تورک بالاسی TÜRK BALASI

TÜRK DÜNYASI UŞAQ ƏDƏBİYYATI

Molla və çoban əhvalatı

+0 BƏYƏN


Seyid Əzim Şirvani
(1835-1888)


Molla və çoban əhvalatı 

Bir çoban rast gəldi mollayə, 

Görcəyin düşdü özgə sövdayə. 

Kəsdi ol mollanın qabağını, 

Qovzadı şəst ilə çomağını, 

Dedi: - Ey mövtü mərk əsbabı, 

Əhli-təzvirü mərdi-qullabi, 

Dəli şeytan deyir ki, bir dəyənək 

Mollanın zolla başına, zirək! 

Dedi molla ki, ey çobani-dəğəl, 

Dəli şeytan sözünə etmə əməl. 

Adəmi ol çıxartdı cənnətdən, 

Qıldı məhrum nazü nemətdən. 

Tul qəflətdən ictinab eylə, 

Əqlə gəl, taət et, səvab eylə! 

Dedi: - Şeytan yenə deyir ki, mana 

Eylə mollayə iki quzu əta. 

Çün eşitdi quzu adın molla 

Dedi: - Əhsən bu qövlə, namxuda! 

Gah bir bax sözünə şeytanın, 

Ta ki, rahət ola dilü canın. 

Seyyida, gərci sən də mollasən, 

Özüvü etmə böylə rüsvə sən. 

Olma, təmma, get qənaət qıl, 

Nəfsi-şeytanüvü məlamət qıl. 

İmtəhanxanədir sərayi-sipənc, 

Bi tilismatda nühandır gənc.


BÖLÜM: Şeir,