qız bir oğlan uşağı doğdu. Oğlanın adını qoydular Əmiraslan. Əmiraslan nə Əmiraslan... Daha bu dılğır əmiraslanlardan deyil idi. Elə doğrudan da Əmiraslan idi, aslanların əmiri idi. Bir oğlan idi ki, gözəllikdə elə bil anasının burnundan düşmüşdü. Özü də elə canlı idi ki, elə bil atasının intiqamını almaqdan ötrü dünyaya gəlmişdi. Elə ki, uşaq oldu, zahı on gününü yatdı, yaxşı olub durdu ayağa, on hamamına getdi, şəbbəxeyrini verdi, öz uşağın qundaqlayıb aldı qucağına, düz on beş gündən sonra, Əhməd saat xoşluyub, bir xoş saatda gəldi onun otağına. Bir az uşağı oynatdı, bir az gələcəkdən söhbət elədi, axırda lap durub gedəndə dedi:
– Əhd minəlvəfa!.. İndi nə deyirsən?
Arvad dedi:
– İndi sözüm yoxdu.
Əhməd tacir istədi böyük bir toy eləsin. Ancaq arvad razılıq vermədi. Elə yüngülcə bir toy eləyib oldular ər-arvad, başladılar güzəran eləməyə. Bəli, gün o gün oldu ki, Əmiraslan böyüyüb oldu on yaşında. Əhməd tacir ona yaxşı müəllim tutub başladı zəmanənin elmlərindən oxutmağa. Əmiraslan bu müəllimdən düz yeddi dil öyrəndi. Elə ki, yeddi dili verdi başa, bir gün Əhməd tacirə bir namə yazdı: ki, “ay ata, mən oxumaq istəmirəm. Mənə rüsxət ver, bir az da ayrı şeylərlə məşğul olum”. Əhməd tacir yenə də bir saat xoşluyub, həmin xoş saatda Əmiraslanı apardı öz dükanına. Əmiraslan necə ki, gəldi girdi bazara, bütün bazaar adamının gözü qaldı onda. Əhməd tacir üzünü tutub Əmiraslana dedi:
– Oğul, indi istə görüm, məndən nə istəyirsən.
Əmiraslan dedi:
– Ata, mən səndən bir dənə at, bir dənə qılınc, bir də bir dəst libas istəyirəm.
Əhməd tacir bunun hamısını hazır elədi. Əmiraslan başladı pəhləvanlıq eləməyə. Gün keçdi, zaman keçdi, Əmiraslan oldu bir böyük Rüstəm-dastan. Daha vilayətdə bir dənə pəhləvan qalmadı ki, onun əlinin qabağına əl qoya. Günlərin bir günündə Əmiraslan atına minib qılıncın, qəməsin götürüb çıxdı geştə. Az getdi, çox getdi, bir meşənin kənarından keçirdi, bir də gördü kolun dibindən bir gözəl ceyran tullanıb başladı qaçmağa. Əmiraslan ayağını üzəngiyə bənd eləyib bir kaman hazırladı, bir ox qoydu kamana, “ya mədəd” deyib atdı. Ceyran tərkin vurdu yerə, elə sıçradı ki, ox onun qıçlarının arasından keçib sancıldı torpağa. Ceyran meşəyə girib gözdən qeyb oldu. Bu hadisə Əmiraslana çox əsər elədi ki:
– Ey dadi-bidad, mən belə igid bir oğlan olum, quşu göydə uça-uça vurum salım yerə, indi bir dənə aciz heyvan mənim əlimdən qaçsın? Mən bu dərdi gora apara bilmərəm. Gərək iki dünya bir də olsa onu tutam.
Bunu deyib atın yüyənini boşladı. At onu götürdü... Nə qədər getdi bilmirəm, bir vaxt gördü ki, qaranlıq qovuşur. İşi belə görüb baxdı ki, əgər qayıtsa, gəlib çata bilməyəcək, atı sürdü ki, görsün bəlkə bir yer tapıb orada düşərgə eləsin. Belə-belə dayı lap qaranlıq qovuşanacan qaldı səhrada. Axırda atdan düşdü, atın ayaqların buxovlayıb ötürdü otlamağa, özü də başını qoyub daşın üstünə, gözlərini də yumub getdi yuxuya. Nə qədər yatdı bilmirəm, bir də gördü ki, at kişnəyir. Gözünü açıb gördü ki, səhərdi, gün çıxıb düşüb onun üstünə. At da durub başının üstündə kişnəyir. Durdu ayağa, atın ayaqlarını açıb qalxdı onun üstünə, baxdı bir az aralı bir təpə var, fikirləşdi ki, yaxşısı budu çıxım bu təpədən baxım görüm buralar haradı, yol hardadı. Bu fikirlə ata bir məhmiz vurub üz qoydu təpəyə. Çıxdı təpənin başından baxdı ki, bura düzəngah bir yerdi. Düzəngahın düz ortasından bir bulaq axır, bulağın da başında bir uca çinar ağacı var. Bir yüzəcən adam hamısı əli qılınclı, qalxanlı doluşub bu ağacın ətrafına. Diqqət eləyib gördü ki, ağacın üstündə bir adam var. Yazıq bu adamların qorxusundan ağaca çıxıb. Onlar ağaca çıxdıqca, o da qalxır ağacın başına, elə handa-handadı ki, tutub salsınlar yerə. Bu iş Əmiraslana çox ağır gəldi ki, niyə bu qədər adam düşüblər bir adamın üstünə. Qılıncı çəkib aldı əlinə, ata bir məhmiz vurub, bir nərə çəkdi, yer-göy titrədi. Atı birbaş sürdü bu adamların üstünə. Camaat hən-hün eləyib özünə gəlincən, Əmiraslan kəsdi onların başının üstünü. Əl-qılınca ikinci bir nərə də çəkib özünü vurdu onlara. De bunu burda, onu orda, camaat gördü ki, yox, bu bədheybət biridi ki, bu saat hamısını xəzəl kimi qırıb tökəcək yerə, atına minən üz qoydu qaçmağa. Bəli, Əmiraslan qırdığını qırdı, qırmadığını qaçırtdı, qayıtdı ağacın dibinə, baxdı ki, bu bir fağır libas adamdı. Bu adam ağacdan düşüb yıxıldı Əmiraslanın ayaqlarına ki:
– Bu namərdlər mənim başımda gələnlərin hamısını qırdılar.
Özümü də, sən əgər gəlməsəydin, elə dəmhadəm idi ki, öldürsünlər.
Əmiraslan soruşdu:
– Bəs sən kimsən?
O adam dedi:
– Sonra bilərsən. Sənin adın nədi, mənə de!
Əmiraslan öz adını ona dedi, fikirləşdi ki, bu da yəqin məşhur bir adamdı, indi utanır adını deməyə. Düşmən atlarından birini tutub gətirdi onun yanına. Kömək elədi, onu mindirib ata, yola saldı, özü də atını dəhmərrəyib düşdü yola. Bu getməkdə olsun, sənə kimdən deyim o ağacdakı kişidən. Haman şəxs ki, Əmiraslan onu xilas elədi, o da adını Əmiraslana deməyib yola düşdü. Əmiraslan elə bildi ki, bu yəqin utanıb adını demir, amma elə deyildi. O adam Əmiraslandan şübhələnmişdi. Ona görə də öz adını ona demədi. Əgər istəsəniz ki, biləsiniz o kimdi, sizə deyim ki, o, Əmiraslanın atasını öldürtdürüb yerinə keçən vəzir idi, yəni padşaha zəhər verib onu öldürmüş hərəmin atası idi. Elə ki, vəzir gəlib gördü qızı padşahı öldürüb, o saat əmr verdi padşahın arvadını tutsunlar, yəni palanduzun qızını. Adamlar gedib, gəlib dedilər ki, bəs arvad orda yoxdu. Vəzir özü qalxıb ayağa, başladı arvadı axtarmağa. Hər yeri əldən-dildən saldılar. Arvad oldu bir parça əppək, uçdu göyə. Vəzir əmr verdi, car çəkdi, bütün vilayəti axtardı, arvad tapılmadı. Vəzir keçdi padşahın yerinə, çıxdı taxta, oldu padşah. Amma elə ürəyi tıp-tıp döyünürdü ki, bu arvadı mən niyə əldən qaçırtdım. O uşaq anadan olacaq, mənim başıma bəla açacaq. Bir gün padşah çox darıxdı. Əmr elədi ki, əlli nəfər adam atlansın şikarə çıxmağa. Bəli, əlli nəfər atlandı. Padşah da öz atına süvar oldu, düşdülər yola. Gəldilər bir bulağın başına, haman bulaq ki, orda çinar ağacı var idi. Burda atlardan düşüb, buraxdılar otlamağa, oturdular ki, bir az istirahətlik eləyib yenə yol eləsinlər. Sən demə burda dağın dalında məşhur quldurlar varmış. Bunlar burda adam görüb elə bildilər ki, bəs karvandı düşüb. Atlara doluşub əl qılınca həmlə elədilər. Bunlar piyada, onlar atlı, yarım saatın içində bunları elədilər yernən yeksan. Padşah işi belə görəndə qaçıb çıxdı çinar ağacına ki, bəlkə gizlənib qala. Onlardan biri padşahı görüb dırmaşdı onu yerə salmağa ki, öldürələr. Bu heyndə də Əmiraslan təpənin üstündə zahir olub onu xilas elədi. Padşah bir diqqət elədi Əmiraslana, gördü bu palanduzun qızına çox oxşayır. Padşah gedib birinci qapını döyəndə ki, qız gəlmişdi qapını açmağa, onda vəzir onu görmüşdü. Bir diqqət eləyib gördü bir suyu da padşaha oxşayır. Yəqin elədi ki, bu odu ki, var. O idi ki, özünü ona məlum eləməyib, çıxıb getdi. Vəzir çıxdı taxtına, əmr elədi vilayətdə nə qədər küpəgirən qarı var, hamısını yığdı. Dedi:
– O kimdi ki, gedib filan vilayətdə bu nəmdə, bu nişanda bir oğlan var, adına Əmiraslan deyirlər, onun əksin vurub gətirə mənə.
Küpəgirən qarılardan biri ki, üst dodağı göy süpürürdü, alt dodağı yer süpürürdü, xəbis vələdəzna bir arvad idi ki, quş quşluğu ilə onun əlindən qurtara bilməzdi, irəli gəlib zəmin-ədəb öpüb dedi:
– Qibleyi-aləm, mən gedib gətirərəm.
Padşah əmr verdi, qarı küpün minib çıxdı göyə. Necə tilsim qurdu, necə əfsun oxudu bilmirəm, çünki onların işlərini bircə həzrət Süleyman bilər, ikinci gün padşah əyləşmişdi taxtda, batmışdı qəm dəryasına. Birdən qarı girdi içəri. Padşah soruşdu:
– Qarı, necə oldu, de görüm gətirdin, ya yox? Gətirməmisənsə cəlladı çağırım.
Qarı gülə-gülə dedi:
– Qibleyi-aləm, necə ki, yanı gətirməmişəm? Buyur!
Bunu deyib qarı Əmiraslanın şəklini qoydu padşahın dizinin üstünə. Vəzir çağırdı öz əyanlarını, vəzirin, vəkilin hamısı baxıb təsdiq elədilər ki, bəs doğrudan da padşahın oğludu ki, var.
Padşah əmr verib yığdı öz pəhləvanlarını, üzün tutub onlara dedi:
– O kimdi ki, atasının oğlu olub, getsin bu oğlanın qollarını bağlayıb gətirsin mənim hüzuruma.
Pəhləvanlardan üçü zəmin-ədəb öpüb dedilər:
– Padşah sağ olsun, biz.
Padşah şəkli onlara göstərib öz məclisindən mürəxxəs elədi. Pəhləvanlar tədarük görüb düşdülər yola. Bunlar getməkdə olsunlar, sənə xəbər verim Əhməd tacirin vilayətindəki padşahdan. Günlərin bir günündə Əhməd tacirin olduğu vilayətin padşahı böyük bir qonaqlıq düzəldib, Əmiraslanı da, Əhməd taciri də buraya dəvət elədi. Məclis a#399;miraslan oxuyub gördü onların padşahı yazıb bu padşaha ki, “sənə bu namə çatan kimi durmayıb, Əmiraslanın qollarını bağlayıb verərsən bu adamlara gətirsinlər. Əgər verməsən, qoşun çəkib, ləşkər götürüb, gəlirəm sənin canın üçün. Vilayətində daşı-daş üstündə qoymayacağam”. Əmiraslan naməni oxuyub məzmunundan xəbərdar olub, qaldı məəttəl ki, görəsən bu padşah necə olan adamdı, onu neynir? Hamı gözünü dikmişdi ona. Padşah dedi:
– Bala, nə namədi?
Əmiraslan bir istədi deməsin. Sonra fikirləşdi ki, yox, qoy de3399;miraslan oxuyub gördü onların padşahı yazıb bu padşaha ki, “sənə bu namə çatan kimi durmayıb, Əmiraslanın qollarını bağlayıb verərsən bu adamlara gətirsinlər. Əgər verməsən, qoşun çəkib, ləşkər götürüb, gəlirəm sənin canın üçün. Vilayətində daşı-daş üstündə qoymayacağam”. Əmiraslan naməni oxuyub məzmunundan xəbərdar olub, qaldı məəttəl ki, görəsən bu padşah necə olan adamdı, onu neynir? Hamı gözünü dikmişdi ona. Padşah dedi:
– Bala, nə namədi?
Əmiraslan bir istədi deməsin. Sonra fikirləşdi ki, yox, qoy deyim, görüm padşah nə deyəcək. Dedi:
– Qibleyi-aləm sağ olsun, bəs filan vilayətin padşahı yazıb, səndən Əmiraslanı qolu bağlı istəyir. Nə deyirsən?
Padşah dedi:
– Onlara de ki, bizdə onlara veriləsi adam yoxdu.
Amma padşahın rəngi, urufu qaçmışdı. Görürdü ki, qabağında üç dənə əjdaha durub ki, elə hap eləsələr hamını udarlar. Əmiraslan üzünü onlara tutub dedi:
– Padşah deyir ki, biz Əmiraslanı tutub qollarını bağlaya bilmərik.
Əgər bacarırlarsa özləri tutsunlar.
O adamlar dedilər:
– Onu bizə göstərin, biz tutaq.
Əmiraslan onlara dedi:
– Haman Əmiraslan ki, siz axtarırsınız o mənəm. Buyurun bu meydan, bu da şeytan.
Pəhləvanların biri dedi:
– Dur, çıx bu tərəfə!
Əmiraslan dedi:
– Yaxın gəl görüm nə deyirsən? Qulaqlarım yaxşı eşitmir.
O pəhləvan yaxına gələndə Əmiraslan əlini atıb yapışdı onun qulağından, bir mədəd çağırıb qaldırdı göyə belə ki, hərrədi o birisinin başına part dəyib, ikisi də yıxılıb cəhənnəmə vasil oldular. Üçüncü pəhləvan işi belə görəndə istədi əkilə. Əmiraslan yerindən qalxıb onu qulaqladı. Çəkib qulağını dibindən qopardıb qoydu ovcuna, dedi:
– Padşaha de ki, özüm gələrəm onun qulluğuna.
Bunu deyib, durub gəldi evə, anasına dedi:
– Ana, de görüm padşah məni nəyə çağırır?
Anası çox dedi, Əmiraslan az eşitdi, dedi:
– Olmaz, gərək deyəsən ki, deyəsən.
Axır anası gördü ki, yox, əl çəkmir, açıb əhvalatı necə ki, var idi, oğluna danışdı. Əmiraslan da ordan durub gəldi Əhməd tacirin yanına. Onun əlindən öpüb izin istədi ki: “sən mənə izin ver, gedim öz atamın intiqamını almağa”.
Əhməd tacir nə qədər elədisə, olmadı. Padşaha nə qədər elədisə ki:
– Qoy qoşun-ləşgər hazırlayaq, gedək.
Dedi:
– Yox, mən tək gedəcəyəm.
Qərəz, hamı ilə görüşüb vidalaşıb qalxdı öz atının üstünə, durma gəldim, üz qoydu Bağdad vilayətinə. Əmiraslan getməkdə olsun, sənə kimdən xəbər verim, padşahın vəzirinin qızından. Padşahın, yəni Əmiraslanın atasının vəzirinin bir gözəl qızı var idi. Bu qız o padşahın hərəmi olan qız deyil idi, o çoxdan cəhənnəmə vasil olmuşdu. Bu, padşahın lap xırdaca qızı idi. Xırda qızlar həmişə mazarat olurlar. Bu lap mazaratların mazaratı idi. Haman qız bir gün özünü verdi atasının otağına. Girib, axtarıb Əmiraslanın şəklini tapdı. Min ürəkdən bir ürəyə aşiq-məşuq oldu Əmiraslana. Sabahısı bütün cadugərləri yığıb, özünü bir əjdahanın, bir də göy muncuğun üstündə tilsimbənd elədi Əmiraslana. Əjdahanı bir balaca qalaça qayırtdırıb, saldırdı ora, göy muncuğu da asdı boynundan, oturdu Əmiraslanın yolunu gözləməyə. Bəli, Əmiraslan günə bir mənzil, təyyi-mənazil, az getdi çox dayandı, çox getdi az dayandı, gəlib çıxdı Bağdad şəhərinə. Gecəydi, atdan düşdü, atının yüyənini doladı başına, bir namə yazıb keçirtdi atın yəhərinə ki: “Mehriban ana, mən sağ-salamat gəlib çatdım”. Ata bir sillə çəkdi. At bir şıllaq vurub qalxdı iki dal ayaqlarının üstünə, üzünü döndərib birbaş götürüldü Əmiraslanın anasının olduğu şəhərə. Əmiraslan yaxınlaşdı şəhərə. Gəlib şəhərin qapısına çatanda gördü ki, bunun şəklini vurublar bütün darvazalara. Buna fikir verməyib girdi şəhərə. Darvazada darğa bunu tutdu ki:
– Kimsən?
Əmiraslan dedi:
– Yol adamıyam.
Darğa bir diqqətlə ona baxıb dedi:
– Sən Əmiraslansan. Mən səni heç yerə qoymaram gedəsən. Bu saat səni ilim-ilim axtarırlar. Padşah sənin qanına yerikləyir.
Əmiraslan dedi:
– Əşi, cəhənnəm ol o yana görüm, Əmiraslan kimdi?
Darğa dedi:
– Əzizim, Əmiraslan, mən sənin atanın köhnə adamlarındanam.
Mən onun çörəyini yeyib, duzunu dadmışam. Bu şəhərdə məndən savayı sənin atanı istəyən adam qalmayıb. Mən bilirəm sən buraya nəyə gəlmisən. Gəl mənim sözümə bax, gedək bizə! Mən sənə kömək elərəm. Əmiraslan bir az fikrə gedib gördü ki, darğa yaxşı söz deyir. Razılaşıb getdi onlara. Darğa tez ayağını qoydu bazara, ona bir dəst köhnə paltar alıb, gətirib dedi:
– Al bu paltarı gey, yoxsa bu paltarla bazara çıxsan, səni tanıyarlar.
Aparıb onu bir qəhvəçi dükanına şagird qoydu. Əmiraslan başladı burada şagirdlik eləməyə ki, görsün nə vaxt ələ fürsət düşəcək ki, padşahın işin bir təhər eləsin. Bunlar qalsın burda dəmdə, sənə deyim padşahın qızından. Padşahın qızı bilirdi ki, Əmiraslan gələcək bura. Odu ki, kənizlərinə demişdi ki, şəhərdə haçan bir təzə, gözəl oğlan görsələr, gəlib ona xəbər versinlər.
Günlərin bir günündə kənizlərdən biri əli yandımda gəldi ki:
– Xanım, nə oturmusan? Vallah, hamam başındakı qəhvəxanada bir oğlan var, bir oğlan var ki, heç Əmiraslan onun əlinə su tökməyə dəyməz.
Qız o qədər dedi ki, xanımın da ağzının suyu başladı damcı-damcı axmağa. Durdu ayağa, xəbər elədi ki, bəs mən gedirəm hamama. Özü də yanıcan heç kəsi götürmədi. Bircə elə o kənizi götürüb düzəldi yola. Gəldi qəhvəxanaya yetişəndə bir az yavaşdadı ki, görsün bu necə adamdı. Bir də baxdı nə, Əmiraslan özüdü ki, var. Kənizinin başına iki əlli bir qapaz salıb dedi:
– Ay başın batsın, elə bu Əmiraslandı da.
Bəli, getdilər hamama. Yazıq heç bilmədi necə yuyunsun. Suyu bir təhər yaşma-quru eləyib, durub gəldi evə. Özünü vurdu naxoşluğa, kənizə dedi ki:
– Get, deyinən bir az qəhvə gətirsinlər içim.
Özü də kənizi qabaqcadan öyrətmişdi. Kənizi birbaş daban aldı qəhvəxanaya. Əmiraslan şirin qəhvə paylayırdı, bir də gördü ki, bir qız dükanın qabağında onu çağırır. Gəldi gördü bir kənizdi. Kəniz ona pul verib dedi ki:
– Bəs padşahın qızı üçün bir çaydan qəhvə gətir. Özü də günçıxan tərəfdəki qırxpilləli qapıdan gəl!
Bunu deyib getdi. Əmiraslan bir az götür-qoy elədi ki, gedim, getməyim, axırda qət elədi ki, getsin. Bir çaydan qəhvə alıb əlinə, düzəldi yola. Necə ki, qız ona demişdi, Əmiraslan gəlib o qapıdan daxil oldu padşahın bargahının hərəmxana tərəfinə. Girdi qızın yanına. Qız Əmiraslana necə bənd olmuşdusa Əmiraslan da qıza eləcə bəndə oldu. Hər iki aşiq-məşuq oldular qol-boyun. Əmiraslan oradan səhərə yaxın çıxıb gəldi evə. Darğa tutdu onun yaxasından, dedi:
– De görüm, indiyə kimin haradaydın?
Əmiraslan açıb əhvalatı darğaya danışdı. Bəli, bundan sonra Əmiraslan hər gün qaranlıq qovuşanda necə ki, qız ona öyrətmişdi, gedirdi qızın yanına hər dəfə də gələndə darğa üçün oradan əlinə keçəndən bir şey gətirirdi. Bunlar burda öz işlərində olsunlar, sənə kimdən xəbər verim, vəzirdən. Padşahın Qəmər vəzir adında bir vəziri var idi. Bir könüldən min könülə aşiq idi padşahın qızına. Ancaq nə qədər eləyirdisə, qız ona getmək istəmirdi. Axır Qəmər vəzir fikrini qoydu hiylə yoluna. Çağırdı bir yaxşı cadugər ki, cadu ilə bəlkə qızı özünə ram eləyə. Cadugər ona dedi ki:
– Bəs padşahın qızına cadu, tilsim kar salmaz.
Qəmər vəzir soruşdu:
– Niyə?
Dedi:
– Bə qız özün tilsimbənd eləyib Əmiraslana, özü də bir muncuqla bir əjdahaya. Ta o muncuq onun boğazından qırılmayınca, o əjdaha da öldürülməyincə, o tilsim sınmaz.
Qəmər vəzir soruşdu:
– Bəs əjdahanı necə öldürmək olar?
Dedi:
– O əjdahanı gərək üç oxnan gözündən vurasan. Vurdun vurmusan, vurmasan daş olacaqsan.
Qəmər vəzir cadugəri azad eləyib gəldi bargaha... Bir təhər eləyib özünü saldı padşahın hərəmxana tərəfinə. Qızın kənizlərindən birini çağırdı ki, onun vasitəsilə bəlkə bir iş görə bilsin. Sən demə bu kəniz haman Əmiraslanın bura gəlib-getdiyini bilən kəniz imiş. Kəniz əvvəl demək istəmədi. Elə ki, qızılı gördü, imanı oldu şeytanın. Açıb əhvalatı, necə ki, var, danışdı, Qəmər vəzirə dedi:
– Bəs Əmiraslan buradadı. Özü də ki, filan qəhvəxanada olur.
Qəmər vəzir ona bir az pul verib gəldi öz evinə, qərq oldu fikrə ki, nə əncam eləsin? Əgər Əmiraslanı öldürsün, onda tilsim də elə qalacaq. Əgər tilsimi sındırsa, Əmiraslan qızı əlindən alacaq... Çox fikirdən sonra dedi ki, gərək ikisini də eləyəm. Həm Əmiraslan gərək ölə, həm də tilsim sına. Bunu deyib, durub gəldi haman qəhvəxanaya ki, kəniz ona demişdi. Gəlib girdi qəhvəxanaya, baxdı ki, Əmiraslan, necə ki, kəniz deyib, ondan da min artıqdı. Gəlib əyləşdi, bir dənə qəhvə, bir də bir qəlyan istədi. Qəlyanı Əmiraslan götürüb onun qabağına qoydu. Bir az o yandan, bu yandan danışıb, durub getdi. Daha heç bir şey ona demədi. Bundan sonra Qəmər vəzir daha şuğlun saldı bura. Gündə gəlib, burada bir qəhvə içib, bir qəlyan çəkib, bir az Əmiraslanla söhbət edib gedirdi. Əmiraslan onu dərviş bilirdi. Çünki o həmişə bura gələndə təğyir-libas eləyib gəlirdi. Bəli, bunu burada qoyaq, sənə kimdən xəbər verim, padşahdan. Padşah gördü ki, gedən pəhləvanların ikisi cəhənnəmə vasil oldu, biri də qulaqsız gəldi. Başladı dava tədarükü görməyə. Davadan qabaq dedi: yaxşısı budu qızımın toyunu eləyim, sonra dava etmək binasını qoyum. Bu fikirlə tədarük görüb toya başladı. Qızı kimə verirdilər, kimə verirdilər, öz əmisinin bir dənə oğlu var idi, ona. Burada toydu,m dəsgahdı, qiyamətdi, amma elə Əmiraslanla qız öz keyflərində, öz damaqlarında idilər. Qəmər vəzir də bilirdi ki, qız tilsimbənddi. Qızı əmisi oğlu ala bilməyəcək. Odu ki, arxayın gözləyirdi ki, görsün bunun axırı nə olacaq. Yeddi gün, yeddi gecə toy çaldırıb, axırda oğlanı gətirib ötürdülər qızın otağına. Əmiraslan da ki, yenə qızın yanında idi, haman alt dodağı yer süpürən, üst dodağı göy süpürən küpəgirən qarı ki, var idi, o da oldu qızın yengəsi. Qız işi belə görəndə Əmiraslanı o biri otaqda gizlədi.
Elə ki, oğlan gəldi, qız qarını mürəxxəs eləyib dedi:
– Sən get!
Qarı da getdi. Qız başladı oğlana ki:
– Əmi oğlu, sən gəl xoşluqnan məndən əl çək! Məndən sənə zənən olmayacaq. Get özünə zənən tap al! Amma elə et ki, atam işi duymasın.
Oğlan yapışdı qızın yaxasından ki:
– Elə zarafat yoxdu. Halalca arvadımsan. Mənim sənin eşqindən gözümə yuxu getməyib, səni gözləmişəm. Olmaz ki, olmaz.
Qız çox dedi, oğlan az eşitdi, oğlan çox dedi, qız az eşitdi, oğlan qızdan əl çəkmədi ki, çəkmədi. Ancaq Əmiraslan qızın tilsimbənd olmağından xəbərdar deyil idi. Gördü yox, qız əldən gedir. Özünü saxlaya bilmədi, qılıncı çəkib elə birdən atıldı oğlanın üstünə, yapışdı onun kəkilindən, başını bədənindən ayırıb saldı yerə.
Qız dedi:
– Əmiraslan, sən nə qayırdın?
Tay hara çatacaq... Əmiraslan oğlanın ölüsünü aldı qucağına, aparıb həyətdə bir quyu var idi, saldı o quyuya. Səhər padşah ha gözlədi ki, indi qardaşı oğlu gələcək, oğlan gəlmədi. Axırda bir adam göndərdi onun dalınca ki, çağırsınlar padşahın hüzuruna. Adam gedib gördü ki, qız tək-tənha əyləşib. Oğlanı soruşdu.
Qız dedi:
– Bilmirəm. Gecə hamı gedəndən sonra o da getdi ki, indi gələrəm,
daha qayıtmadı. Mən də onu gözləyirəm.
Qasidbaşı qayıtdı ki:
– Bəs padşah sağ olsun, hal-hekayət belə... Oğlan elə gecə gedəndi, hələ də gəlib çıxmayıb.
Padşah inanmayıb, durub özü gəldi. Gördü bəli, necə ki, deyiblər elədi. De atlılar saldılar bazara, car çəkdirdi ki, bəs padşahın damadı itib. Hər yeri axtardılar, əldən saldılar, oğlan tapılmadı ki, tapılmadı. Qəmər vəzir o saat barmağını dişlədi. Bildi ki, bu Əmiraslanın işidi. Ancaq heç-zad padşaha demədi. Padşah axırda mat-məəttəl qalıb çağırdı həmin o qarını, dedi:
– Sən gərək bu barədə mənə bir xəbər verəsən. Yoxsa başını bədənindən ayırtdıracağam.
Qarı zəmin-ədəb öpüb bir gecə möhlət istədi. Gecə yenə Əmiraslan öz vaxtında gəldi qızın yanına. Bu tərəfdən də qarı küpü minib qalxdı göyə. Dedi bu hiylə hər nədi qızdandı. Birbaş gəldi qızın pəncərəsinin yanına. Baxdı ki, bəli, necə ki, o fikirləşirdi, elə eləcəydi ki, var. Haman oğlan qızın yanındadı. Birbaş oradan gəldi padşahın barigahına ki:
– Taxtın tarac olsun, yəhərin qanla dolsun, nə oturubsan? Bəs halhekayət belə... Qızın bu saatın bu saatında Əmiraslanla bir yerdədi.
Padşah tez vəzir, vəkili çağırdı. De başladılar məsləhət, məşvərətə. Axırda dedilər, bir dəstə qoşun qoyaq qapının qabağında, Əmiraslan oradan çıxanda öldürsünlər. Qəmər vəzir də ki, burada idi. Bunu eşidib, durub gəldi evinə, eyvanda səhərəcən oturub gözlədi. Səhərə yaxın qız oyandı. Gördü Əmiraslan yuxulayıb, amma səhər də açılır. Onu oyatdı ki:
– Bəs əzizim, dur, ayrılmağın vaxtıdı.
Əmiraslan durdu geyindi, başını pəncərədən çıxartdı bayıra, gördü nə, qoşun hazır durub, onu gözləyir. Əmiraslan qıza heç bir söz demədi ki, qorxar, evdən çıxdı. Onun xasiyyəti idi, həmişə qızın yanına gələndə altdan yaraq bağlayıb, üstdən köhnədən-möhnədən geyinərdi. Pilləkənlərin üstündə qılıncını çəkib aldı əlinə, çıxdı divarın üstünə. Bir “mədəd” deyib özünü atdı qoşunun içinə. Dalını verdi divara, başladı bunları qara milçək kimi qırıb tökməyə. Qəmər vəzir, necə ki, demişdik, oturmuşdu eyvanda. Elə ki, Əmiraslanın nərəsini eşitdi, bildi ki, bəli, dava qızışıb, tez durdu ayağa, üzünü bağladı, pəhləvanqayda yaraq-paltarını geyindi, əlinə bir qılınc aldı, özü süvar oldu bir ata, bir atı da yəhərləyib aldı yedəyinə, özünü vurdu qoşunun dal tərəfinə. Gördü qoşun tay Əmiraslanı haldan salıb, handa-handadı ki, onu lap karıxdırıb işin bitirsinlər. Bir nərə çəkdi ki:
– Qorxma, gəlirəm Əmiraslan, möhkəm dur!..
Özünü vurdu qoşuna. Əmiraslanın elə bil ki, qollarına qüvvət gəldi. Qəmər vəzir qabağına keçəni qıra-qıra özünü çatdırdı ona. Yedəyindəki atı verdi ona. Əmiraslan süvar oldu ata. Qəmər vəzir dedi:
– Aradan çıxmaq lazımdır.
Bir az da vuruşub aradan çıxdılar. Özlərini yetirdilər Qəmər vəzirin imarətinə. Qəmər vəzir onu atdan düşürüb, özü də atdan düşüb girdilər evə. Qəmər vəzir açdı üzünü. Əmiraslan gördü ki, ey dad bu həmin dərvişdi.
Qəmər vəzir açdı ona dedi ki:
– Bəs mən səni çoxdan tanımışam ki, sən Əmiraslansan. Mən sənin atanın köhnə vəziriyəm. Onunla duz-çörək yemişəm. Odu ki, sənə yaxşılıq elədim. İndi sən gərək qalasan mənim evimdə. Yoxsa səni taparlar.
Səhər Qəmər vəzir onu evdə qoyub özü getdi barigaha. Getdi nə gördü? Padşah geyib qəzəb libasın, oturub taxtda. Bütün əyan, vəzirvəkil dövrə vurub, hərə öz yerində sakit durub, hamı tir-tir əsir. Bəli, Qəmər vəzir də gəlib padşahın əlindən öpüb, keçib öz yerində sakit oldu. Padşah əmr elədi, sərkərdəni gətirdilər. Padşah üzünü ona tutub dedi:
– De görüm, onu niyə öldürmədiniz, qoydunuz qaçdı?
Sərkərdə zəmin-ədəb öpüb dedi:
– Qibleyi-aləm sağ olsun, elə az qalmışdı ki, anasını oturdaq vayına, ancaq bilmirəm haradan bir üzü niqablı şəxs gəlib, onu götürüb aradan çıxartdı.
Qəmər vəzir izin alıb dedi:
– Bəli, qibleyi-aləm sağ olsun, bunlarda taqsır yoxdu. Mən də gördüm. Bir göy niqablı nurani şəxs gəlib onu apardı. Mən istədim özümü atam onun üstünə, o nurani şəxs bir dəfə dönüb mənə elə baxdı ki, mən bihuş olub yıxıldım. Daha sonrasını bilmirəm.
Vəzir, vəkillər təsdiq elədilər ki, hamısı onu görüblər, göy niqablı bir şəxs idi, özünün də üzündən nur yağırdı. Hətta vəzirlərdən biri ki, evi lap şəhərin kənarında idi, gecə heç dava, qılınc səsi eşitməmişdi, dedi ki:
– Mən də gördüm. Özü də gələndə gündoğan tərəfdən gəlib, gedəndə günbatan tərəfə getdi. Mən belə güman eləyirəm ki, o, qurban olduğum Xizr peyğəmbər idi.
Padşah üzünü tutub sərkərdəyə dedi:
– Bəs heç oğlanı görə bilmədiniz ki, necə oğlandı? Bəlkə tanıyasınız.
Sərkərdə dedi:
– Gördüm, qibleyi-aləm! O oğlan bazar başındakı qəhvəçi dükanında qəhvə satır. Adı da Həsəndi. Padşah əmr verdi ki, bu saat qəhvəçini bura gətirsinlər.
Qəmər vəzir gördü iş xarabdı, durdu ayağa, dedi:
–Qibleyi-aləm sağ olsun, gecə qaranlıqda onu yaxşı seçməyiblər. Həmin oğlan ki, deyirlər, bir yazığın biridi. Özü də mənim nökərimdi. Bu saat da mənim evimdə yatıb. İnanmırsınız gedib baxsınlar.
Padşah elə haman sərkərdənin özünü göndərdi. Sərkərdə gedib, gəlib dedi ki:
– Bəli, haman oğlan Qəmər vəzirin evində yatıb.
Padşah əmr verdi, qızın pilləkənlərini söküb, yerinə uca bir hasar çəkdilər. Qəmər vəzir gəldi evə. Əmiraslanı oyadıb əhvalatı ona dedi. Sonra da dedi ki:
– Qorxma, mən sənin üçün yol taparam, sən bir az gözlə.
Əmiraslan yenə başladı qəhvədə işləməyə. Qəmər vəzir tez kənkanlar hazır eləyib öz evinin altından qızın evinin altına bir lağım atdırdı. Lağım qurtaran gün Əmiraslana xəbər verdi. Gəldilər ikisi də düşüb lağıma, ta oracan getdilər. Qəmər vəzir qayıtdı geriyə. Əmiraslan elə birdən daşı qaldırıb çıxdı qızın otağına. Bah ta görüş nə görüş...
Səhərə yaxın Əmiraslan durdu ayağa ki, gəlsin, gözü sataşdı padşahın heykəlinə. Baxdı ki, bir qızıl heykəldi, qızın pəncərəsinin içində. Əlini uzadıb padşahın burnunu, bir də qulaqlarını qoparıb qoydu cibinə, gətirib verdi darğaya. Günlərin bir günündə Əmiraslan yenə gəldi vəzirin otağına ki, getsin qızın yanına. Qəmər vəzir ona dedi:
– Əmiraslan, mən ki, sənə bu qədər yaxşılıq elədim, gərək sən də mənə bir yaxşılıq eləyəsən.
Əmiraslan dedi:
– Ay Qəmər vəzir, əgər sən mənim başımı da kəsmək istəsən mən səndən əsirgəmərəm, de!
Qəmər vəzir hiylə niqabın üzünə çəkib dedi:
– Sən görürsən ki, mənim yaşım keçir. Amma mən hələ indiyə kimi evlənməmişəm. Bunun bir səbəbi var. O da sənin əlindədi.
Əmiraslan dedi:
– De, Qəmər vəzir! Hər nə olsa mən elərəm. Qız hankı divlərin əlində olsa, mən gedib, qurtarıb gətirəcəyəm sənə.
– Yox, mənim bir sevgilim var, o məndən bir göy muncuq istəyib, göy muncuq da bu vilayətdə tapılan deyil. Məgərin ki, ondan bir dənə var padşahın qızının boynunda. Sən gərək onu bir təhər eləyib gətirəsən mənə. Ancaq gərək onu sən ondan oğurlayasan. Onun özünə desən verməz. Çünki onun o qızla arası yoxdu.
Əmiraslan dedi:
– Elə bu? Muncuğa nə var ki? Əgər burada yoxdusa, bizim vilayət dolu göy muncuqla. Mən bu gecə onu gətirərəm sənə.
Bəli, Əmiraslan gəldi qızın yanına. Baxdı ki, Qəmər vəzir deyən muncuq qızın boynundadı. Heç bir söz demədi. Gözlədi, qız yuxuya getdi, əlini atdı, muncuğu qızın boğazından qırıb üz qoydu getməyə ki, qoy qaçım qız bilməsin, sabah gəlib özüm deyərəm. Gətirib muncuğu yetirdi Qəmər vəzirə. Qəmər vəzir alıb muncuğu, gözlədi, o gedəndə sonra bağlayıb bir cındıra, atının nalıyla ayağının arasında gizlədi. Səhər şəhərə səs düşdü ki, bəs padşahın qızının başını gecə kəsiblər. Qan gedir, amma ki, özü diridi, nəfəsi gedir, gəlir. Padşah yığdı bütün tilsim cadugərləri. Dedilər ki:
– Bəs padşah sağ olsun, sənin qızın Əmiraslana tilsimbənd idi. O da bir muncuğun üstündə. İndi də muncuğu kim isə qızın boynundan üzüb götürüb, bu ona görədi.
Bu tərəfdən də Əmiraslan eşitdi ki, bəs padşahın qızının başı üzülüb. Gəldi Qəmər vəzirin yanına ki:
– Bəs bu nə hekayətdi? Qəmər vəzir, mənə bir tədbir!
Qəmər vəzir dedi:
– Bu saat.
Durub ayağa, bir küpəgirən qarı tapdı, onun dərsini verdi ki, Əmiraslana nə desin, sonra gətirdi hüzura. Qarı Əmiraslana dedi ki:
– Bəs qızın qalaçasında bir əjdaha var, gərək o ölə. O ölsə qız sağalar, ölməsə yox.
Əmiraslan ox-yayı götürüb gəldi qalaçaya. Qəmər vəzir qəsdən belə deyirdi ki, Əmiraslan əjdahanı vura bilməyib daş olsun. Özü aparıb muncuğu verib, qızı sağaldıb alsın.
Əmiraslan girdi bağa. Gördü bir fısıltı gəlir. Belə baxanda gördü bir əjdahadı yatıb. Əmiraslanın başında tükləri biz-biz durdu. Əjdaha nəfəsini çölə verəndə nə qədər ki, daş-kəsək var hamısını bir-bir çırpırdı Əmiraslanın üzünə. Nəfəsini içəri çəkəndə Əmiraslanı başlayırdı çəkməyə. Əmiraslan ha özünə güc verdi, gördü yox, işlər xarabdı, elə bu gedir. Özünü verdi bir ağacın dalına. Gördü yox, olmadı, elə gedir. Yıxıldı yerə, əjdaha bunu yavaş-yavaş çəkirdi kamına. Əmiraslan sürünə-sürünə bir də gördü ki, bir xəndək var. Yumbalanıb düşdü ora. Daha nəfəs ona əsər eləmədi. Özünü cəmləşdirib bir ox qoydu çilleyi-kamana, tulladı. Ox dəydi əjdahanın böyründən. Əmiraslan dizəcən oldu daş. İkinci oxu atdı, dəydi əjdahanın başından. Əmiraslan oldu qurşağacan daş. Əmiraslan başa düşdü ki, əjdahanın gözündən vurmaq lazımdı. Üçüncü oxu qoydu çilleyi-kamana, dililə bir anasını yadına salıb oxu atdı. Ox düz əjdahanın gözündən dəydi. O saat tilsim sındı. Əmiraslan gördü qalaça-zad yoxdu, bu yoldadı. Üz qoydu darğanın evinə. Darğaya əhvalatı dedi.
Darğa dedi:
– Ey evin yıxılsın, Qəmər vəzir səni aldadıb.
Bəs darğa əhvalatı ona dedi ki, car çəkdilər ki, muncuğu qopardan adam gəlib əlini padşahın qızının boğazına sürtsə o sağalacaq. Padşah da söz verib ki, qızı o adama versin.
Əmiraslan işi anladı, darğaya dedi:
– Sən get deynən ki, mənim bir oğlum var, o deyir mən sağaldaram. Məni gedirəm Qəmər vəzirin canı üçün.
Bunu deyib gəldi Qəmər vəzirin evinə. Gördü ki, Qəmər vəzir elə ki, bilib Əmiraslan əjdahanı vurub, qaçıb padşahın bargahında gizlənib. Əmiraslan üz qoydu birbaş padşahın bargahına. Gəlib çatdı qapıya, gördü darğanı döyürlər ki, tez ol, oğlunu çağır. Əmiraslan irəli gəlib dedi:
– Onu buraxın! Oğlu mənəm. Mən bu saat qızı sağaldaram.
Padşaha xəbər getdi ki, darğanın oğlu gəlib. Padşah dedi:
– Gəlsin.
Əmiraslan içəri girəndə padşahı tanıdı. Padşah da onu tanıyıb gördü ki, Əmiraslandı ki, var. Padşah hiylə niqabın üzünə çəkib yalandan dedi:
– Oğul, mən səni tanımamışam. Sən məni quldurların əlindən qurtarmısan. Mən gərək sənin üçün bir yaxşı qonaqlıq eləyəm. Ancaq qabaqca qızı dirilt!
Əmiraslan gördü ki, bəs özü öz əli ilə düşməni ölümdən qurtarıbdı. Ancaq elə şeyləri fikirləşməyə vaxtı yoxdu. Özünü yetirdi qızın yanına. Gördü qız bihuş yatıb. Əlini necə ki, çəkdi bir dəfə qızın boğazına, qız asqırıb durdu ayağa. Bəli, muştuluq getdi padşaha ki, bəs muştuluğun müjdə olsun, qızın dirildi. Padşah o saat əmr elədi, hər tərəfi ləşkər tutdu. Əmiraslanla qız əhvalatı belə görəndə anladılar ki, bəs padşah onu öldürtmək istəyir, durub tez qapıları bağlayıb, qılıncları çəkib hərəsi durdu bir qapının qabağında, başladılar davaya. İçəri girənin başı düşürdü yerə. Bunlar burada qalsın, sənə kimdən deyim, darğadan. Darğa işi belə görüb birbaş qayıtdı evə. Tez bir at aldı, durma gəldim Əhməd tacirin vilayətinə. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, özünü yetirdi Əhməd tacirin yanına. Əhvalatı ona dedi. Əhməd tacir tez padşahı məsələdən agah elədi. Qoşun hazırlandı. Əmiraslanın anası da Əmiraslanın atını minib, bir də bir qılınc bağlayıb düzəldilər yola. İkinci gün idi ki, Əmiraslan ilə qız dava eləyirdilər. Hərdən bir az Əmiraslan yatırdı, qız qarovul çəkirdi, bir az qız yatırdı, Əmiraslan qarovul çəkirdi. Bu minval ilə dava gedirdi. Padşah gördü olmayacaq, axırda əmr verdi ki, bəs evi odlasınlar. Evə hər tərəfdən od vurdular.
Əmiraslan gördü iş xarabdı. Qıza dedi:
– Hazırlaş çıxacayıq çölə.
Elə bu dəmdə idi ki, gördü bir nərə səsi gəldi ki:
– Dayan, Əmiraslan bala, gəlirəm.
Pəncərədən belə baxanda gördü dəryayi-ləşkər gəlir. Qabaqda da anası, darğa, bir də tacir Əhməd. Əmiraslan bunu görcək bir nərə çəkdi, qapını sındırıb özünü vurdu qoşuna. Bir cəng oldu ki, ruzigarın gözü belə şey görməmişdi. Hamı təslim olandan sonra Əmiraslan gördü ki, anası tutub padşahın saqqalından çəkə-çəkə gətirir. Bəli, baxanda gördü darğa da tutub Qəmər vəzirin qulağından gətirir. Əhməd tacir də qızı götürüb aradan çıxdı ki, ona bir zəfər toxunmasın. Bəli, dar quruldu, bunların hamısını asdılar. Camaat sevindi ki, öz padşahlarının oğlu gəlib çıxdı. Əmiraslanı elədilər padşah. Qırx gün, qırx gecə toy oldu, qızı da Əmiraslan aldı. Yedilər, içdilər, mətləblərinə çatdılar. Siz də yeyin, için, mətləbinizə çatın!




BÖLÜM: Nağıl,