Qaranlıq örtülərin İçində dərin-dərin Uyuyan yorğun gecə Xoruzlar ötüşüncə, Diksinərək oyandı, Yandı dan yeri, yandı. Ulduzlar axdı keçdi, Həsrətlə baxdı keçdi. Kirəmidləri bayquş Qanadından qoyulmuş Daxmalar üzə çıxdı, Yollar gündüzə çıxdı. Ağaclar sərin-sərin Əsən xəfif yellərin Titrədi nəfəsiylə. Quşların nəğməsiylə Ətirlədi hər yeri Sabahın çiçəkləri. Kənddə ucaldı səslər; Qalxdı, alçaldı səslər. Həyat bir qanad çaldı, Kəndi səs-səmir aldı, Qalxdı çoban ayağa, Sürünü yaydı dağa; Çaldı bir incə bəstə. Kəndlilər dəstə-dəstə Kənddən uzaqlaşdılar; Əkinə yaqlaşdılar. Fəqət, əkin, nə əkin... Hamının ruhunda kin... Oraq keçməyir işə, Hamı düşmüş təşvişə: “Bu il aclıq olacaq, Gül yanaqlar solacaq...” Deyə söhbət edirlər, Tez-tez fikrə gedirlər. Sünbüllər qarış-qarış... Hər nəzərdə yalvarış... “Allaha pənah” deyə Baxırlar sağır göyə. Ordan bir səs gəlməyir; Ruhları yüksəlməyir. Hamı kədərli, həzin... Sürünüb dizin-dizin Yolurlar sünbülləri; Qabarlanmış əlləri. Getdikcə göydən günəş, Yağdırır yerə atəş. Hamı qan-tər içində, Dərin dərdlər içində.
Boyda-buxunda uca, Çolpan adlı bir qoca Buraxdı tarlasını; Gələcəyin yasını Qəlbində duya-duya, Başında qara xülya, Bir az dincəlsin deyə Endi sərin dərəyə. Əvət, gözəldir dərə, Gözəldir çağlayaraq Qıvrılıb axan irmaq. Gözəldir bu çiçəklər, Bəzəkli kəpənəklər. Gözəldir bu ötən quş – Bir çicəyə vurulmuş. Gözəldir yerdə otlar, Göy üzündə bulutlar. Gözəldir dağ, daş, orman, Gözəldir, əvət, hər yan. Fəqət Çolpan qəmlidir, Baxışı şəbnəmlidir. Bu gözəlliklər onu, Onun sınıq ruhunu Aça bilməyir fəqət. Onun bu il təbiət Kəndli qəlbini sıxmış; Əməyi boşa çıxmış. Çolpan bir az dincəldi, Yenə tarlaya gəldi. Sürünüb dizin-dizin, Çalışdı həzin-həzin. Nə gördü birdən, aman!.. Qarşısında bir ilan... Bir az geri çəkildi. Baxışları dikildi Heyran-heyran ilana, Adam vuran ilana. Qıvrıldı incə-incə. Çolpan vurmaq istədi, Ürəyində “yox!” dedi; Vaz keçdi acığından, Sonra dağarcığından, Aldı bir parça çörək, Əsərək, titrəyərək, Atdı ilana sarı. İlan da ona sarı Atdı böyük bir qızıl, Çolpanın parıl-parıl, Yandı solğun gözləri; Yaşla dolğun gözləri Oynadı sevincindən. Taxılların içindən Parlayıb işıl-işıl, Sürünüb xışıl-xışıl, Qayıtdı getdi ilan, Gör, nələr etdi ilan...
Artıq günəş üfüqdə, Sarı, solğun boşluqda Gülürdü lalə kimi, Qızıl piyalə kimi. Buludlar dəlik-dəlik, Qürubda bir pənbəlik... Üfüq çox düşüncəli, Xilqətin gizli əli, Yerə yayır kölgələr; Dumanlanır ölkələr... Sakitdir şəffaf sular, Gümüş kimi saf sular. Tutularaq kədərə, Dalğınlaşır dağ, dərə. Bu axşam Çolpan ancaq Üfüqlərə dalaraq, Gözü, könlü sevincək, Evə dönür gülərək.
Sabah adəti üzrə Şəfəq altun tüllərə Bürünüb gülən zaman Ayağa qalxdı Çolpan. Yenə getdi biçinə; Əkinlərin içinə Girərək həzin-həzin, Sürünüb dizin-dizin, Yolurdu sünbülləri Qabarlanmış əlləri... Günəş qızınca yenə Çolpanın gözlərinə Haman ilan göründü. Yavaş-yavaş süründü İlan Çolpana sarı. Çolpan da ona sarı Qorxa-qorxa, əsərək, Atdı bir parça çörək, İlan qıvrıldı birdən Çolpana atdı həmən, Bir parça sarı qızıl. Çolpanın parıl-parıl Yandı gözləri, yandı. Xəyalı işıqlandı. Parlayıb işıl-işıl, Sürünüb xışıl-xışıl, Qayıtdı getdi ilan, Gör nələr etdi ilan... Ha belə bir neçə gün Sirrini düşündüyün İlan ilə Çolpanın, Çolpan ilə ilanın Sevdası davam etdi, Bunu hər kəs eşitdi.
Bir gün Çolpanı artıq İşdən qoydu xastalıq. Xəstəliyi ağırdı; Öz oğlunu çağırdı. Dedi: - “Mehriban oğlum, Sözümə baxan oğlum! Sabah sən get əkinə. O ilan gəlsə yenə, Saqın, toxunma, çünki Evimizə bugünkü Şənliyi verən odur, Bizi güldürən odur. Gəlsə, çörək verərsən, Gülər üz göstərərsən”. Sabahı, bilsəydiniz, Onun oğlu Eldəniz Necə gəldi biçinə, Say yoxdu sevincinə. Sonra çıxdı dağlara, Baxdı şən irmaqlara. Ətrafı seyrə daldı, Bir müddət orda qaldı. Yerlər, göylər açıqdı; İlan yuvadan çıqdı; O, qızmış, qıvrılırdı, Yazıq oğlanı vurdu. Gün keçdi, axşam oldu, Hər şeyin rəngi soldu; Hər tərəf kölgələndi. Qaranlıq endi, endi. Eldəniz harda qaldı? Hankı diyarda qaldı? Xəstə atası Çolpan Ürəyində həyəcan Baxdı uzun yollara, Qərib, məhzun yollara. Qaranlıq endi, endi, Atası şübhələndi... Ay doğdu çiçək-çiçək, Ulduzlar titrəşərək, Gecəyə can verdilər, Bir həyəcan verdilər.
Qoca Çolpan bir neçə Kəndliylə getdi tezcə Əkinlərinə sarı. Göyün işılqanları Ətrafı parlatırdı, Onun qəlbi atırdı. Eldənizdən xəbər yox, İzindən bir əsər yox...
Bu gecə qoca Çolpan Ruhunda cahan-cahan Ayrılıq sitəmləri, Bir cür açdı səhəri. Erkəndən həzin-həzin Dərdilə Eldənizin Sinəsi qalxdı, endi, Gəzdi bir neçə kəndi, Eldənizdən xəbər yox, İzindən bir əsər yox...
Dağ başında bir çoban: “Yazıq, zavallı Çoban Görsə, ürəyi çatlar”. Deyərək çəkdi bir car. Kəndlilər dəstə-dəstə Dırmandı qaya üstə. Gəldi təlaşlı Çolpan, Gözləri yaşlı Çolpan. Başladı fəryadına, Sarıldı övladına. İşini bilən ilan Çıxmadı yuvasından. Çolpanın qəlbi yandı, Bir ocaq kibi yandı, Dedi: - “İlan ilandır, İnsanlığa düşmandır. Ağı bir, qarası bir... Hamsının yarası bir...”
Sonra bir sabah erkən Bu dəhşətdən göynəyən Kəndlilər dəstə-dəstə Çıxdılar qaya üstə. Ürəklərində təlaş, Əllərində yaraq, daş... Qıvrılaraq bu ilan Çıxarkən yuvasından Tez üstünü aldılar, Başına daş saldılar. Doğradılar, əzdilər, Tək görə bilməzdilər Əlbəttə ki, bu işi. Bağırdı Çolpan kişi: - “Qayanı yıxmalıyız, Ağ günə çıxmalıyız”.
Çarpışıb haftalarca Qayanı parça-parça Doğradılar, tökdülər, Yerli-dibli sökdülər; Üzə çıxdı xəzinə. Kəndlilərin gözünə, Yeni bir işıq gəldi; Şadlıq səsi yüksəldi. Sevindilər, güldülər, Xəzinəni böldülər.
Çox zaman Eldənizin Dərdilə həzin-həzin Yanıb inildədilər, Nifrət olsun, - dedilər, - Zəhərli ilanlara, Xalqı aldadanlara! Coşdular, titrədilər, Nifrət olsun, - dedilər, - Yoxsulları aldatan, Ömrünə xələl qatan, Şahlara, sultanlara, Dövlətli ilanlara! 1935 |