SEHRLİ ÜZÜK
Biri varmış, biri yoxmuş, Allah varmış, şəriki yoxmuş, bir qarının bir keçəl n’vəsi varmış. Bunlar kasıblıqla dolanırlarmış. Qarı hər gün bir kələf ip əyirib verirmiş nəvəsinə ki, aparıb bazarda satsın, puluna soğanla çörək alsın. Yenə bir gün qarı bir kələf ip əyirib verdi keçələ ki, satıb çörək alsın. Keçəl kələfi götürüb gəldi bazara. Gördü yolun ortasında bir hay-küy var ki, gəl görəsən, adamlar bir-birinə qarışıb, hərənin əlində bir yekə dəyənək bir iti döyürlər. Yazıq it gah ora qaçır, gah bura, heç kim ona qahmar çıxmır. Elə qalıb zingildəyə-zingildəyə. Keçəlin ürəyi yumşaldı, itə yazığı gəldi, irəli durub dedi:
- Ay camaat, bu Allahın heyvanı sizə neyləyib ki, onu döyüb öldürürsünüz? İti öldürməklə əlinizə nə gələcək, alın bu kələfi sizə verim, o iti verin mənə.
Adamlar ipi alıb, iti verdilər keçələ. Keçəl iti götürüb qayıtdı evlərinə. Qapıdan içəri girəndə nənəsi gördü ki, keçəl əliboş gəlir, yanında da bir it küçüyü var. Qarı soruşdu:
- Ay oğul, bəs çörək almadın?
Keçəl dedi:
- Ay nənə, yolda gördüm ki, bu iti döyüb öldürürlər, yazığım gəldi, kələfi verib əvəzində bu iti aldım.
Arvad gördü ki, çərən-pərən eləməklə heç nə çıxmayacaq, əlacı kəsilib bir söz demədi. Bir az acığı soyuyandan sonra yenə bir kələf ip əyirib verdi keçələ, özü də bərk-bərk tapşırdı ki, bu dəfə də çörəksiz qayıtsan, vay halına. Bəli, keçəl dinməz-söyləməz kələfı götürüb getdi bazara. İndi də gördü ki, bazarda bir pişiyi döyürlər. İrəli durub adamlardan soruşdu ki, bu yazıq pişiyijı təqsiri nədir ki, onu döyürlər? Dedilər ki, qəssab dükanından ət oğurlayıb, odur ki, döyürfər.
Keçəl dedi:
- Ac olsanız elə siz də oğurlayarsınız da! Alın bu ipi verim sizə, o pişiyi verin mənə.
Adamlar ipi alıb pişiyi verdilər keçələ. Keçəl indi də pişiyi götürüb gəldi evlərinə. Qarı gördü ki, keçəl gəlir, amma çörək əvəzinə qucağında bir pişik gətirir. Qarı ağzını açıb gözünü yumdu, gözünü açıb ağzını yumdu, əlinə keçən daşı, kəsəyi keçəlin təpəsinə vurdu ki, ay fərsiz, özümüz acından ölürük, yeməyə bir tikə çörək tapmırıq, hələ gedib it-pişik də gətirirsən. Keçəl gördü ki,nənəsi düz deyir, and içdi ki, bu dəfə heç nə almayacağam. Qarı deyinə-deyinə bir kələf də əyirib verdi keçələ, özünə də tapşırdı ki, əgər bu dəfə də əliboş qayıtsan, evə gəlmə. Keçəl kələfi götürüb bazara getdi, satıb çörək aldı, evlərinə qayıtdı. Axşam çörəklərini yeyib, bir az da it-pişiyə verib yatdılar.
Keçəl gecə yatanda fikirləşirdi ki, yaxşı, mən bu itnən pişiyi getirmişəm, özümüz çörək tapmırıq, onlara nə verəcəm. Birdən ağlına gəldi ki, sabah itlə pişiyi də götürüb meşəyə apararam, bəlkə orda dovşandan, sərçədən bir şey tapıb yedilər. Bu fikirlə gecəni yatdı, səhər nənəsinə deyib, itlə pişiyi də özüylə götürüb meşəyə getdi. Bunlar o qədər yol getdilər ki, lap yoruldular. Çıxdılar bir hündür dağın başına. Keçəl gördü ki, bir mağaranın qabağında üç div var, vallah, bunlar bir bədheybət divlərdi ki, adam baxanda az qalır bağrı çatlasın; qulaqları lavaş boyda, dişləri fil dişi boyda, nəfəs alanda burunları dəmirçi körüyü kimi qalxıb-enir. Dırnaqları kotan kimi yeri eşir, özü də bir-birinin quyruğundan, buynuzundan yapışıb dalaşırlar. Keçəl bunları görən kimi istədi qaçsın, birdən it hürdü, divlər səs eşidib tez keçəli tutdular. Keçəl qorxusundan bilmədi neyləsin. Divlərdən böyüyü dedi:
- Ey bəni-insan, qorxma, bizim şərtimizi kəs, səninlə işimiz olmaz.
Keçəl dedi:
- : Nə üstdə dava eləyirsiniz?
İkinci div dedi:
- Biz üç div iki qiymətli şey tapmışıq, biri həzrət Süleymanın xalçası, biri də üzüyüdü. Xalçanın üstündə oturub desən ki, məni həzrət Süleymanın eşqinə filan yerə apar, o saat aparacaq, üzükdən də nə dilək istəsən hazır olacaq. Bu iki şeyi üç divin arasında bölə bilmirik.
Keçəl fikirləşdi ki, bu divlərin əlindən qurtarmaq üçün bir yaxşı fənd işlətsin. Odur ki, dedi:
- Ay div qardaşlar, yaxşısı budur, siz o şeyləri qoyun mənim yanımda. Mən bu dağın başından uzağa bir daş atım, siz üçünüz də gedin o daşın dalınca, kim daşı tez gətirsə xalça onundur, üzük ikinci gələnin olar, axıra qalan isə öz bəxtindən küssün.
Divlər ürəklərində fikirləşdilər ki, üçüncü gələn elə bu keçəli həzm-rabedən keçirər.
Bəli, keçəl bir yekə daşı aşağı yuvarladı, daş dağ aşağı elə gedirdi ki, ildırım kimi. Divlər də daşın dalınca qaçırdılar. Elə divlər bir az aralanan kimi keçəl üzüyü barmağına taxdı, itlə pişiyini de götürüb xalçanın üstündə oturdu və dedi:
- Ey xalça, həzrət Süleyman eşqinə, bizi apar düz evimizə.
O saat xalça göyə qalxdı. Keçəl xalçanın üstündə göylə uçurdu. Bir də baxdi ki, aşağıda bir dərya görünür. Yadına düşdü ki, itle-pişik acdı, evdə nənəsinin də yeməyə heç nəyi yoxdur.
Öz-özünə dedi: "Ele bu dəryanın qırağında yerə düşüb bir az balıqdan-zaddan tutsam yaxşı olar." Bu fikirlə dəryanın qırağında xalçaya dedi:
- Ey xalça, həzrət Süleyman eşqine, bizi endir yerə, bir az balıq tutaq.
Xalça o saat bunları yerə endirdi. Keçəl üzüyü barmağından çıxarıb dedi:
- Ey üzük, həzrət Süleyman eşqinə, bizə bir-iki balıq yetir.
Söz keçəlin ağzından çıxan kimi o saat gördülər ki, bir yekə ana balıq sudan iki balasını çıxardıb dedi:
- Alın, ikicə balam var, onu da sizə peşkəş verirəm. Keçəl balıqları alıb bir az çır-çırpı yığdı, bir yaxşı ocaq çatdı, bahğın birini kabab bişirdi. İtlə pişiyə də verəndə onlar yemədilər. Keçəl nə qədər elədisə heyvanlar yemədilər. Axırda keçəl hirslenib onlan danlamağa başladı:
- Ay Allahın heyvanları, niye naşükürlük eləyirsiniz, yeyin də!
Birdən it dilə gelib dedi:
- Ey keçəl qardaş, biz naşükür deyilik, bizim insafımız götürmür ki, onu yeyək. O ana balığın cəmi iki balası vardı, onların ikisinidə sənə peşkəş eləyəndə gərək sən insafa gəlib balanın birini özünə qaytaraydın. Amma sən bunu eləmədin. Odur ki, bunun peşmançılıgını çəkəcəksən. Balığın gözü balalarının dalınca qalmışdı, ona görə də yemədik.
Bunu eşidən keçəl tutduğu işdən çox peşman oldu, gördü ki, həqiqətən də səhv eləyib. Ancaq sonrakı peşmançılıq fayda verməz, deyiblər. Fikirli-fikirli dəryanın qırağına gəldi ki, əllərini yusun. Elə bir-iki ovuc su götürüb əllərini yaxalamışdı ki, birdən sehrli üzük barmağından sürüşüb düşdü dəryaya. Keçəl üzüyünü nə qədər axtardısa tapa bilmədi. Axırda kor-peşman evlərinə qayıtdı. Evləri lap yaxındaydı deyə, bu dəfə heç xalçaya da minmədi, xalçanı büküb qoltuğuna vurdu, başladı getməyə. İtlə pişik də bu işə yaman pərt olmuşdular. Odur ki, dedilər:
- Ay qardaş, sən get, biz bir az buralarda hərlənək, görək üzüyü tapa bilərikmi?
Keçəl gəldi evlərinə, itlə pişik qaldılar dəryanın qırağında. Bir də gördülər ki, bir qoca balıqçı gəlib torunu atdı dəryaya, başladı balıq tutmağa. Qocanın toruna bir yekə balıq, düşdü, ha çəkdisə gücü çatmadı. İt dişiylə toru tutub çəkdi, qocaya kömək elədi. Toru birtəhər kənara çıxartdılar, içindən bir yekə balıq çıxdı. Qoca fikirləşdi ki, bu itlə pişik ona kömək elədilər, gərək bunun əvəzində mən də onlara yaxşılıq eləyəm. Odur ki, balığın qarnını yarıb içalatını itlə pişiyin qabağına atdı ki, yazıqdılar, yeyib doysunlar. İtlə pişik leşin içini axtarıb üzüyü ordan tapdılar. Sevinə-sevinə aparıb keçələ verdilər. Keçəl üzüyü görəndə sevindi, itlə pişiyin başını sığalladı, onlara çoxlu yemək verib razılıq elədi. Keçəlin kefi kökəldi, nənəsinə dedi:
- Nənə, de görüm dünyada ən gözəl qız kimdi?
Qarı dedi:
- A bala, neyləyirsən kimdi?
Keçəl dedi:
- Alıb özümə arvad eləyəcəm.
Nənəsi dedi:
- A bala, kirimişcə otur yerində, sən keçəlin biri, yatmağa heç yorğan-döşəyin də yoxdu, elə gözəl qızlar padşahlarda olur, onu da ki, sənə verməzlər.
Keçəl dedi:
- Sənin oralarda işin olmasın, de görüm, ən gözəl qız kimin qızıdı?
Arvad dedi:
- Oğul, mən eşitmişəm ki, ən gözəl qız Hindistan padşahının kiçik qızıdı, amma onun da nişanlısı var.
Keçəl dedi:
- Eybi yoxdu, mən o qızı alıb gətirərəm.
Səhər keçəl durdu, üzüyüdilinin altına qoyub dedi:
- Üzük, Həzrət Süleymanın eşqinə, səndən bir imarət istəyirəm, bir kərpici qızıl olsun, bir kərpici gümüş, özü də o qədər hündür olsun ki, başı buluddan, ayağı yerdən nəm çəksin.
O saat bir də gördü ki, gurultu-nəriltiylə bir imarət hazır oldu ki, keçəlin dediyindən də qəşəng. Keçəlin nənəsi bu işə lap məəttəl qaldı. Keçəl dedi:
- Nənə, ev hazırdı, mən gedirəm indi də həmən qızı gətirəm.
Keçəl xalçanın üstündə oturub dedi:
- Xalça, Həzrət Süleymanın eşqinə, məni apar Hindistan padşahının torpağına.
O saat xalça göyə qalxıb keçəli apardı Hindistan torpağına, düz Hind padşahının evinin qabağında qoydu yerə. Elə bu vaxt padşahın kiçik qızı aynadan küçəyə baxırdı. Keçəl qızı görən kimi az qaldı ağlı başından çıxsın, o saat dedi:
- Elə əsl mən deyən gözəldi ki var.
Tez üzüyü dilinin altma qoyub dedi:
- Üzük, səndən istəyirəm ki, padşahın bu gözəl qızı bu saat mənim bu xalçamın üstündə olsun.
O dəqiqə gördü ki, qız xalçanın üstündədi. Dedi:
- Xalça, Həzrət Süleyman eşqinə, apar bizi evimizə. Xalça göyə qalxıb onları düz gətirdi bir kərpici qızıl, bir kərpici gümüşdən olan imarətin içinə. Qız baxıb gördü ki, bura elə bir imarətdi ki, heç onun atası yuxusunda da görə bilməz. Qərəz, qızla bir gün, beş gün belə burda ömür sürsünlər, görək, Hindistan padşahı neylədi.
Hindistan padşahı bir də xəbər tutdu ki, bəs qızı yoxa çıxıb. Hər yerə adam saldırdı, car çəkdirdi, qızdan bir soraq çıxmadı ki, çıxmadı. Axırda padşah baş vəzirini yanına çağırtdırıb dedi:
- Vəzir, qızımın izsiz-soraqsız yoxa çıxmağı mənim ürəyimi yaman sıxır, bu dərdə dözə bilmirəm, amandı bir tədbir gör.
Vəzir dedi:
- Qibleyi-aləm, mən neçə gündü fikirləşirəm, çox götür-qoy eləmişəm, çoxlu rəmmallar çağırmışam; heç kəs ağıllı bir söz deyə bilmir. Bircə rəmmal dedi ki, qızı bir keçəl oğlan aparıb, özü də bir kərpici qızıl, bir kərpici gümüş imarətdə saxlayır. İndi bircə ümidim ona gəlir ki, bir küp qarısı tapaq, göndərək hər yeri axtarsın, bəlkə bir xəbər gətirə bildi.
Padşah o saat əmr elədi, bir küpəgirən qarı tapıb gətirdilər. Padşah baxıb gördü bu elə bir qarıdır ki, üzünə baxan gərək kəffarə verə. Gözləri çəp, ağzı əyri, qıçı topal, beli donqar, qaşqabağından da ki, lap zəhrimar tökülür. Padşah dedi:
- Vəzir, bu şil-kütün biridi, düz yerdə yeriyə bilmir, ağlım kəsmir ki, əlindən bir iş gələ.
Qarı dedi:
- Ey padşah, sən mənim sir-sifətlə baxma, gördüyüm işə bax. De görüm məni niyə çağırmısan?
Padşah dedi:
- Qarı, mənim qızım birdən-birə yoxa çıxıb. Hər yeri ələk-vələk eləmişəm, tapa bilmirəm. Əgər sən onu tapa bilsən, nə istəsən verərəm.
Qarı gülüb dedi:
- Elə bu?
Padşah dedi:
- Bu azdı?
Qarı dedi:
- Sağ olmuş, belə işlər mənim əlimdə su içimi kimi bir şeydi. Günü bu gün taparam, amma gərək xələt verəsən.
Padşah о saat qarının ovcuna bir xışma qızıl basdı. Qarı qızılı görən kimi gözləri siçan tutmuş pişik gözü kimi dörd oldu. О saat dabanına tüpürüb saraydan çıxdı. Vəzir, vəkil qarının dalınca baxıb gördülər şil-küt hesab elədikləri qarı elə səkir ki, elə bil hacıleyləkdi. Qarı evinə gəlib girdi küpün içinə, puçunu burdu, о saat küp gurultuyla-pırıltıyla qalxdı düz göyün yeddinci qatına. Qarı küpün içində göydə dövr eləyirdi, bir də gördü ki, uzaqda bir imarət görünür, elə bil imarət deyil, gün çıxıb hər yerə işıq salır. Küpü düz sürdü о tərəfə, gəlib şəhər qırağında bir xarabalıqda endi yerə, küpdən çıxıb özünə yetmiş yerdən sığal verdi, bir əlinə əsa, bir əlinə də təsbeh alıb gəldi həmin imarətin qabağına. O qədər güddü ki, gördü padşahın qızı külafirəngə çıxıb bayıra baxır. Qarı gəlib külafirəngin yanından keçəndə birdən ayağını boş qoyub yıxıldı yerə, başladı yalandan ah-uf eləyib zarımağa.
Qızın qarıya yazığı gəldi, nökərlərə əmr elədi ki, gedin o qarını gətirin evə, bir az çörəkdən-zaddan verək. Nökərlər gedib qarını gətirdilər qızın yanına. Yaxşı deyiblər, kor nə istər iki göz, biri əyri, biri düz. Elə qarı da bunu istəyirdi ki, özünü birtəhər qızın yanına salsın. Qız qarını görən kimi dedi:
- Qarı nənə, hara gedirdin, niyə yıxıldın?
Qarı təsbehini çevirə-çevirə dedi:
- Bıy, qarı nənə sənə qurban, nə gözəl-göyçək qızsan, lap padşah qızına oxşayırsan. Mən kasıb bir arvadam, heç kimim yoxdu, elə sənin kimi insaflı adamların süfrələrindən artıq qalan qır-qırıntıdan verirlər, bir-təhər dolanıram. İndi məsçidə gedirdim, namaz qılmağa, acımdan qılçalarımda taqət qalmamışdı deyin, daşa ilişib yıxıldım.
Qızın qarıya yazığı gəldi, gətirib ona yemək verdi. Qarı doyunca yeyib qurtarandan sonra yağlı dilini işə salıb qızla şirin-şirin elə söhbətlər elədi ki, qızın xoşuna gəldi. Qız da neçə vaxtıydı ki, ata-anasından ayrılmışdı, burda da keçəlin qoca nənəsinden savayı söhbət eləməyə adam yoxuydu. Qarının söhbəti qızın ürəyini yumşaltdı. Qız da özünün bütün dərdini qarıya söylədi. Qarı gördü ki, qızın ürəyi tamam yumşalıb, nə soruşsa düzünü deyəcək, odur ki, dedi:
- Qızım, bu cah-calal ki, görürsən, heç bir padşahda ola bilməz, bəs, sənin ərin bu boyda dövləti hardan ahb?
Qız dedi:
- Qarı nənə, vallah bilmirəm.
Qarı gördü fürsətdi, tez dedi:
- Onda yəqin ərin səni istəmir.
Qız dedi:
- Yox, qarı nənə, о məndən ötrü ölür.
Qarı dedi:
- Qızım, onlar hamısı sözdü, əgər ərin səni istəsə, öz sirrini sənə deyər.
Qarı sözünü qurtarıb ayağa qalxdı ki getsin. Qız yalvardı ki, qarı nənə, sən Allah, sabah da gəl bizə, bir az söhbət elə, təkəm, yaman darıxıram. Qarı "Baş üstə, nənən sənə qurban," deyib getdi.
Axşam oldu, keçəl evə gələndə gördü arvadının qaş-qabağı yerlə gedir. Dedi:
- Sənə nə olub?
Qız dedi:
- Sən məni istəmirsən.
Keçəl dedi:
- Bu hardan ağlına gəldi?
- Əgər sən həqiqətən məni istəsən bu var-dövləti hardan almağının sirrini mənə deyərsən.
Keçəl nə qədər istədi deməsin, gördü yox, qız əl çəkmir. Axırda əlacı kəsildi, dedi ki, hal-qəziyyə belə, bəs dilimin altında bir üzük var, onu əlimdə tutub desəm ki, Həzrət Süleyman eşqinə, filan şey filan olsun, о saat о dediyim şey olur. Bu yerə saldığımız yaşıl xalçanın da üstünə çıxıb desəm ki, xalça, məni Həzrət Süleyman eşqinə, filan şəhərə apar, xalça о saat quş kimi uçub məni ora араrır. Bütün bu cah-cəlalı bu üzüklə xalçanın köməyilə düzəltmişəm.
Qız ərindən bu sözləri eşidəndən sonra rahat yatdı.
Səhər oldu, günortaüstü qarı əsasını yerə dirəyə-dirəyə yenə gəldi qızın yanına. O yandan, bu yandan söhbət eləyəndən sonra qız dedi:
- Qarı nənə, axşam ərimdən öyrəndim ki, bu dövləti hardan alıb.
Qız keçəlin dediklərini qarıya söylədi. Qarı istədiyinə çatmışdı deyə, bu gün dünənkindən də şirin söhbət elədi. Axşam oldu, keçəl gəldi, amma qarı getmək istəmədi. Yalandan özünü yerə yıxıb dedi:
- Vay, sancılandım.
Qarı yalandan bir hay-küy saldı ki, vay qaranlıq düşdü, mən necə gedəcəm. Qız dedi:
- Qarı nənə, nə çoxdu yerimiz, bu gece bizdə yatarsan, yaxşı olub gedərsən.
Elə qarı da bunu istəyirdi, O saatqızı qucaqlayıb o üzündən, bu üzündən marçamarç öpüb dedi:
- Qızım, səni görüm xoşbəxt olasan, qalmışdım fikirdə ki, bu sancıyla mən hara gedəcəm.
Gece yatmaq vaxtı gələndə qarının yerini qapının yanında saldılar. Qızla oğlan da evin yuxarı başında hərəsi bir yer salıb yatdılar.
Gecənin bir yaxtı imansız qarı durub bunların burnuna bihuşdarı iylətdi, barmağıyla oğlanın burnunu tutdu, oğlanın nefesi darıxdı, ağzını açdı, qarı əlini salıb dilinin altından üzüyü götürdü. Qarı dəstəmaz alıb namaz qıldı, xalçanın üstündə oturub dedi:
- Xalça, Həzrət Süleyman eşqinə, qızla məni bu imarətlə bərabər Hindistan padşahının torpağına apar.
Qarı bu sözü deyən kimi bir də gördü qalxdı göyün üzünə, bir göz qırpımında çatdı Hindistana. Üzüklə xalçanı da aparıb getdi padşahın yanına, əhvalatı tamam-kamal söyləyib dedi:
- İndi gedib qızına baxa bilərsən.
Padşah vəziri də götürüb getdi qızının yanına, gördü, doğrudan, belə bir imarət heç bir padşahın torpağında yoxdu. Özü də qızı hələ yuxudan ayılmayıb. Padşah qızını ayıldıb başladı dərdləşməyə.
Bunları burda qoyaq, görək keçəlin başına nə gəldi. Keçəl bir də ayılıb gördü ki, nə qız, nə ev, lələ köçüb, yurdu qalıb. Qoca nənəsiylə öz köhnə evlərində bir cırıq həsirin üstdə qalıblar. O saat barmağını dişlədi ki, bizi didərgin salan yəqin o qarı olacaq. Arvadımın dili dinc dursaydı, məndən sirri soruşmasaydı, belə də olmazdı.
Keçəl dedi:
- Nənə, yenə ipdən-zaddan əyir, aparım satım, bir az əppək alım.
Arvadın əlacı kəsildi, cehrəni, iyi götürdü, bir az yun eyirib iplik elədi, verdi keçələ ki, aparıb satsın. Keçəl dedi:
- Eh nənə, bundan nə çıxacaq, bir-iki qəpik-quruş verələr, ya verməyələr.
Nenəsi dedi:
- Ay oğul, neyləyim, əlimdən ayrı iş gəlmir.
Keçəl dedi:
- Ay nənə, kasıbın bəxti olmaz, cibimdə bir sağ yer yoxdu ki, qəpik-quruşumu ora qoyam, qorxuram düşüb itə. Bəlkə, köhnə kisədən-zaddan ola?
Nənəsi dedi:
- Bıy, ay oğul, yaxşı yadıma saldın, dədəndən bir kise, bir papaq, bir de bir tütek qalıb. Rəhmətlik həmişə deyərdi ki, bunlan divlərin zağasından tapıb. Men elə o vaxtdan onları sandıqda saxlayardım, gətirim torbanı verim.
Arvad gətirib boş kisəni nəvəsinə verdi. Keçəl ip yumağını da götürüb getdi bazara. Kələfi iki quruşa satdı, bir quruşuna əppək aldı, bir quruşunu da kisəyə saldı. Axşam oldu, keçəl gəldi evlərinə, çörəklərini yedilər, yatdılar. Səhər arvad yenə bir kələf verdi ki, keçəl aparıb satsın. Keçəl dedi:
- Nənə, dünən bir quruşluq əppək almışdım, bir quruş da artırıb kisəmə salmışdlm. İndi bu bir quruşu verim saxla, elə gündə bir quruş artırsaq yaxşı olar.
Keçəl kisəni açıb quruşu çıxaranda gördü ki, pul dönüb qızıl olub. Nənə-bala bu işə məəttəl qaldılar. Keçəl sevinə-sevinə getdi bazara, ipi satıb iki quruş qazandı; bir quruşluq çörək aldı, bir quruşu da kisəyə saldı. Evə gəlib kisəni açanda gördü ki, bu pul da qızıl olub. O saat bildilər ki, nə sirr varsa, bu kisədədi. Odur ki, nənə-bala əllərinə keçən daşı-kəsəyi kisəyə doldurub boşaldan kimi hamısı qızıl oldu. Bir gün, beş gün, keçəl kisəylə o qədər varlandı ki, var-dövlət başından aşdı. Bir qəşəng imarət tikdirdi ki, əvvəlkindən də yaxşı. İmarətə qızıl-gümüşdən, ləl-cavahiratdan bir bəzək vurdurmuşdu ki, yeddi ağaclıqdan gün kimi işıq salırdı. Keçəlin kefi lap kökəlmişdi, odur ki, dedi:
- Nənə, bu kişilikdən deyil ki, mən burda duram, arvadım Hindistanda. Allaha şükür, var-dövlət desən, bizdə, gəl sən burda ye-iç, dolan, mən gedim, bəlkə qızı tapa bildim.
Nənəsi istədi razı olmasın, gördü, yox, nəvəsi, əl çəkənə oxşamır. Əlacı kəsildi, razılıq verdi ki, oğul, yaxşı bu gece qal, sabah yola düşərsən.
Nənə-bala oturub dərdləşirdilər, birdən keçəl dedi:
- Nənə, əgər bu pul kisəsi olmasaydı, biz acından nə günə qalardıq, qapı-qapı düşüb dilənərdik.
Nənəsi dedi:
- Hə, ay oğul, neçə il idi ki, o kisə sandıqda dururdu, mən nə biləydim ki, bu kisə beləymiş.
Keçel dedi:
- Nənə, sən deyirdin ki, dədəmdən bir papaqla tütək də qalıb, birdən onlarda da bir sirr olar. Gətir bir baxaq, görək onlar necə şeydi.
Arvad durub sandıqdan papaqla tütəyi də gətirib nəvəsinə verdi. Keçəl papağı qoydu başına ki, görsün necə yaraşır. Elə papağı başına qoyan kimi nənəsi dedi:
- Bıy, başıma daşlar, nəvəm qeyb oldu ki?!...
Arvad başladı hay-şivənə ki, bala, sən necə oldun? Keçəl elə bildi ki, nənəsi dəli olub. Dedi:
- Ay nənə, sənə nə olub, görmürsənmi burda, yanında oturmuşam.
Arvad dad-fəryad elədi ki, ay oğul, vallah, səni görmürəm. Birdən keçəlin ürəyinə gəldi ki, demək olmaz, şətəl bu papaqdan keçmiş olar, tez papağı başından götürdü. O saat nənəsi keçəli qucaqlayıb dedi:
- Ay bala, bu nə iş idi?
Keçəl dedi:
- Nənə, darıxma, bu saat bu sirri tapacam.
Papağı qoydu nənəsinin başına, baxdı ki, indi də arvad yoxa çıxdı. Keçəl sevinə-sevinə dedi:
- Nənə, tapdım, bu papağı kim başına qoysa, gözə görünmür, indi də mən səni görmürəm.
Keçəl şükür elədi ki, bu lap yaxşı oldu. Papağı qoyaram başıma, heç kim məni görməz, nə kefim istəyər eləyərəm.
Keçəl dedi:
- Nənə, mənim gözüm bu tütəkdən də su içmir. Görəsən, bunda nə sirr var?
Tütəyi əlinə alıb, о üzünə, bu üzünə çevirdi, heç bir şey olmadı. Birdən ağzına apardı ki, görsün çalınırmı, elə bircə dəfə üfürmüşdü ki, bir də gördü ki, eşikdən bir səs-küy gəlir, bir hay-həşir var ki, az qalır yer-göy lərzəyə gəlsin. Qapını açıb eşiyə baxanda gördü burda о qədər qoşun var ki, iynə atsan уеrә düşməz. Keçəli görən kimi qoşun başçısı gəlib ona yalvardı ki, dünyada nə istəyirsən verək, bircə о tütəyi çalma, bizim hamımızın qulağı önun səsindən kar olub. Keçəl о saat başa düşdü ki, tütəkdə də bu sirr varmış. Keçəl fürsəti fövtə vermədi, dedi:
- Məni aparın Hindistan torpağına, mən də tütəyi çalmayım.
Qoşun böyüyü о saat razı oldu. Keçəl nənəsiylə halallaşıb düşdü qoşun böyüyünün yanına, başladılar getməyə. Elə bir az getmişdilər qoşun böyüyü nə elədi, nə eləmədi, keçəl bir də baxıb gördü ki, budu, Hindistan torpağında, qızın imarətinin qabağındadı. Keçəl qoşun böyüyünü buraxıb özü başladı qızın yanına getməyə. Gördü ki, qızın imarəti hər tərəfdən elə hündür hasarla dövrələnib ki, ordan heç quş da səkə bilməz. İstədi qapıdan xəlvət getsin, gördü yox, bu da mümkün deyil. Qapıda iki elə bığıburma pəhləvan durub ki, adamı az qalır gözləriylə yesin.
Keçəl о qədər gözlədi ki, qapı açılanda papağı başına qoyub bir böyürdən girdi içəri. Axtara-axtara düz gedib çıxdı qızın otağına. Qapının arasından baxıb gördü ki, arvadı evdə təkcə oturub, qabağında da bir yekə qızıl nimçədə aş. Keçəl papağı başına qoyub qapını açdı, girdi içəri, sonra da qapını örtüb, cəftəsini də vurdu. Qız gördü qapı açildı, sonra da öz-özünə bağlandı, amma içəri heç kim girmədi. Qızı vahimə basdı ki, görəsən, bu nə olan işdi. Keçəl yol gəlib bərk acmışdı, aşı görən kimi ədəb-ərkanla yerdə bardaş qurub başladı aşı yeməyə. Qız gördü aşı yeyirlər, amma gözə adam-zad görünmür. Qorxudan qışqırıb qaçmaq istəyəndə keçəl səsləndi ki, hara qaçırsan, mən sənin ərinəm, gelmişəm səni aparmağa. Keçəl papağı başından götürüb yerə qoydu, qız baxıb gördü ki, öz əridi. Dili tutula-tutula dedi:
- A kişi, bu nə işdi? Sən cinsən, şeytansan, nəsən? Məni bu sirdən agah elə.
Keçəl dedi:
- Gəl otur, bir az dərdləşək, sonra bilərsən.
Bunlar oturub başlarına gələn qəzavü-qəderdən danışdılar. Axırda keçəl dedi:
- İndi dur hazırlaş, səni aparmağa gəlmişəm.
Qız dedi:
- A kişi, sənin evin yox, yeməyə çörəyin yox, bu cür naz-neməti, var-dövləti qoyub hara gedirsən, elə qal burda olaq.
Keçəl dedi:
- Əşi, sən nə danışırsan, indi elə bir cah-cəlal düzəltmişem ki, bu gördüyün mülk onun yanında tövləyə oxşayır.
Qız inanmadı ki, inanmadı. Dedi:
- Axı, niyə məni aldadırsan, sən o qədər pulu hardan aldın?
Keçel gördü olmur, axırı açıb dedi:
- Ay zalım qızı, bax, bu kisəni görürsənmi, bunun içinə hər nə qoysan dönüb olur qızıl. Bütün var-dövləti bu kisəylə düzəltmişəm.
Qız dedi:
- Bəs, yaxşı, sənin xalçan yox, üzüyün yox, bu uzaq yolu nə cür gəlib çıxdın?
Keçəl tütəyi çıxardıb dedi:
- Bax, bunu bircə dəfə çalsam, hara istəsəm, məni aparıb qoyarlar.
Bunları burda qoyaq, sizə xəbər verək padşahdan.
Padşah qorxurdu ki, qızını gəlib apararlar. Odur ki, qızın otağının üstündən xəlvətcə bir baca açdırıb ora bir adam qoymuşdu ki, gecə-gündüz onu pusub gözləsin. Bu işdən qızın xəbəri yox idi. Qıznan keçəlin bu danışıqlarını bacadan pusan adam eşidib, düz qaça-qaça daban aldı padşahın yanına, bütün gördüklərini danışdı.
Padşah o qədər gözlədi ki, qıznan keçəl soyunub yatdılar. Bunlar şirin yuxuda yata-yata aynadan, bacadan düşüb keçəlin əl-ayağını sarıdılar, kisəni, papağı, tütəyi də aparıb padşaha verdilər. Keçəli möhkəm döyüb saldılar zindana.
Qızın da keçələ o qədər meyli yoxdu deyə, atasına heç bir söz demədi.
Keçəl zindanda qalmaqda olsun sizə kimdən deyim, keçəlin nənəsindən, itlə pişikdən. Yazıq arvad hər gün keçəlin cah-cəlalına baxıb ah çəkirdi. İtlə pişik də heç yerə getmirdilər. Keçəlin nənəsinə hayanlıq eləyirdilər. Arvad da elə meylini salmışdı itlə-pişiyə. Bir gün keçəl yenə nənəsinin yadına düşmüşdü deyə qarı bikef idi. İtlə pişik sözü bir yerə qoydular ki, bu heç kişilikdən deyil ki, keçəl bizi ölümdən qurtardı, gerək biz də ona yaxşılıq eləyək, gedək onu tapaq, üzüyü padşahdan alaq.
İtlə pişik yol başlayıb düz getdilər Hindistan torpağına. Pişik qabaqda qaçırdı, it də onu qovurdu, elə gedirdilər ki, heç quş da onlara çata bilməzdi. Bunlar bu getməklə düz qırx gün, qırx gecə yol getdilər, çaylar keçdilər, dağlar aşdılar, axırı Hindistan elinə gəlib çatdılar. Gedib qızın imarətini tapdılar. Pişik qapını açıb miyoldaya-miyoldaya girdi qızın yanına. Keçəlin arvadı o saat pişiyi tanıdı. Qız nə qədər pişiyi sığalladı, çörək verdisə, pişik səsini kəsmədi, gözü o üzə, bu üzə baxırdı. Qız başa düşdü ki, pişik keçəli axtarır. Odur ki, dedi:
- Ay Allahın heyvanı, bilirəm, keçəli axtarırsan, o zindandadı.
Qızın söz ağzından qurtarmamış pişiklə it qapıdan çıxıb zindana üz qoydular. Pişik bacadan özünü içəri saldı, başladı miyoldamağa. Keçəl o saat pişiyini tanıdı. Pişik dil açıb insan kimi dedi:
- İtlə mən gəlmişik üzüklə xalçanı oğurlayıb səni burdan aparaq.
Keçəl dedi:
- Üzük padşahın dilinin altındadı, xalça da taxtın qabağında yerə salınıb.
İtlə pişik düz getdilər padşahın evinin qabağına. Aynadan-qapıdan nə qədər boylandılarsa, girməyə bir yer tapmadılar. Pişik o tərəf bu tərəf boylanırdı bir də gördü ki, bir siçan qapının altından çıxıb qaçır. Tez xırtdəkləyib siçanı tutdu. Siçan gözünün yaşını sel kimi axıdıb başladı yalvarmağa, dedi:
- Səni and verirəm ananın südünə, məni yemə, balalarım acdı, onlara yemək aparıram.
Pişik dedi:
- Bir şərtim var, onu yerinə yetirsən yemərəm.
Siçan dedi:
- Şərtin nədi?
Pişik dedi:
- Gərək sən qapının küncündən bir deşik açasan, mən də sənnən ordan girək içəri. Padşahın dilinin altında bir üzük var, onu çıxardıb verərsən mənə, ondan sonra sənnən işim yoxdu.
Siçan əlini gözünün üstə qoyub dedi:
- Baş üstə, o mənim əlimdə.
Siçan o saat dişiynən qapının taxtasını xırtaxırtla kəsib bir deşik açdı. Pişiklə girdilər içəri. Pişik tez dırmaşıb cəftəni içəriden açdı, qapının arasını açıq qoydu. Gördülər padşah taxtın üstə fıshafısla yatır. Pişik tez yerdən xalçanı qatlayıb verdi itə. Siçan taxtın üstə o, üze, bu üzə hoppanıb çıxdı padşahın sinəsinin üstünə, yavaşca quyruğunun ucunu padşahın burnunun deşiyinə saldı, o saat padşah asqırdı, üzük ağzından sıçrayıb yerə düşdü. Pişik üzüyü götürdü, siçana razılıq eləyib çıxdı eşiyə. İt xalçanı, pişik də üzüyü götürüb getdilər keçəlin yanına, üzüyü verdiler keçələ. Keçəl dedi:
- Üzük, Həzrət Süleyman eşqinə, məni bu zindandan qurtar.
Söz ağzından qurtaran kimi bir də gördü ki, zindanınqapısı açıldı. Keçəl çıxıb itlə də görüşdü. Üçü de oturdular xalçanın üstündə. Keçəl yenə dedi:
- Xalça, Həzrət Süleyman eşqinə, arvadımı da burda səndən istəyirəm. Bizi apar öz evimizə.
Bir də gördülər arvad da xalçanın üstündədi. Xalça qalxıb göyə, uça-uça bunları düz gətirdi öz evlərinə. Keçəlin nenəsi sevindiyindən bilmədi neyləsin.
Bunları burda qoyaq, görək padşah necə oldu. Padşah yuxudan ayılıb gördü xalça yoxdu, dilini tərpədib gördü ki, üzük də qeybə çəkilib. Padşah dizinə döyə-döyə qaldı, şivən saldı, vəzir-vəkili başına yığdı, bir çarə istədi. Axırda vəzir dedi:
- Qibleyi-aləm sağ olsun, bu işə bircə küp qarısından savayı heç kim əncam çəkməyəcək, sən onu çağırtdır.
Padşah o saat həmən küpəgirən qarını gətirtdi hüzuruna. Əhvalatı ona söyləyib kömək istədi. Qarı evvəlcə çox nəm-nüm elədi ki, axı onlar məni tanıyırlar, bu dəfə harda görsəler tutub öldürərlər. Padşah qarının ovcuna iki xışma qızıl qoyub dedi:
- Mən bilmirəm, neyləyirsən elə, qızımı tap gətir. Qarı küpünün içinə girib düz qalxdı göyün yeddinci qatına, gedib keçəlin olduğu şəhərə çatdı. Bir xarabalıqda küpünü gizlədib sehr oxudu, özünü elədi on beş yaşında qız. Düz gəlib keçəlin evinin qabağında oturdu. Elə bu hində keçəlin arvadı aynadan qızı gördü, adam göndərdi ki, gedin o qızı çağırın görüm buralarda nə axtarır. Gedib qız sifətinə düşmüş küp qarısını gətirdilər. Keçəlin arvadı dedi:
- Ay qəşəng qız, buralarda nə axtarırsan?
Qız dedi:
- Ay xanım, vallah, mən köçdən qalıb azmışam, ata-anamı axtarırdım, tapa bilmədim, indi gecələməyə bir yer axtarıram, gəlib çıxmışam bura.
Padşah qızının buna yazığı gəldi, ərini himnən başa saldı ki, nə deyirsən, bunu yanımızda saxlayaqmı?
Keçıl fikirləşdi ki,. arvadım atası evində kəniz-qaravaşların qayğısı ile böyümüş adamdı, indi burda təkcə qulağı batmış adam kimi qalıb, elə bu qızla gününü keçirər, darıxmaz, odu ki, başıyla razılıq verdi. Padşah qızı dedi:
- Ay qəşəng qız, mən gündüzlər evdə tək qalıb darıxıram, gəl sən qal mənim yanımda, nə vaxt atan-anan gələr, onda gedərsən.
Yaxşı deyiblər, kor nə istər iki göz, biri əyri, biri düz. Qız belə bir işi Allahdan istəyirdi. Odur ki, özünü tülkülüyə qoyub dedi:
- Xanım, sən ki deyirsən qal, qalıram yanında.
Bəli, gecə oldu, yatmaq vaxtı gəldi, yer salıb hərəsi bir tərəfdə yatdılar. Gecədən bir az keçmiş keçəl yenicə yuxuya getmişdi ki, qız durub ər-arvadın burnuna bihuşdarı iylətdi, sonra üzüyü keçəlin dilinin altından çıxardıb dedi:
- Üzük, Həzrət Süleyman eşqinə, bir göz qırpımında qızla məni bu imarətlə bir yerdə apar Hindistana.
Söz tamam olan kimi qarının mətləbi hazır oldu, qız gözünü açanda gördü ki, Hindistanda atasının yanındadır. Bu tərəfdən də keçəl ayılıb gördü ki, yenə nənəsiylə qalıb öz köhnə daxmalarında bircə cırıq həsirin üstündə. Keçəl başına ikiəlli bir qapaz ilişdirdi ki, kül mənim başıma, bu şətəl yəqin o qızdan keçdi, mən niyə onu evə qoyurdum ki, başıma da bu oyun gəlirdi. Keçəl and içdi ki, vallah, əgər mənim bir də əlimə fürsət düşsə, gərək padşahla qarıya bir turp əkdirəm, bir turp əkdirəm ki, qiyamətəcən yadlarından çıxmasın.
Bu işlər keçələ yaman əsər eləmişdi. Nə yeyirdi, nə içirdi, acından quruyub lap ələngəyə dönmüşdü. Bir gun axşam vaxtı keçəl nənəsinə dedi:
- Nənə, məni tikə-tikə doğrasalar da, burda duran deyiləm. Gedirəm.
Nənəsi nə qədər yalvar-yapış elədi ki, oğul, bu vaxt hara gedirsən, qal, sabah get.
Keçəl dedi:
- Nənə, üz vurma, daha dura bilmirəm, mən getdim.
Nənəsi gördü ki, keçəl dediyindən dönməyəcək.
Odur ki, dedi:
- Oğul, get, yolun uğurlu olsun.
Keçəl evdən çıxdı, az getdi, çox dayandı, çox getdi, az dayandı, dağlar aşdı, çaylar keçdi, gəlib bir meşəyə çıxdı. Keçəl acmışdı, yeməyə bir şey axtarırdı. Gördü ki, meşə doludu cır meyvəylə. Bir az almadan-armuddan, gavalıdan dərib doldurdu xurcununa. Ürəyi əzilirdi, iki dənə gavalı götürüb ağzına atdı. Elə gavalını yeyib qurtaran kimi bir də gördü ki, təpəsinin ortasından iki buynuz cıxdı.Nə qədər çalışdı ki, buynuzları qöparsın, gördü mümkün olmur. Qaldı məəttəl ki, görəsən, bu niye belə oldu, ağlına da gəlmədi ki, bunu eləyən gavalıdı. Bir azdan sonra xurcundan bir armud çıxarıb yedi. Bu dəfə gördü ki, elə bil düz-dünya hərləndi başına, kəllə-mayallaq dəydi yerə. O saat başı qaldı yerdə, ayaqları göydə. Keçəl tamam çaşbaş qaldı. Nə qədər elədi, ayağa qalxa bilmədi. Başa düşdü ki, bunu bu günə salan yediyi meyvələrdi. Yazıq keçəl başı yerdə, ayaqları göydə əlləriylə ölüm-zülüm bir xeyli gedib meşədən çıxdı, gördü aşağıda bir qəşəng örüş var. Endi örüşə, istədi bir az uzanıb dincini alsın, gqrdü yox, nə uzanmaq, nə dincəlmək heç biri mümkün deyiL Keçəl lap təngə gəldi.
Öz-özünə fikirləşdi ki, məni bu günə salan gavalıyla armud oldu. Allaha təvəkkül, qoy almadan da birini yeyim, ya məni bir az da pis günə salsın, ya da öldürsün, canım qurtarsın. Bu fikirlə almadan birini yedi. Almanı yeyəndən sonra nə görsə yaxşıdı, bir də gördü ki, tezədən dönüb anadangəlmə oldu. Buynuzu yoxa çıxdı, başladı yenə həmişəki kimi yeriməyə. Keçəl istədi ki, xurcundakı meyvələri boşaltsın yerə. Birdən ağlına gəldi ki, ele yaxşı oldu. Gederəm Hindistana, bunları birtəhər fırıldaqla verərəm padşah yeyər, buynuz çıxardıb təpəsi üstə qalar.
Keçəl xurcunu çiyninə salıb soraqlaşa-soraqlaşa başladı Hindistana getməyə. Elə bir az getmişdi ki, gördü bir kahanın qabağında bir bədheybət div, ayaqları qalxıb göyə, başı qalıb yerdə. Div elə qəzəblənib, elə qəzəblənib, dırnaqlarıyla yeri kotan kimi eşir, nərəsindən dağ-daş lərzəyə gəlib əsir. Keçəl divi görəndə istədi qaçsın, div onu görüb, çağırdı, dedi:
- Ey bəni-insan, mənim əlimdən heç yana qaça bilməyəcəksən, nahaq əziyyət çəkmə, mən neçə illərdi ki, belə təpəsi üstə qalmışam, əgər dərdimə əlac eləyə bilsən, nə istəsən onu verəcəyəm, yox əlac edə bilməsən, səni bircə tikəyə dürmək eləyib yeyəcəm.
Keçəl başa düşdü ki, div də onun kimi armud yeyib bu günə düşüb. Odur ki, xurcunundan bir alma çıxardıb verdi divə, dedi:
- Bu almanı ye, yaxşı olacaqsan.
Div almanı yeyən kimi qalxıb durdu ayaq üstə, sevindiyindən başladı keçəli duz kimi yalamağa. Div dedi:
- Qardaş, indi də görüm məndən nə istəyirsən?
Keçəl dedi:
- Səndən heç nə istəmirəm, bircə məni aparıb qoyarsan Hindistana.
Div o saat əlini gözünün üstə qoyub dedi:
- Mənim gözüm üstə, min dalıma, özü də gözünü yum.
Bəli, keçəl xurcununu çiyninəsalıb mindi divin dalına. Div bir əfsun oxuyub qalxdı göyə, uça-uça keçəli aparıb qoydu Hindistana.
Keçəl Hindistana çatmaqda olsun, sizə kimdən xəbər verim, padşahdan. Demə, padşaha soyuq dəyib bir az kefsizmiş. Keçəl gördü ki, car çəkirlər ki, bəs padşah azarlayıb, yaxşı həkim lazımdır. Özünə güvənən həkim varsa gəlsin onu yaxşı eləsin, çoxlu xələt alsın. Keçəl fursəti fövtə verməyib tez həkim paltarı tapıb geydi, xurcundakı meyvələrdən də bir az cibinə doldurub getdi padşahın yanına. Əhvalatı söylədi ki, bəs, mən həkiməm, səni yaxşı eləyə bilərəm. Padşah dedi:
- Həkim, mənim başımda bu saat bir ağrı var ki, bütün dünya gözümə qaranlıq görünür. Məni yaxşı eləsən, nə istəsən verəcəm.
Keçəl cibindən bir armudla bir gavalı çıxarıb verdi padşaha, dedi:
- Al, bunlarm ikisini də birdən ye, sağalacaqsan.
Padşah armudla gavalını yeyən kimi təpəsindən buynuz çıxartdı, özü də ayaqları qalxdı göyə, başı endi yerə, qaldı təpəsi üstə kəlləmayallaq. O saat hay-küy düşdü, keçəli tutdular. Keçəl dedi:
- Heç zəhmət çəkməyin, mən qaçıb eləyəsi deyiləm.
Vəzir arif adamdı, gördü ki, padşah kəllə-mayallaq olandan sonra həkim əlini belinə qoyub baxır, özü də suçlu adama oxşayır. Keçəl dedi:
- Mən olmayandan sonra heç kim səni yaxşı eləyə bilməyəcək, təpəsi üstə qalıb öləcəksən. And iç ki, istədiklərimi verəcəksən, səni yaxşı eləyim.
Padşah and-aman eləyəndən sonra keçəl çıxardıb ona bir alma verdi. Padşahın gözü qorxmuşdu deyə yemək istəmədi. Keçəl dedi:
- Ye, qorxma, sənin dərmanın bu almadadı.
Padşah almanı yeyən kimi durub oturdu yerində, buynuzu da düşdü yerə, hamı bu işə məəttəl qaldı. Keçəl xalçayla üzüyü alandan sonra gəldi arvadının yanına, onunla xalçanın üstündə oturub dedi:
- Xalça, Həzrət Süleyman eşqinə, bizi apar öz qızıl kərpicli evimizə.
Xalça göyə qalxıb bunları gətirdi öz imaretlərinə.
Keçəl nənəsiylə görüşüb-öpüşdü. İtlə pişiyi de doyuzdurub öz yanında saxladı. O gündən itlə pişik imarətin dörd tərəfini gözləyib həndəvərə bir adam da buraxmadılar.
Günlərin birində keçəl arvadına dedi:
- Yaxşı, sən məndən hər nə xəbər alırdınsa, mən sənə deyirdim, indi sən də mənə de görüm sən ki, üzüyün sirrini bilirdin, qarı səni oğurlayıb aparandan sonra niyə məni axtarmırdın?
Qız dedi:
- Vallah, Allahdan gizlin deyil, səndən ne gizlin. Mən baxıb gördüm ki, sən qoçaq, mərd oğlansan, amma başına baxanda adamın qol-qanadı sınıb yanına düşürdü. Sənin keçəl olmağın məni yaman məyus eləyirdi. Odur ki, qalmışdım iki yolun arasında.
Bu söz keçəli yaman bərk tutdu, bir xeyli fikrə getdi. Birdən yadına düşdü ki, axı mənim barmağımdakı üzük dünyada nə istəsən onu verir, mən niyə dərdimə ondan əlac istəmirəm?
Keçəl tez üzüyü barmağından çıxardıb oturdu xalçanın üstündə, dedi:
- Üzük, Hezret Süleyman eşqinə, məni elə yerə apar ki, orda başımın dərmanı olsun.
Söz tamam olan kimi xalça qalxdı ərşə, o qədər yol getdi ki, gedib dünyanın axırına çıxdı, orda bir meşənin içinə endi. Keçəl gördü yanında bir qəşəng bulaq var ki, suyu dumduru göz yaşı kimi. Suyun içindəki daşlar elə gözəl, elə qəşəngdi ki, elə bil ləl-cəvahiratdı. Hava çox istiydi, keçəl də neçə gün yol gəldiyindən toz-torpağın içindəydi. Odur ki, paltarını soyunub özünü verdi bulağın suyuna, bir çala düzəldib doyunca çimdi. Sonra çıxıb qıraqda başladı qurulanmağa, əlini atdı ki, başını qurulasm, gördü eyə, başına tük gəlib. Özünə inanmadı, bir də əlini apardı başına, gördü doğrudan da başına tük gəlib. Əyilib suda öz şəklinə baxdı, gördü nişanədən ötəri başında bir tük tapılmayan keçəlin başı tüklə doludu. Keçəl sevindiyindən bilmədi neyləsin. Oturdu xalçanm üstündə düz gəldi evlərinə.
Arvadı keçəli görəndə az qaldı tanımasın. Keçəl elə qəşəng oğlan olmuşdu ki, üzünə baxan deyirdi bir də baxım. Bayaq qızın məhəbbəti bir idisə, indi artıb oldu min. Ər-arvad yeyib-içib kef çəkdilər, siz də yeyin, için, muradınıza çatın.
Göydən üç alma düşdü, biri mənim, biri itlə pişiyin, biri də qulaq asanların.
Qaynaq: http://meneviservetimiz.az