Cırtdan və Şahzadə
Bir gün Cırtdan nənəsinin eşşəyini götürüb gedir meşəyə odun yığsın.
Elə təzəcə odun yığmağa başlamışdı, görür şahın adamları ona yaxınlaşıb soruşdular:
- Şahın qızı meşədə azıb, görməmisən?
- Yox, görməmişəm!
Şahın adamları aralanıb getdilər. Cırtdan onların ardınca baxanda gördü ki, atlılar çaparaq gedib girdilər dağın üstündəki mağaraya. Az keçmədi, hamısı bayıra qaçdı. Sonra tələsik üz tutdular sürətlə saraya tərəf çapmağa. Atlılar çapmaqda olsun, görək Cırtdan neylədi.
Cırtdan çox maraqlandı görəsən şah adamları nə gördülər ki, başladılar atları qovmağa? Belə fikirlərlə eşşəyini düz sürdü mağaraya.
Mağaranın ortasına çatanda nə görsə yaxşıdır?! Bir küncdə yekə, qəhvəyi bir ayı yatıb, ayının o tərəfində isə şahzadə. Ayı elə uzanıb, Şahzadə çıxmağa yer qalmayıb. Qız ehmallıca çıxmağa çalışsa da, mütləq ayıya toxunacaqdı.
Şahzadə qısılıb küncdə səssizcə, zülüm-zülüm ağlayırdı. Ayı elə xoruldayırdı, elə xoruldayırdı, xorultusundan mağara silkələnirdi.
Şahzadə Cırtdanı görəndə sevindi, yavaşca ona yalvardı:
- Cırtdan, nə olar, məni burdan qurtar!
- Bəs şah adamları niyə getdilər?
- Getdilər ovçuları gətirsinlər ki, ayını öldürsün. Onlar gələnə qədər ayı səni də məni də öldürəcək!
- Ayının üstündən yavaşca adla, keç bu tərəfə!
- Yox, oyanar, məni yeyər!
- Bəs nə əcəb səni yeməyib?
- Onu görəndə huşumu itirib yerə yıxıldım, yəqin gözləyir özümə gəlim, sonra yesin.
- Onda mən eşşəklə yaxınlaşım sənə. Ayının üstündən əlini ver mənə, ordan qaldırım səni eşşəyin belinə, qaçaq!
- Yaxşı, – deyə Şahzadə razılaşdı. Onun başqa çarəsi yox idi.
Cırtdan dediyi kimi elədi. Eşşəyə minib yavaş-yavaş yaxınlaşdı ayıya. Eşşəyin də başını tez-tez tumarladı ki, ayıdan qorxub anqırmasın. Cırtdan bilirdi ki, eşşəyin səsi elə zildir, anqıran kimi ayı oyanacaq, mağaradan bir adam da sağ çıxmayacaq.
Şahzadə əlini Cırtdana uzatdı. Cırtdan var gücü ilə qızı eşşəyin üstünə dartdı. Şahzadə eşşəyə minən kimi Cırtdan eşşəyə möhkəm bir qamçı ilişdirdi. Ayı qamçı səsinə yuxudan ayıldı. Ayılan kimi də cumdu Cırtdanla Şahzadənin üstünə. Eşşək bunu görüb elə anqırdı, elə anqırdı...
Onun səsi mağarada necə əks-səda verdisə, dağ titrədi. Eşşək özünü bayıra atdı, ayı da onların arxasınca. Yuxulu ayı ləngər vura-vura düşdü eşşəyin arxasınca.
Bu o vaxt idi ki, ovçular gəlib çıxdılar, kəmənd atıb, ayını kəməndə saldılar.
Saraydakılar baxdılar ki, Cırtdanla Şahzadə budur eşşəyin üstündə gəlir. Onları qarşıladılar. Şah qızından soruşdu:
- Övladım! Nə baş verdi ki, ayı ilə bir mağarada qaldın?
- İstədim gizlənim, məni axtarıb tapsınlar. Bu vaxt mağaraya ayı girdi. Huşumu itirib yerə yıxıldım, bir də ayının xorultusuna ayıldım. Ayı elə uzanmışdı ki, durub mağaradan bayıra çıxa bilmirdim. Yaxşı ki, Cırtdan gəlib çıxdı.
Şah Cırtdana "sağ ol" dedi. Onu saraya qonaq çağırdı.
Səhər Cırtdan qonaq gələndə şah ondan soruşdu:
- Ay Cırtdan, nə təhər oldu, bu qədər adam ayı ilə başara bilmədi, sən başardın?
- Şah sağ olsun, – deyib, Cırtdan necə olmuşdusa, hər şeyi danışdı. Axırda isə dedi:
- Məncə şahzadəni mən yox, eşşəyim xilas edib! O, elə anqırdı ki, Ayı da qorxdu!
Belə deyəndə hamı gülüşdü.
Şahzadə dedi:
- Cırtdan məni ölümdən qurtarıb, ona bəxşiş verək, ata!
Şah dedi:
- Əlbəttə, verək! O, şahzadəni ölümdən qurtarıb! Cırtdana bir eşşəyin yükü qədər qızıl-gümüş verilsin!
Cırtdan razılaşmayıb dedi:
- Şah sağ olsun! Hədiyyə istəmirəm, payın artıq olsun!
- Nə istəyirsən istə, verim, Cırtdan!
- Mən bir kərə şahzadəni ölümdən qurtardım, biz onunla dost olduq. Amma saray keşikçiləri heç vaxt icazə vermirlər ki, mən saraya dostumun yanına gəlim, onunla dostluq eləyim. İcazə ver, məni dostumdan ayırmasınlar.
Şahzadə atasına dedi:
- Ata, icazə versəydin, yerinə mən əmr edərdim!
- İcazə verdim!
Şahzadə əmr etdi:
- Bu gündən belə, heç kəs Cırtdanı saraydan qovmayacaq! Əmr edirəm!
Şah təkrar elədi:
- Əmr edirəm!
Əmr yerinə yetirildi. Həmin gündən Cırtdan istədiyi vaxt Şahzadənin yanına gedə bildi.
Qaynaq: sehrli dünya