تورک بالاسی TÜRK BALASI

TÜRK DÜNYASI UŞAQ ƏDƏBİYYATI

Heç vaxt yalan danışma

+0 BƏYƏN


Heç vaxt yalan danışma 

 Eray GÜVƏNC

Qədim zamanlarda insanlar biliyə yiyələnmək üçün çox çalışır, hər cür zəhmətə qatlanırdılar. 

Kiçik yaşlarından savad qazanmaq istəyi ilə el-obadan, ailələrindən ayrılır, illərcə doğmalardan uzaqda, ağır şərtlər altında yaşayırdılar. Seyid Əbdülqadirin yaşı az olsa da, qəlbinə elm öyrənmək eşqi hakim kəsilmişdi. O, arzusuna çatmaq üçün yollar axtarmağa başlamışdı. Nəhayət, özü ilə bacarmayıb anasına dedi:

– Anacan, elm öyrənmək üçün Bağdada getmək istəyirəm:

Anası:

– Övladımdan ayrılmağa könlüm razı deyil, ancaq səni tutduğun yoldan ayırmaq istəmirəm.

Anası oğlu üçün səfər tədarükü gördü. Yola düşəndə oğluna 40 qızıl verdi. Qızılları itirməsin deyən onları kisəyə qoydu. Sonra kisəni paltarının qoltuqaltına tikib, oğlunun gözlərinin içinə baxaraq dedi:

– Sənə son nəsihətim budur ki, əgər məni və Allahı özündən razı salmaq istəyirsənsə, heç vaxt yalan danışma, düz yoldan sapma. Allah hər vaxt və həmişə ləyaqətli insanların köməyindədir. 

Oğlu anasına söz verdi və görüşüb ayrıldı. Bağdada gedən bir karvana qoşuldu. Həmədan tərəfdə dar bir keçidə girəndə karvanda qışqır-bağır qopdu. Quldurlar karvana basqın etdilər. Bircə anın içində bütün sandıqları yerə yığdılar, əşyalar yağmaladılar. Quldurlar karvandakıların nəyi var idisə, hamısını əllərindən aldılar. Oğrulardan biri Əbdülqadirin yanına yaxınlaşdı. Onun kasıb olduğunu görüb ələ salmaq üçün soruşdu:

– De görək, sənin nəyin var, ay kasıb balası?

– Qırx qızılım var – Quldur bu sözlərdən əvvəlcə təəccübləndi, sonra güldü. İnanmadı və təkrar bir də soruşdu:

– Düz deyirsən?

– Bəli, düz deyirəm, 40 qızılım var.

Qulduru maraq bürüdü, Əbdülqadirin əlindən tutub onu quldurbaşının yanına apardı. Vəziyyəti ona danışdı. Quldurbaşı uşaqdan soruşdu:

– Doğurdan, sənin 40 qızılın var? 

– Bəli, var.

– De görək, onları harada gizlətmisən?

– Paltarımın içində – qoltuğumun altında. 

Bu sözdən sonra quldurlar deyilən yerdən 40 qızılı tapıb quldurbaşına verdilər. Hamı mat qalmışdı. Quldurbaşı təəccüblə soruşdu.

– Oğlum, niyə səndə qızıl olduğunu etiraf etdin? Əgər deməsəydin, biz onu tapa bilməzdik.

Əbdülqadir ötkəm cavab verdi:

– Yola düşəndə anama heç vaxt yalan deməyəcəyimə dair söz verdim. Adamlarınız məndən "sənin nəyin var” deyə soruşanda, qızıllarım olduğunu dedim. Elə bilirsiniz, 40 qızıldan ötrü anama verdiyim sözdən dönərəm?

Bu sözləri eşidən quldurbaşı çox təəccübləndi və dərin düşüncələrə qərq oldu. Sonra yanındakı adamlara tərəf çevrilərək dedi:

– Ayıb olsun bizə. Bir uşaq qədər də deyilik. Bu uşaq anasına verdiyi sözdən ötrü hər şeyindən keçir. Biz isə Allaha söz versək də, heç zaman verdiyimiz sözün üstündə durmadıq. Allahın dində "etməyin” dediyi şeyləri elədik, bəs sabah Allahın qarşısında halımız necə olacaq?

Sonra fikrinin davamın gətirdi:

– Siz də şahid olun, bu uşaq mənim düzgün yola gəlməyimə səbəbkardır. İndiyə qədər etdiyim bütün günahlara görə peşman olub tövbə edirəm. 

Bundan sonra yaxşı insan olacağam. Başçılarına qəlbən bağlı olan quldurlar bir ağızdan dedilər:

– Biz səndən ayrıla bilmərik. Sən hansı yola qədəm qoyursansa, biz də o yolla gedəcəyik. 

Hamısı peşman olub tövbə etdilər. Karvandakıların əlindən nə almışdılarsa, geri qaytardılar. Və daha quldurluq etməyəcəklərinə söz verdilər. Seyid Əbdülqadir isə yoluna davam edərək Bağdada yetişdi. Orda oxuduğu müddətdə təhsilinə fikir verdi. Az vaxtda məşhur bir alim kimi şöhrət tapdı. Minlərlə yolunu azmış insanın haqqa. Düz yola qayıtmağına səbəbkar oldu./artkaspi.az/

Türkiyə türkcəsindən uyğunlaşdıran: Fərid Hüseyn


BÖLÜM: Nağıl,