تورک بالاسی TÜRK BALASI

TÜRK DÜNYASI UŞAQ ƏDƏBİYYATI

Göyçək Fatmanın nağılı

+0 BƏYƏN

Göyçək Fatmanın nağılı

Biri var imiş, biri yox imiş, bir kişi var imiş. Bu kişinin bir arvadı və bu arvaddan Fatma adında çox ağıllı və gözəl qızı var imiş. Bir gün Fatmanın anası naxoşlayır və qızına deyir ki, mən öləndən sonra dədən təzə arvad alacaq və o arvad səni çox incidəcək. Amma qara inəyimizdən muğayat ol, onu özün otar. 
Qızın anası ölür və atası gedib özgə bir arvad alır. Bu arvadın da əvvəlki ərindən bir çirkin qızı vardı. 
Arvad göyçək Fatmanı çox döyüb incidirmiş. Fatma səbr edib, hər gün qara inəyi otarmağa apararmış. Fatmanın analığı ona yun, daraq verərmiş ki, çöldə darayıb əyirsin. Fatma yunu verərmiş inəyin ağzına. Qara inək yunu udar, sonra hazır ipi ağzından çıxarıb verərmiş Fatmaya.
Bir gün Fatma yun daradığı yerdə külək onun əlçiminin birini götürüb qaldırdı havaya. Fatma bunun dalınca yüyürüb dedi:
- Qanadına qurban, yel baba, əlçimimi sal, baba!
Yel onun əlçimini bir bacadan saldı. Fatma evə girib gördü ki, burada bir heybətli qarı oturub, alt dodağı yer süpürür, üst dodağı göy. Qarı qabağına bir qurbağa qoyub onu sığallayır. Bu, div anası idi. 
Fatma qarıya baş əyib dedi: - Mənim əlçimimi ver.
Qarı dedi:
-Kəl başıma bax, sonra verim.
Fatma onun başına baxanda gördü ki, ilan-qurbağa ilə doludur. 
-Qarı soruşdu: 
Mənim başım yaxşıdı, ya ananın başı?
Fatma dedi: - Səninki yaxşıdı.
Qarı soruşdu:
- Bu qurbağa göyçəkdi, yoxsa insan?
Fatma dedi:
- Könül sevən göyçəkdir.
Fatmanın sözləri qarıya xoş gəldi. Qarı onun əlçimini verib dedi:
- Gedərsən, qabağına bir ağ su, bir qara su və sonra bir qırmızı su çıxacaq. Ağ suda çimərsən, qara su ilə saçını yuyarsan, qaşına, kipriyinə çəkərsən, qırmızı sudan yanaqlarına sürtərsən.
Bir də qarı öz tükündən verdi və dedi ki, sənə lazım olsam, yandırarsan, yanında hazır olaram.
Fatma tükü götürüb getdi. Necə ki, qarı demişdi, elə də elədi. Qabaqca ağ suda çimdi, sonra qara suda saçlarını yudu və qırmızı sudan götürüb dodağına, yanaqlarına çəkdi. Elə göyçək oldu, misli, bərabəri olmadı.
Analığı Fatmanın gec gəldiyini görüb qızına dedi:
- Çıx, gör Fatma necə oldu?
Qızı çıxıb gördü ki, Fatma gəlir, amma elə gözəlləşib ki, adam baxanda gözü qamaşır.
 
Fatma evə gələndə analığı onu danladı. Qızın gözəlləşdiyini görüb soruşdu:
- Haradan sən belə gözəl oldun?!
Fatma başına gələni analığına söylədi. O da sabahısı günü Fatmaya dedi ki, sən evdə otur, qoy bu gün mənim qızım getsin inəyi otarmağa. Ana öz qızına yun, daraq verdi. Yel bunun da əlçimini götürüb apardı və gətirdi həmin damın bacasından saldı. Qız əlçimin dalınca yüyürüb içəri girdi və qarıya dedi:
- Əlçimimi ver.
Qarı dedi:
- Başıma bax, sonra verim.
Qız onun başına baxanda qarı soruşdu:
- Mənim başım yaxşıdır, yoxsa nənənin başı?
Qız dedi:
- Sənin başın pisdir, nənəmin başı yaxşıdır.
Qarının buna acığı tutub dedi:
-Gedərsən, qabağına bir ağ su çıxar, bir qara su. Qara suda çimərsən, ağ suda başını yuyarsan
Qız ağ suda başını yuyub qara suda çimdi, daha da kifir oldu. Anası bunu görüb Fatmaya bərk acığı tutdu və hirsindən az qaldı çatlasın. Fatmanın acığına istədi onun inəyini öldürsün. Çünki işlərin başı inək idi.
Bir gün arvad dalına bir-iki lavaş bağlayıb, üzünə zəfəran çəkib girdi yorğan-döşəyə. Əri evə gələndə arvad bir o yana, bir bu yana döndü, quru lavaşı dalında qırdı. Əri soruşdu:
- Arvad, sənə nə olub sümüklərin elə şaqqıldayır, rəngin belə saralıb?
Arvad dedi:
- Bərk naxoşam, ölürəm, qara inəyi gərək kəsəsən. Onun ətindən yesəm, bəlkə diriləm.
Kişi istəmədi Fatmanın inəyini kəssin. Amma əlacı kəsilib dedi:
- Qoy Fatma evdən bir yana getsin, inəyi kəsim.
İnək bunların fikrini başa düşüb Fatmaya dedi:
- Məni kəsəcəklər. Sən mənim ətimdən yemə və sümüklərimi yığıb bir yerdə basdır. Hər vaxt istəsən gəl o yerə, üstünü aç, orada bir dəst paltar və bir cüt qızıl başmaq taparsan.
Fatma inək ilə evə qayıdanda atası onu iş dalınca göndərib inəyi kəsdi. Fatma qayıdanda inəyini ölmüş görüb çox ağladı. İnəyin ətindən heç yemədi və sümüklərini yığıb bir yerdə quyuladı.
 

Sabahdan xəbər çıxdı ki, padşahın oğluna toy olur. Fatmanın analığı yerə bir çanaq darı səpib dedi ki, bunları bir-bir yığarsan çanağa. Yanında bir küp də qoyub dedi: 
- Bunu da ağlayıb göz yaşınla doldurarsan. Öz qızını da geyindirib-kecindirib apardı toya. 
Yazıq Fatma qəmgin oturub başladı ağlamağa. Birdən qarı yadına düşdü. Onun verdiyi tükü yandırdı. Həmin saat qarı hazır oldu. Fatma başına gələni ona söylədi. Qarı dedi:
- Qəm yemə, tezliklə hamısı başa gələr.
Qarı ayağını vurdu yerə. O dəqiqə yerdən bir toyuq yanının cücələri ilə çıxdı, darını təmiz dənlədilər, çanağı qarının gətirdiyi başqa darı ilə doldurdular.
Qarı Fatmaya dedi:
- Küpü də təmiz su ilə doldurub içinə bir ovuc duz tök, o da olsun göz yaşı.
Sonra Fatma ilə qarı getdilər inəyin sümüyü basdırılan yerə. Buranı qazıb gördülər ki, bir dəst zərif ipək parçadan libas və bir cüt qızıl başmaq çıxdı. Burada çoxlu qızıl da vardı. Qarı libası, başmağı geyindirdi Fatmaya və bir az qızıl, bir az da torpaq götürüb Fatma ilə getdilər toya.
Yolda qarı dedi:
- Bu qız mənim nəvəmdir, qoyun bu da oynasın.
O, Fatmanın bir ovcuna qızıl, bir ovcuna da torpaq qoyub tapşırdı ki, analığının tərəfə oynayanda onların üzünə torpaq səp, özgələrin tərəfinə oynayanda qızıl.
Fatma da çox gözəl oynayırdı. Hamı onun oynamağına heyran oldu. Qarı necə demişdi, elə də elədi. Analığı tərəfə oynayanda torpaq səpdi, özgələri tərəfə oynayanda qızıl. 
Oynayandan sonra Fatma tələsik qayıtdı evə. Çox tələsdiyindən körpüdən keçəndə başmağının bir tayını saldı suya.
Fatmanın analığı toydan qızı ilə qayıdıb gördü ki, Fatma evdə oturub, tapşırdığı işləri də yerinə yetirib. O, çox qəzəbli idi.
Fatma soruşdu:
- Ay ana, toyda nə gördünüz?
Analığı acıqlı dedi ki, heç zad görmədik, bir günü qara gəlmiş qız çıxdı, oynadı, özü də sənə oxşayırdı. Biz tərəfə oynayanda torpaq səpirdi, özgələri tərəfə oynayanda qızıl-gümüş səpirdi.
Fatma dedi:
- Mən evdən çölə çıxmamışam, sən buyurduğun işləri görmüşəm.
 
Bir gün padşahın oğlu ova çıxdı. Körpünün yanından keçəndə istədi ki, atına su versin. At suya yaxınlaşdı, amma içmədi. Padşahın oğlu adam saldırıb çayı axtartdı. Çaydan bir qızıl başmaq tapdılar. Başmaq çox zərif idi. Padşahın oğluna çox xoş gəldi. İstədi ki, nə tövr olsa, axtarıb onun yiyəsini tapsın və özünə alsın.
Çox gəzdilər, tapmadılar. Carçılar car çəkəndə Fatmanın analığı eşitdi, onun əl-ayağını bağlayıb saldı təndirə.
Padşahın oğlunun adamları axtara-axtara gəlib çıxdılar Fatmagilin evinə. Çirkin qızın ayağına başmağı geydirdilər, olmadı. Soruşdular ki, sizin evdə özgə qız yoxdumu? Fatmanın analığı cavab verdi ki, yoxdu. Fatmanin bir xoruzu var idi, bu xoruz başladı banlamağa:
 
Fatma bacım təndirdə,
Ayaqları kəndirdə!
 
Arvad nə qədər istədi xoruzu qovsun, olmadı. Xoruz sıçradı damın üstə, uca səslə banladı:
 
Fatma bacım təndirdə,
Ayaqları kəndirdə!
 
Padşahın adamları bunu eşidib, təndirə baxdılar. Gördülər ki, bunun içində əl-ayağı kəndirlə bağlanmış bir gözəl qız var. Qızı çıxarıb başmağı onun ayağına geydirdilər. Gördülər ki, başmaq elə bil onun ayağına biçilib. Apardılar padşahın oğluna. Padşahın oğlu qızı görən kimi cani-dildən aşiq oldu və yeddi gün, yeddi gecə toy eləyib Fatmanı özünə arvad elədi. Yedilər, içdilər, yerə keçdilər. Siz də yeyin, için, muradınıza yetişin!

Qaynaq: 

BÖLÜM: Nağıl,