تورک بالاسی TÜRK BALASI

TÜRK DÜNYASI UŞAQ ƏDƏBİYYATI

Ana dilini sevir

+0 BƏYƏN

Ana dilini sevir

Valeh HEYDƏR

Şair-publisist Valeh Heydər (Valeh Yavər oğlu Heydərov) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinun məzunudur. O, yeddi kitabın müəllifi, on almanax-kitabın isə həmmüəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

Təzə kitab qoxusu

 

İlk dərs günü müəllim

Dedi: "Əziz uşaqlar,

Sizin üçün maraqlı

Bir sərbəst sualım var.

Deyin görüm, dünyada

Hansı qoxu çox şirin,

Həm də onu sevənin

Olur zəkası dərin?"

Dinlədikcə şagirdlər

Əvvəlcə duruxdular,

Çiyinlərin çəkərək

Bir-birinə baxdılar.

Həsən isə sevincək

Tez əlini qaldırdı,

Çünki onun suala

Yaxşı cavabı vardı.

Leyla müəllim dedi ki:

"Buyur görüm, ay Həsən,

Düşür sənə afərin,

Qəşəng cavab söyləsən".

Həsən dedi: "O - kitab,

Gül-çiçəkli görünür,

Təzə ikən qoxusu

Sinifləri bürüyür.

Bu xoş ətri sevənin

Qəlbi fərəhlə dolur

Artır elmə həvəsi

İti zəkalı olur".

Çox məntiqli cavaba

Şagirdlər əl çaldılar,

Müəllimdən ilk dərsdə

Bir "afərin" aldılar.

 

Bütün dillər gözəldir

 

Mərziyə müəllimə

Ana dildən dərs deyir,

O, bu fənni çox sevir,

Tərifləyir, hey öyür.

 

Doğma dili öyrədir

Uşaqlara həvəslə,

Cavab verir suala

Məlahətli, xoş səslə.

 

Bir gün Zəhra soruşdu:

- Sizcə, hansı dil gözəl?

Sözü şirin, mənalı,

Həm də tarixi, özəl.

 

Müəllim dedi: "Zəhra,

Bütün dillər gözəldir,

Ancaq ana dilimiz

Daha doğma, əzəldir.

 

Gərək hər kəs danışsın

Öz dilində - qəşəng, düz,

Onda başqa dilə də

Artar hörmət, sevgimiz".

 

Maraqlı sual

 

Gəzən zaman bağçada

Mələk daldı xəyala,

Sonra sual da verdi

Babasına gül bala.

 

Dedi: Bu ağac necə

Dik dayanır bu qədər?!

Heç yorulub yıxılmır

Həm görünür təzə-tər.

 

Müdrik yaşlı bu baba

Qulaq asdı suala,

Gülümsəyib sonra da

Dedi, dinlə, ay bala!

 

Çünki ağac böyüyüb

Yerə dərin kök atır,

Dostluq edir Günəşlə

Başı göylərə çatır.

 

Bu həyatda var onun

Sadiq dostu, sirdaşı

Onçun ağac yıxılmır

Həm də ucadır başı.

 

Sevindilər uşaqlar

 

Keçir Xatirə xanım

Anatomiya dərsin,

Həm də sevir, öyrənir

Dahilərin də irsin.

Bir gün dedi: "Uşaqlar,

O, hansı üzv ən böyük?

Həm qoruyur bədəni

Daim çəkir ağır yük".

İlk olaraq Fatimə

Dedi: "Cavab - ağciyər.

O, karbonu ayırıb

Cana oksigen verər".

Ümid dedi: "Yox, müəllim,

Məncə, böyükdür ürək.

Çünki onun işidir -

Əzalara qan vermək".

İnci isə söylədi:

"Düzgün cavab ağıldır.

Hiss etmək və düşüncə

Beyin ilə bağlıdır".

Gülümsəyib müəllim

Dedi: "Görürəm ki, siz

Verdiyiniz cavabı

Sanırsınız doğru, düz.

Ancaq ən böyük orqan

İnsanlarda dəridir.

O, qoruyur bizləri,

Onçun bədən diridir".

Bilib doğru cavabı

Sevindilər uşaqlar,

Səhvlərini anlayıb

Gülüşdülər o ki var.

 

İnci sevir məktəbi

 

Sevir "ADA" məktəbin,

Gözəl, ağıllı İnci.

Günü-gündən çoxalır

Qızcığazın sevinci.

 

Şagird dostları haqda

O, hey şövqlə danışır,

Elə tərif edir ki,

Sanki çoxdan tanışdır.

 

Fərəh verir qəlbinə

Müəllimin hər sözü.

Onu dinləyən zaman

Gülür sevincdən üzü.

 

Ana dilini sevir,

Başqa dil də öyrənir.

Hətta çətin dərsləri

Bu qız əzbər söyləyir.

 

Son vaxtlarda olub o

Təbiətin vurğunu.

Aqronomdur, elə bil,

Çəkir bostan, bağ onu.

 

Deyir: "Burda tanıdım

Heyvanları, quşları.

Öyrəndim ki, balını

Necə toplayır arı".

 

İnci yaxşı anlayır

Gözəl təhsil gücünü.

Hər gün ata-anayla

Bölüşür sevincini.

Qaynaq: 525.az


BÖLÜM: Şeir,