تورک بالاسی TÜRK BALASI

TÜRK DÜNYASI UŞAQ ƏDƏBİYYATI

Tahir və Zöhrə dastanı

+0 BƏYƏN



Tahir və Zöhrə dastanı


Ustad belə rəvayət edir ki, Qaraman şəhərində iki qardaş var idi. Böyüyünün adı Hatəm Soltan, kiçiyinin adı Əhməd vəzir idi. Hatəm Soltan Qaraman şəhərinin padşahı, Əhməd onun vəziri idi. Mal-dövlətləri bihədd, cah-calalları bihesab idi. Ancaq heç birinin züryəti yox idi ki, öləndə yerlərində qalsın. Əhməd vəzir adil, rəiyyətpərvər idi. Amma Hatəm Soltan zalım, xunxarın biri idi. Əhməd vəzir fəqirə, füqəraya həmişə əl tutardı. Ancaq övladı olmadığından həmişə bikef, qəmgin olardı. Günlərin bir günündə Əhməd vəzir yenə də oturub övlad dərdi çəkirdi, bu zaman nurani dərviş daxil olub, salam verdi. Əhməd vəzir salamın cavabını rədd edəndən sonra, qalxıb dərvişin kəşkülünü aldı, içinə bir çəngə əşrəfi qoyub, dərvişə qaytardı. Dərviş qoltuğundan bir alma çıxardıb, Əhməd vəzirə dedi:

- Al, muradın hasil olar, - deyib çıxıb getdi.

Əhməd vəzir almanı о tərəfə-bu tərəfə çevirdi, baxdı ki, ömründə bu gözəllikdə alma görməyib. Heç dünya almasına bənzəmir. Əhməd vəzir axşama kimi almaya tamaşa elədi.
Axşam rəxt-xabə girib yatdı. Gecənin bir aləmində gördü ki, evin bir tərəfindən divar yarıldı, həmin alma verən nurani dərviş içəri girdi. Dərviş üzünü Əhməd vəzirə tutub dedi:
- Ay Əhməd vəzir, dünən sana verdiyim almanı götürüb, gedərsən Hatəm Soltanın hüzuruna. Almanı tən ortasından iki yerə bölərsən. Bir parçasını sən yeyərsən öz arvadın ilə, bir parçasını da Hatəm Soltan öz arvadı ilə yeyər. İnşallah hər ikinizin övladı olar.
Dərviş sözünü qurtarıb qeyb oldu, divar da ağız-ağıza gəlib, bitişdi. О saat Əhməd vəzir hövlnak yuxudan ayıldı. Gördü heç kəs yoxdu, ancaq otaq ətir, ənbər qoxusu verir. Anladı ki, yuxu görüb imiş. Bir qədər fikrə getdi. Aranı dağa apardı, dağı arana gətirdi. Elə fikirdə idi ki, arvadı otağa daxil oldu. Arvad bir о tərəfi iylədi, bir bu tərəfi iylədi, acıqlı-acıqlı dedi:
- Ey Əhməd vəzir, bu nə ətir, ənbərdi? 
Əhməd vəzir cavab verdi ki:
- Dünən bir nurani dərviş mənə bir alma verdi ki, qardaşımla yeyək övladımız olsun. Bu ətir haman almanın ətridi.
Arvad şad olub, hərəmxanaya getdi, Əhməd vəzir də qardaşnın hüzuruna gəlib, əhvalatı ona nağıl etdi. Almanı ikiyə bölüb, birini qardaşının bərabərinə qoydu, birini də özündə saxlayıb dedi:
- Ey qardaş, gəl bir şərt qoyaq, ondan sonra almanı yeyək.
Hatəm Soltan cavab verdi:
- Çox gözəl, nə şərtin var, söyləyə bilərsən.
Əhməd vəzir dedi:
- Qardaş, atanın üstündə övladın üç haqqı var. Birinci tərbiyə, ikinci təlim, üçüncü evləndirmək. Bu üç məsələni vacibdi ata yerinə yetirsin. Burda şərt qoyaq ki, əgər mənim oğlum, sənin qızın olarsa, sən qızını mənim oğluma verərsən, yox, mənim qızım, sənin oğlun olarsa, mən qızımı sənin oğluna verərəm.
Hatəm Soltan vəzirin fikrini bəyəndi, əl-ələ verib, əhd elədilər. Almanı yedilər. Bir müddət gəlib keçdi, hər ikisinin arvadı hamilə qaldı. Əhməd vəzir başladı yetim-yesirə, fəqir-füqəraya ehsan verməyə. Та ki, doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə, doqquz saniyə tamam oldu. Hər ikisinin arvadı bari-həmli yerə qoydu. Əhməd vəzirin bir oğlu, Hatəm Soltanın bir qızı oldu. Bu uşaqlar hər ikisi bir-birinə о qədər bənzəyirdilər ki, guya bir alma yarı bölünmüşdü. Məclis qurdular, şadlıq keçirdilər, oğlanın adını Tahir, qızın da adını Zöhrə qoydular. Uşaqların hər ikisini kamil dayələrə tapşırdılar. Nağıl dili yüyrək olar. Vaxt dolandı, il keçdi, oğlanla qız yeddi yaşa doldular. Bunlar elə gözəldilər, gözəllikdə bərabərləri yox idi. Əhməd vəzir Hatəm Soltana xəbər göndərdi ki, uşaqların məktəb vaxtıdı. Hər ikisi də həmrəy olub, uşaqları kamil bir mollaya tapşırdılar. Uşaqlar bir yerdə məktəbə gedib-gəlirdilər. Bir oturub, bir dururdular. Oyun vaxtı da uşaqlara qatışmayıb, bir küncdə söhbət elərdilər. Məktəbin həyətində bir sərv ağacı var idi. Hansı tez gəlsə, onun dibində oturub, о birini gözlərdi.
Deyirlər ki, bu məktəbdə bir də bir keçəl var idi. Bir könüldən min könülə aşiq olmuşdu Zöhrəyə. Amma nə qədər əlləşirdisə, Zöhrə ona səmt getmirdi. Bir gün yenə də onları bir yerdə görüb, tez özünü verdi mollanın yanına ki:
- Molla, Tahir ilə Zöhrə dərsdən qaçıb söhbət edirlər.
Mola bunu eşidən kimi ayağa qalxdı, daban alıb düz Hatəm Soltanın yanına getməkdə olsun, sizə xəbəri Tahirlə Zöhrədən verim. Tahirlə Zöhrə vədə yerində şirin-şirin söhbət eləyirdilər. Molla özünü Hatəm Soltanın yanına salıb, Tahirlə Zöhrənin dərsdən qaçdığını ona xəbər verdi, üstəlik də dedi ki:
- Qızınız yekəlib, həddi-büluğa çatıbdı. Onu bir də məktəbə buraxmayın. Mən gəlib evdə ona dərs deyərəm.
Hatəm Soltan mollanın sözünə inandı. Elə ki Tahir ilə Zöhrə evə qayıtdılar, Hatəm Soltan qızını qulluğuna çağırıb dedi:
- Qızım, bir də sən məktəbə getməzsən. Molla gəlib evdə sənə dərs deyəcək.
Zöhrə atasına heç bir söz demədi, amma batində ürəyinə qan damdı. Elə ki mənzilinə getdi, dizini qucaqlayıb oturdu fikir eləməyə. Anası evə gəlib, gördü qızı fikir dəryasına cumub, soruşdu:
- Qızım, niyə bikefsən?
Zöhrə cavab verdi ki:
- Ana, xəstələnmişəm, başım ağrıyır.
Anası Zöhrəyə təsəlli verməkdə olsun, sizə kimdən xəbər verim, Tahirdən. Sabah açıldı. Tahir Zöhrənin eşqilə yerindən qalxıb, əl-üzünü təmiz-təmiz yudu, heybəsini alıb məktəbə tərəf yönəldi. Elə ki, vədə yerinə gəldi, Zöhrəni görmədi, dizlərini qucaqlayıb, sərv ağacının dibində oturdu, Zöhrənin yolunu gözləməyə başladı. Nə qədər gözlədisə, Zöhrə gəlmədi. Tahirin xəyalına gəldi ki, bəlkə əmim qızı məni sınamaq üçün özü qəsdən tək məktəbə gedib. Durub məktəbə gəldi. Gördü Zöhrə məktəbdə də yoxdu. Tahir Mirzənin bir qardaşlığı varıdı, adı Xanlar xan idi. Özün yetirib onun yanına, sazı əlinə alıb mahnı ilə soruşdu ki, Zöhrə məktəbə niyə gəlməyib?

Bu zaman molla içəridə idi, səsi eşidib ürəyində dedi: “Yaxşı, oxu,bu saat gəlib atana od vuracağam”. Molla tez gəlib soruşdu:
- Kim idi oxuyan?
Keçəl tez ayağa qalxdı, mollaya göz basdı, barmağı ilə Tahiri göstərdi. Özünü bildirməmək üçün zahirən dedi:
- Mən idim.
Molla əmr elədi, falaqqa-çubuğu hazır elədilər. Amma keçəl nə qədər şuğul idisə, molla da о qədər küt idi. Keçəlin işarəsini başa düşməyibmiş. Elə bildi ki, doğrudan da oxuyan keçəl imiş. Keçəlin ayağını falaqqaya salmaq istəyəndə Tahir dedi:
- Molla əmi, falaqqanı qoy dursun. Oxuyan mən idim. 
Molla əmr elədi, Tahirin ayağını qoydular falaqqaya. Molla dedi:
- Kim istəyir vursun?
Keçəl dedi:
- Mən.
Keçəl falaqqa-çubuğuynan Tahirin ayağına о qədər vurdu ki, ayağının altı qabıqdan çıxdı. Keçəl əlini dayandırıb dedi:
- Tahir, bir də keçəlin yarının adını tutmazsan.
Tahir Mirzə yenə özünü sərv ağacının dibinə saldı. Əlini alnına verib, fikir eləməyə başladı. Elə bir az oturmuşdu, Zöhrə özünü ona çatdırdı. Əhvalatı ona nəql elədi.
- Əmi oğlu, qəm yemə, inşallah kama çatarıq.
Bəli, bunlar ayrıldılar. Tahir ayağa qalxıb, axsaya-axsaya özün yetirdi evlərinə. Qonaq otağının açarı cibində idi. Otağı açıb, daxil oldu otağa, üzüqoylu yıxılıb, ağlamağa başladı, ta ki, axşam oldu. О biri tərəfdən atası, anası gördülər ki, Tahir gəlmədi. Başladılar onu axtarmağa. Hər nə qədər axtardılarsa, Tahirdən bir nişana tapa bilmədilər. Axırda anasının yadına qonaq otağı düşdü. О saat otağa girdi, nə gördü: Tahir ağlayır. Anası sual elədi:
- Oğul, nə üçün ağlayırsan?
Tahir dedi:
- Ana, mən Zöhrəyə aşıq olmuşam.
Bu vaxt Əhməd vəzir gəlib çıxdı. Oğlunun ağlamağının səbəbini bilib dedi:
- Oğul, nə fikir eyləyirsən? Qız elə sənindi. Sabah gedərəm, başına bir yaylıq örtərəm, barmağına da bir üzük salaram, qurtarar gedər.
Tahir sakitləşib, sabahın intizarını çəkməyə başladı. Elə ki, sabah açıldı, Əhməd vəzir yerindən qalxıb, üz qoydu qardaşının yanına getməyə. Gəlib gördü qardaşı hələ yerindən durmayıb. Onun yanında əyləşdi.
Hatəm Soltan soruşdu:
- Qardaş, belə tezdən gəlməkdə məqsədin nədi?
Əhməd vəzir cavab verdi:
- Qardaş, özünə məlumdu ki, bizim uşaqlarımız barədə üç şərtimiz var idi. Şərtə də vəfa etmək vəzifəmizdi. İndi oğlan da, qız da yetişiblər. Qızını ver oğluma, əhdimiz yerin alsın.
Bu sözü eşitcək Hatəm Soltan qəzəblənib dedi:
- Qardaş, elə xam xəyallara düşmə! Yeddi it küçüyüm olsa, birini də Tahir Mirzəyə vermərəm.
Elə ki, Əhməd vəzir bunu eşitdi, heç bir söz danışmayıb, bikef otaqdan çıxdı. Fikir eləyə-eləyə evinə gəldi. Tahir atasının bikefliyini görüb, özünü saldı mənzilinə, hönkür-hönkür ağlamağa başladı. Bunu ağlamaqda qoyaq, bir neçə kəlmə Hatəm Soltandan danışaq.
Hatəm Soltan Əhməd vəzir gedəndən sonra fikir elədi ki, Əhməd vəzirin hörməti xalq arasında məndən çoxdu. Tədbir ilə görülən iş güc ilə görülə bilməz. Mən onu incitdim, gedib xalqı başına toplar, qızımı da, səltənətimi də əlimdən alar. Ona görə, gərək hiylə ilə Əhməd vəziri də, Tahiri də öldürəm, ondan sonra rahatca hökmdarlığımı eləyəm. О saat qapıçını çağırıb, əmr elədi:
- Get, qardaşım Əhməd vəziri bura çağır!
Qapıçı gedəndən sonra cəllad Qasımı çağırıb dedi:
- Qapının dalında durarsan. Əhməd vəzir içəri girəndə boynunu elə vurarsan ki, bir qətrə qanı da yerə düşməz.

Cəllad Qasım qılıncı alıb, qapının dalında durdu. Amma çox keçmədi ki, cəllad Qasımın ürəyinə dağdağa düşdü. Özü-özünə fikir elədi ki: “Qasım, sən dəlisən, nəsən? Bəlkə padşahın bu gün acığı tutub, sabah da acığı soyuyacaq. Onda deyər ki, mənim acığım tutmuşdu dedim, sən niyə qardaşımı öldürdün? Onda şaha nə cavab verərəm? Yaxşısı budu, mən Əhməd vəziri öldürməyim, qoy özü öldürsün”. Bu vaxt Əhməd vəzir özü gəldi, sağ-salamat keçdi Hatəm Soltanın otağına. Hatəm Soltan qardaşını sağ-salamat görəndə az qaldı od tutub yansın. Paltarı geymək bəhanəsi ilə göydən xəncəri aldı, özün Əhməd vəzirə yetirib onu fürsətdən salmaq üçün dedi:
- Qardaş, qız alanın ya gərək bir çuval zəri ola, ya da zoru. Mən bir söz deməklə sən nə üçün küsdün? Get şərbət ehtiyatı gör, qızımı verəcəyəm sənin oğluna. Belə deyib, lap yaxına getdi, Əhməd vəzirin ürəyinin başından qılıncı elə sancdı ki, qılınc iki barmaq kürəyinin ortasından çıxdı. Əhməd vəzir о saat canını tapşırdı, Hatəm Soltan cəllad Qasımı çağırıb dedi:
- Apar, bunun leşini at dənizə! Sonra da Tahir ilə anasını öldür, başını mənim yanıma gətir.
Cəllad Qasım Əhməd vəzirin leşini aparıb dənizə atdı, özünü yetirdi Tahir Mirzənin qulluğuna. Əl atıb onun yaxasından yapışdı, istədi boynunu vursun. Tahir dedi:
- Ey cəllad, cəlladda da bir rəhm olar. Atamın çörəyin unudursan, barı mənim cavan, nakamlığıma qıyma. 
Cəllad Qasımın Tahir Mirzəyə rəhmi gəlib, onu öldürmədi, buraxdı.
Gəlib şaha dedi:
- Tahir Mirzə eşidib ki, atasını öldürmüsən, qaçıb gizlənib.
Padşah car çəkdirdi ki:
- Hər kəs Tahir Mirzənin başını mənə gətirsə, onu dünya malından qəni eləyəcəyəm.
Bunlar Tahiri axtarmaqda olsun, görək Tahir başına nə çarə qıldı. Tahir qaçıb atasının xanə bağçasında gizləndi. Bir neçə gündən sonra gördü ki, acından ölür. Durub bağçanın kənarına gəldi ki, görsün bir qədər çörək ələ gətirə bilərmi? Nə qədər baxdısa, ağlı kəsən bir adama urcah olmadı. Bir də gördü bir neçə adam yolla gedir. Adamlar Tahir Mirzəni tanıdılar. Bir qocanın ona rəhmi gəlib dedi:
- Oğlum, Tahir, sən gəl Zöhrədən əl çək, bir başqasını al. Əgər əl çəkməsən, padşah səni öldürdəcək. 
Bunlar Tahirdən ayrılıb getdilər. Az keçdi, çox keçdi, bir də baxdı ki, budu, atasının xərkanı bir neçə ulax yük aparır. Sevinib xərkanı səslədi.
Xərkan ona yavuq gəldi. Tahir Mirzə atasının duz-çörəyinə and verib dedi:
- Məni gördüyünü bir yerdə demə. Bir də mənə bir qədər çörək tap.
Bunu deyib xərkana bir ovuc da əşrəfi verdi. Xərkan şad olub, çörək dağarcığını Tahirə verdi. Xərkan çox cuğul adam idi. Tahirdən ayrılan kimi düz padşahın qulluğuna gəlib dedi:
- Qibleyi-aləm, nə verərsən Tahirin yerini sənə deyim?
Padşahın əmri ilə xərkanın dağarcığını qırmızı qızıl ilə doldurdular. Xərkan çox şad olub macəranı şaha bəyan elədi. Şah о saat cəllad Qasıma əmr elədi ki, gedib Tahirin başını kəsib gətirsin. Cəllad Qasım özünü yetirdi xanabağçaya. Baxdı ki, Tahir sağında Məhəmməd, solunda Əhməd adlı qulamları ilə oturub çarhovuzun başında, quru çörəyi suda isladıb yeyir.
Cəllad Əhmədlə Məhəmmədin yaxasından yapışdı, hər ikisinin başını toyuq başı kimi kəsdi. Ondan sonra istədi Tahir Mirzəni də öldürsün, Tahir dedi:
- Ey cəllad, sən mənim atamın çörəyini yemisən, mənim nahaq qanıma girmə! Məni apar Hatəm Soltan özü öldürsün.
Cəllad Qasım Tahirin yaxasından əl çəkdi, hər iki qolunu qısqıvraq arxasında bağlayıb, qatdı qabağına, düz Hatəm Soltanın hüzuruna gətirdi.
Hatəm Soltan Tahiri görcək, əmr elədi ki:
- Tez bunu dara çəkin, ta ki, gözüm Tahir adlı insanı görməsin.
Tahir ağlaya-ağlaya dedi:
- Əmi, izn ver, bir neçə söz deyim, ondan sonra məni öldürsünlər.
Padşah dedi:
- Tez ol de görüm, nə deyirsən?
Tahir baxıb gördü camaat yığışıb, məktəb uşaqları da, Zöhrə də gəlib, bir tərəfdə dayanıb. Amma bir gilə yaş da axıb, Zöhrənin gül yanağında durubdu. Tahir əmisindən xahiş elədi ki, ona rəhm eləsin.
Lakin Hatəm Soltan qışqırdı:
- Artıq bunu söylətməyin! Tez işini görün!
Məktəb uşaqları və camaat qül-qülə eləyib dedilər:
- Ey padşah, ədalətinə güc eləmə! Bu nahaq qanı bizim üstümüzə tökmə! Nahaq qan tökülən yerdə ot bitməz, su axmaz. Qızını vermirsən vermə. Atasını öldürdün, ta özünü öldürmə! Yox, istəmirsən burda qala, qılıncın işləyən yerdən kənar elə! Daha bu nahaq qanı bizim üstümüzə tökmə!
Hatəm Soltan gördü ki, camaat qoymayacaq Tahiri öldürsün, naəlac qalıb dedi:
- Çox gözəl, sizin xatiriniz üçün onun qanından keçdim. Ancaq mənim hökmüm cari olan torpaqda gərək durmasın. Çağırıb cəllad Qasıma tapşırdı:
- Tahir Mirzəni aparıb mənim qılıncım işləyən yerdən çıxardarsan.
Xəlvətcə də bərk-bərk tapşırdı:
- Öldürüb, qanına köynəyin bulayıb, mənə gətirərsən.
О tərəfdən Zöhrə xanım bir kisə əşrəfi cəllad Qasıma göndərib, sifariş elədi ki: Tahir Mirzəni aparanda mənim otağımın qabağından keçir, bir boyuna doyunca baxım, ondan sonra hara istəyirsən apar. Cəllad Qasım yapışıb Tahirin əlindən, başladı Zöhrə xanımın imarətinin yanından keçən yol ilə aparmağa. Elə ki Zöhrə xanımın otağının bərabərinə yetişdilər, nə gördülər? Zöhrə xanım yaralı ahu kimi külafirəngidə boynunu büküb, Tahirin yolunu gözləyir. Zöhrə dedi:
- Cəllad, səni and verirəm Allaha, bir qədər Tahir Mirzəni saxla, bir neçə sözüm var, deyim, ta ki, ürəyimdə niskil qalmasın.
Bir qədər əşrəfi cəllad Qasıma tərəf atdı. Dünya tamah dünyasıdı. Cəllad Qasım başladı qızılı yığmağa. Zöhrə xanım qara saçlarından iki tel ayırıb, öz dərdi-dilini görək izhar elədi. Sonra sinəsindən ənbərçəsini çıxardıb, Tahirə uzatdı:
- Al, bu ənbərçəni yadigar saxla!
Tahir ənbərçəni ondan aldı, görək Zöhrə ilə halallaşdı.
Cəllad Qasım istədi Tahir Mirzəni aparsın, Zöhrə xanım ona dedi: Sən Allah, Tahiri incitmə. Qoy bir bura çıxsın, sonra apararsan. Cəllad Qasım Tahirin qollarını açıb, Zöhrənin yanına çıxartdı. Tahir özünü Zöhrəyə yetirdi. Hər ikisi baş qoyub bir-birinin çiyninə, bir-birinin gözlərinə baxıb ağlaşdılar. Cəllad Qasımın bunlara rəhmi gəlib dedi:
- Xanım, atan əmr eləyib ki, Tahiri öldür, köynəyini qanına bulaşdır, mənə gətir. Bəs mən nə eləyim?
Zöhrə xanım bu sözü eşitcək içkəmiş maral kimi səksənib, özünü saldı cəllad Qasımın ayağının altına. Əl atıb ətəyindən tutdu, yalvarmağa başlayıb dedi:
- Aşiqin göz yaşına rəhm elə! Bizə zülm eləmə! Mən Tahirə bir dəst təzə libas verim, bir qədər də sənə pul verim, sən bir qoyun al başın kəs, Tahirin köhnə libasını qoyunun qanına bulaşdır, atama gətir. Tahiri də başqa bir məmləkətə burax.
Cəllad Qasım bu tədbirdən şad olub, bir dəst libas, bir kisə də qızıl götürüb, yola düşdülər. Gecə-gündüz yol gedib, Hatəm Soltanın qılıncı işləyən yerdən çıxıb, başqa bir vilayətə yetişdilər. Bir meşənin kənarı ilə gedirdilər, bir sürü qoyuna urcah oldular. Tahir Mirzə dedi:
- Bərəkətli olsun, ay çoban! Bizə bir qoyun satarsanmı?
Çoban baxdı, gördü bunlar bir abırlı adamdılar. Cavab verdi:
- Mənim qoyunum hamısı sizə peşkəşdi. 
Çobandan bir qoyun aldılar, girdilər meşənin içərisinə. Bir çala qazdılar, qoyunu kəsib, qanını çalaya tökdülər. Ondan sonra cəllad Tahir Mirzənin köhnə libasını çıxarıb xəncərin ucu ilə parça-parça elədi. Qoyunun qanına bulaşdırıb götürdü. Qoyunun ətini də kabab çəkib yedilər. Sonra Tahir Mirzə ilə öpüşüb, vidalaşıb, ağlaya-ağlaya üz qoydu Qaramana, Hatəm Soltanın qulluğuna.
Tahir üz qoydu qürbət elə. Bir müddət dolandıqdan sonra gəlib bir xanabaxçaya çıxdı. Çox yorulmuşdu. Daxil olub xanabaxçaya, əyləşdi çarhovuzun başında. Bu xanabaxça kimin olsun, Xanverdi sövdəgərin. Xanverdi sövdəgər о Xanverdi sövdəgər idi ki, qırx tacirin başı olub, malı,dövləti həddən ziyad idi. Özünün də gözünün ağı-qarası Nərgiz xanım adlı bir qızı var idi. Nərgiz xanımın on səkkiz yaşı var idi. Sövdəgər öz evində, başını qızı Nərgiz xanımın dizi üstə qoyub yatmışdı. Tahir Mirzə xanabağçaya girib, bağçanı seyr eləyəndən sonra Zöhrə xanımla keçirdiyi günlər bir-bir yadına düşdü, dərdi tüğyan elədi, sazını sinəsinə basıb dedi:

Cida düşdüm vətənimdən,
Qan ağlar ellərim mənim.
Bülbülüm yox dallar üstə,
Boş qalıb güllərim mənim.

Ağır ellərim çəkildi,
Cavankən belim büküldü,
Nişansız üzə töküldü,
Pərişan tellərim mənim...

Tahir Mirzənin bu naləsi Nərgiz xanımın qulağına yetişəndə başladı ağlamağa. Nərgiz xanım özünü unutdu, birdən onun bir gilə göz yaşı atasının üzünə düşdü. Xanverdi sövdəgər diksinib, yuxudan ayıldı. Gördü qızı Nərgiz xanım ağlayır. Qızından soruşdu:
- Qızım, nə üçün ağlayırsan?
Nərgiz xanım cavab verdi:
- Ata, çarhovuz tərəfdə kimsə yanıqlı-yanıqlı oxuyur. Onun üçün ürəyim durmur, ağlayıram. Xanverdi sövdəgər də qulaq asıb, gördü ki, qızı doğru deyir, oxumaq
səsi gəlir. Xanverdi sövdəgər qızı Nərgiz xanımı götürüb, çarhovuza tərəf gəldi. Nə gördü, on dörd gecəlik ay kimi bir oğlandı, əyləşib çarhovuzun başında
oxuyur.
Tahir Mirzə bunları görən kimi ayağa qalxdı. Üz tutub, Xanverdi sövdəgərə dedi:
- Əmi, məni bağışla! Yorğun idim, bağçanıza iznsiz girdim.
Nərgiz xanım Tahirin qəddi-qamətinə, gül camalına nəzər yetirib, aşiqidivanə oldu. Xanverdi Tahirdən soruşdu:
- Oğlan, de görüm sən nəçisən, kimsən ki, mənim bağçama giribsən, gecənin bu vaxtında belə yanıqlı-yanıqlı oxuyursan?
Tahir Mirzə öz şərhi-halım buna bəyan etdi.
Xanverdi sual elədi: Sürgün olmağına səbəb nə oldu?
Tahir Mirzə bütün əhvalatı Xanverdi sövdəgərə bəyan elədi. Xanverdi sövdəgər Tahir Mirzəyə təsəlli verib dedi:
- Səni mənə Allah yetirib. Mənim oğlum yoxdu. Bircə qızım var, Zöhrədən min dəfə gözəl. Onu alarsan, özün də mənə oğul olarsan.
Nərgiz xanım öz könlündə yeddi qurban nəzir elədi. Lakin Tahir bildirdi ki, Nərgizə yalnız bacısı kimi baxa bilər. 
Nərgiz xanım bu sözü eşitcək qiyamət başına qopdu. Genə özünü sındırmamaq üçün ayağından başmağı çıxarıb atdı, dedi:
- Çox fikir eləmə. Mənim ayağım çirk olsa, yenə də sənin üstünə sürtmərəm.
Xanverdi Tahir Mirzəyə dedi:
- Oğul, indi ki, mənim qızımı özünə bacı elədin, sən oldun mənim həqiqi oğlum. Gedək evimizə, kimi istəyirsən, sənə alacağam.
Elə həmən günün sabahı Xanverdi Tahiri götürüb bağa getdi. Tahirin əlinə bir bel verib dedi:
- Mən suyu bərədən buraxım, sən ağacların dibini kəs.
Tahir birinci dəfə idi əlinə bel alırdı. 
Sonra Xanverdi sövdəgər Tahir Mirzəni də götürüb evinə gəldi. Nə qədər açar kilidi vardı, Tahir Mirzəyə tapşırdı. Belə ki, Tahir Mirzə evin oğlu, sahibi ixtiyarı
oldu. Bir neçə gün keçdi. Bir gün Xanverdi sövdəgərin yoldaşları onun yanına gəlib dedilər:
- Ayə, Xanverdi, biz malımızı yeyib, mayaya da əl atmışıq. Daha durmağın yeri deyil. Bir tərəfə gedib, bir qədər sövdə eləməliyik. Tay nə qəmin var, Allah sənə oğul da yetirdi.
Xanverdi vaxtı təyin elədi. Tacirlər getdilər öz işlərinə. Xanverdi səfər tədarükünü qurtardıqdan sonra qızı Nərgiz xanımı çağırıb dedi:
- Qızım, mən yeddi ayın vədəsinə səfərə gedirəm. Bütün açarları tapşırmışam Tahir Mirzəyə. Al, bu bahar bağının açarıdı. Bunu özün saxla. Nəbadə Tahir Mirzənin əlinə düşə. Ehtiyatlı ol! Əgər Tahir Mirzənin əlinə düşsə, bir də bu diyarda durmaz. 
Sonra bütün qulamlarla, kənizlərlə, Tahir Mirzə ilə vidalaşıb, yeddi ayın səfərinə çıxdı. Atası gedəndən sonra Nərgiz xamm fikir elədi ki, indi yaxşı girəvə yeridir. Tahir Mirzəni ələ gətirib, buna getməliyəm. Nərgiz xanım yeri gəldikcə Tahir Mirzəyə qaş-göz atmaqdan, işarələr vurmaqdan geri durmurdu. Ancaq Tahir Mirzə özünü anlamamazlığa vururdu. Xülasə, Nərgiz xanım nə fənd qurdusa, Tahir Mirzə əl vermədi. Nərgiz xanım Tahir Mirzənin bu kəmiltifatlığından bezar oldu; dərd-qəmini dağıtmaq üçün hər gün kənizlərin birini evdə qoyurdu, özü qırx incə qıznan seyrə çıxırdı.
Genə günlərin bir günündə Nərgiz xanmı seyrə çıxmışdı. Bahar bağçasının açarını da bir kənizə verib, evdə qoymuşdu ki, evin işlərini düzəltsin. Kəniz evdə dolananda açar yaxasından yerə düşdü. Tahir Mirzə gəlib keçəndə açarı yerdən götürdü. Baxıb gördü ki, işlək açardı. Kənizi çağırıb soruşdu:
- Bu necə açardı məndən gizləyirsiniz? Məgər məndə nə əyrilik görmüsünüz?
Kəniz fıkir elədi ki, Tahir Mirzəni aldatmaq lazımdı. Bir qah-qah ilə gülüb dedi:
- О köhnə, sınıq açardı. Özümüz qəsdən bura atmışıq.
Tahir Mirzə əl atdı kənizin yaxasından yapışıb dedi:
- Çəpəl, düzünü deginən, yoxsa əlimdən salamat qurtarmazsan.
Kəniz qorxusundan əhvalatı Tahir Mirzəyə nağıl elədi. Tahir dedi:
- Bu saat bahar bağını mana nişan ver!
Kəniz naəlac qalıb, Tahir Mirzəni götürdü, bahar bağının qapısına gəldi. Tahir qapını açıb içəri daxil oldu. Nə gördü? Bura bir bağdı ki, deyirsən behiştin bir, guşəsidi, gülüstani-baği-irəmdən nişan verir. Bülbüllər cəh-cəh, güllər bəh-bəh deyir, hər kəs öz dilincə, öz məhbubu ilə razi-niyaz edir. Tahir Mirzə bağı dolanırdı, gördü bir bülbül gülün yarpağını üzüb çəkir göyə, ordan buraxır; bülbül şığıyıb yarpaq göydə ikən уеnə tutur. Tahir tamaşa eləyirdi, bülbül уаrpаğı bir də çəkib buraxdı. Gül yarpağı bir qaratikan kolunun üstünə düşdü. Bülbül daldan şığıyıb onu götürmək istəyəndə ürəyindən sancıldı qaratikan qələməsinə. Gedib, başını sürünəsürünə gülün уаrpаğının üstə qoydu, can verməyə başladı. Tahir bir ah çəkib, özünü yetirdi bülbülün başı üstünə. Onu о tərəfə, bu tərəfə aşırıb
gördü ki, başı yarpağın üstündə, canını gülə tapşırıb. Tahir kədərlənib dedi:
- Heyhat!.. Bir bülbülcən də olmayasan?! Vəfalı bülbül öz canını məhbubu yolunda fəda elədi! Sən diyarbadiyar gəzirsən. Yox olsun о baş ki, məhbubu yolunda kəsilməyə.
Tahir bülbülün yanında diz çöküb, gözlərinin yaşını tökdü.Tahir Mirzə öz-özünə dedi: “Ey dadi-bidad! Bir bülbülcən də olmayasan? О öz məhbubu yolunda mərd-mərdana canını fəda elədi, sən canını qorumaq üçün diyarbadiyar gəzirsən”.
Ayağa qalxıb, üz qoydu öz vilayətlərinə tərəf getməyə. Bu vaxt Nərgiz xanım seyrdən qayıdırdı. Tahir Mirzəyə rast oldu. Tahir Mirzənin vilayətlərinə getmək qəsdində olduğunu bildi. Nə qədər yalvardı, göz yaşı töküb, qoymaq istəmədisə də, mümkün eləyə bilmədi. Naəlac qalıb, iki yeyib yatmış kənizə əmr verdi ki, onu götürüb, evə aparsınlar. Kənizlər Tahir Mirzəni evə apardılar. Ancaq Tahirin könlü açılmadı, üzü gülmədi. Bülbül onun gözünün qabağında idi. 
Nərgiz gördü ki, Tahir Mirzəni saxlaya bilməyəcək, dedi:
- Oğlan, get, Allah səni sevgilinə çatdırsın! Ancaq məni yaddan çıxartma!
Nərgiz ona bir kisə cavahir, bir xurcun çörək verdi. Tahir Mirzə Nərgizlə görüşüb, yola düşdü. Bu, getməkdə olsun, eşit Xanverdi sövdəgərdən. Xanverdi sövdəgər evə gəlib gördü nə, Tahir Mirzə yoxdu. Nərgizdən soruşdu. Nərgiz bütün əhvalatı ona nağıl elədi. Xanverdi atını minib, Tahirin dalınca getdi. Tahirə çatıb dedi:
- Nəməkbəharam, haraya qaçırsan?
Tahirin rəngi saraldı, gözləri yaşla doldu. Xanverdi gördü onu geri döndərə bilməyəcək, halal-hümmət eləyib, geri qayıtdı. Tahir Mirzə üz qoydu yarı olan diyara tərəf, ta ki, gəlib çıxdı Hatəm Soltanın vilayətinə. Gördü bir çoban qoyun otarır, özü də başdan ayağa qara geyinib. Salam verib dedi:
- Çoban qardaş, niyə qara geyinibsən? 
Çoban dedi ki, ağam üçün qaranı geymişəm. Hatəm Soltan Əhməd vəziri öldürdü, onun üçün mən qaranı geymişəm.
Çobanın adı Şahqulu idi. Şahqulu Tahir Mirzəni tanıyıb, əl-ayağına düşdü, onu evlərinə apardı. Anasını çağırıb dedi:
- Mən qoyunu arxaca yığıb gələnə kimi xörəyi hazır elədin, canın qurtardı, əgər eləmədin, and olsun Allaha, bu ağac ilə səni öldürəcəyəm.
Arvad canının qorxusundan о saat xörəyi bişirib, dəmə vurdu. Şahqulu da qoyunu arxaca yığandan sonra qayıdıb gəldi. Qarı qalxıb əlüstü süfrə saldı, xörəyi qablara çəkdi, gətirib ortaya qoydu. Şahqulu anasına dedi:
- Ana, bir bax gör bu oğlan kimə oxşayır?
Qarı diqqətlə baxıb dedi:
- Ay bala, rəhmətlik Tahir Mirzəyə oxşayır.
Şahqulu dedi:
- Arvad, rəhmətlik niyə? Diqqətlə bax, Tahir Mirzə özüdü.
Qarı о saat özünü Tahir Mirzənin üstünə atdı, boynunu qucaqlayıb, başladı şadlığından ağlamağa.
Tahir Mirzə bütün başına gələnləri onlara nağıl elədi. Şahqulu işdən halı olandan sonra anasına dedi:
- İndi, ana, mən gedirəm qoyunu yaylıma aparam. And olsun Allaha, gələm görəm Tahir Mirzəni Zöhrəyə yetirməyibsən, bu ağacla belini qıracağam.
Arvadın canına titrəmə düşüb dedi:
- Ay balam, mən necə görüşdürüm?
Tahir Mirzə dedi:
- Ana, qəm çəkmə. Al bu pulu, get iki dəst arvad paltarı al, gətir geyinək. Tut mənim əlimdən apar Zöhrənin qapısına. Deginən bu mənim qızımdı, əri ölüb, neçə vaxtdan bəri bütün olan mal-dövlətini yeyib qurtarıb, indi bunu sənə qulluqçu vermək istəyirəm. Ondan sonrası ilə işin yoxdu.
Arvad о saat bazara getdi. Tahir Mirzə dediyi kimi, iki dost arvad paltarı aldı, evə gətirdi. Birini özü geydi, birini də Tahir Mirzəyə geydirdi. Tutub onun əlindən Zöhrənin qapısına yetirdi. Gördü dayə başında məcməyi deyinə-deyinə Zöhrəyə xörək aparır. Qarı dayəni çağırıb dedi:
- Bu mənim qızımdı. Hər işdən başı çıxır. Sən Allah, Zöhrə xanıma de, gör bunu qulluqçu saxlaya bilərmi?
Dayə şadlığından bilmədi nə eləsin. Çünki ümid eləyirdi ki, özünə köməkçi olacaq, dedi:
- Al, sən bu məcməyini götür, mən də qəndabı götürüb gəlim, Zöhrə xanımın qulluğuna gedək.
Dayə getcək Tahir Mirzə çobanın anasına dedi:
- Ana, sən daha işini qurtardın, gedə bilərsən.
Qarı geri qayıtdı. Tahir Mirzə Zöhrənin otağına girdi, sandığın dalında gizləndi. İndi bunlar burada qalsınlar, sizə Zöhrə xanımdan xəbər verim.
Həmin gün Zöhrə xanımın əhvalı çox pərişan idi. Tahirlə keçirdiyi vaxtları yadına salmışdı. 
Öz xas kənizi Mələksumaya üzünü çevirib dedi:
- Ay Mələksuma, aşxana aşı yeməkdən cana gəlmişəm. Dur, bir qədər yağ, düyü gətir, özüm bişirib, özüm yeyəcəyəm.
Yağ, düyü hazır oldu. Zöhrə xanım biləklərini çirmədi, özü aşı bişirib siniyə çəkdi. Mələksumanı çağırıb dedi:
- Sən Allah, sən də otur, mənimlə çörək ye.
Mələksuma dedi:
- Təsəddüqün olum, mənim nə həddim var ki, səninlə çörək yeyəm?
Zöhrə dedi:
- Mən sana deyirəm otur, otur...
Mələksuma oturub, əlini xörəyə uzadanda dedi:
- Xanım, Allahın altında indi Tahir Mirzə özü gəlib bura çıxa.
Söz Mələksumanın ağzından qurtarmamış, Zöhrə xanımın halı dəyişdi.
Abi-leysan kimi göz yaşı axıda-axıda dedi:
- Tay bu çörək mana haram oldu, yığışdır!
Zöhrə ağlaya-ağlaya yerinə girib yatdı. Mələksuma da dediyinə çox peşman oldu, götürüb xörəyi yığışdırdı. Bu əsnada Tahir о biri otaqda arvad paltarını çıxardıb, öz paltarını geyindi, içəri daxil oldu. Mələksuma Tahir Mirzəni görcək, özünü saldı onun üstünə, üzündən, gözündən öpəndən sonra and verib dedi:
- Tahir Mirzə, qoy Zöhrə xanımı mən oyadım, tainki bir müjdə alım.
Tahir dedi:
- Oyat!
Mələksuma gəldi Zöhrənin yanına, Zöhrə xanımı oyatmağa başladı.
Tahir dedi:
- Ay qız, qolbağını, üzündən ənbərçəsini aç, bəlkə oyana. Mələksuma onun qolbağını və üzünün ənbərçəsini açdı, Zöhrə yenə oyanmadı, qurcalanıb dedi:
- Ağız burdan saz səsi gəlir, deyəsən oxuyan var. О kimdi?
Mələksuma cavab verdi:
- Xanım, əynindəki paltar mənim muştuluğum, gözlərini aç gör kimi görürsən?

Tahir о saat sazını divara söykəyib, özü daldada gizləndi. Zöhrə gözlərini açanda, sazı gördü, anladı ki, Tahir gəlib. Tahir gizlindən çıxdı. Bir-birinin boynuna sarıldılar. 
Zöhrə xanım sözü tamam eyləyib, Mələksumaya dedi:
- О xörəyi gətir bura, indi üçümüz bir yerdə yeyək.
Mələksuma xörəyi gətirib qoydu qabağa, dedi:
- Xanım, gördünmü mənim niyyətimi?!
Hər üçü başladılar xörəyi yeməyə. Xörəkdən sonra Mələksumanı qapıda qarovulçu qoydu. Bir qədər oturduqdan sonra Mələksumanın yuxusu gəldi, dirsəyinə dayanıb, ordaca yatdı. Bu biri tərəfdən dayə xidmət üçün içəri girib gördü ki, paho, Tahir ilə Zöhrə qolboyun olub yatıblar. İstədi qayıtsın, Zöhrə oyanıb dayəni geri çağırdı, dedi:
- Dayə nənə, sirr kimin olar, saxlayanın. Al bu bir ovuc əşrəfini, bu sirrimi heç yerdə açma.
Dayə əşrəfləri alıb dedi:
- Çox yaxşı. Ancaq pilləkəndən yenə-yenə öz-özünə mırtdanıb dedi:
- Heç yerdə açmayacağam. Bir toyda deyəcəyəm, bir bayramda. Gözümüz aydın, indiyə qədər birinə qulluq eləyə bilmirdik, indi iki oldu.
Dayə üz qoyub Hatəm Soltana tərəf getdi. Zöhrə xanım dayənin qımırını başa düşüb, başladı Tahir Mirzəni oyatmağa.
Tahir oyanıb gördü Zöhrə xanım ağlayır. Boynunu qucaqlayıb, ala gözlərindən bir busə alıb dedi:
- Nə üçün ağlayırsan?
Zöhrə xanım əhvalatı ona söylədi. Tahir dedi:
- Qorxma, səni məndən ayıra bilməzlər. Bizi bir-birimizə qismət eyləyən var.
İndi eşit Hatəm Soltandan. Hatəm Soltan əhvalatı eşidib, bərk qəzəbləndi, Tahiri hüzuruna apartdı. О saat cəllada əmr edib dedi:
- Gözümün qabağında bunun boynunu vur, ürəyim sakit olsun.
Cəllad Tahiri yaxalayanda camaat Hatəm Soltanın əl-ayağına tökülüb dedi:
- Bu nahaq qanı bizim ölkəyə tökmə!
Hatəm Soltan camaatm töhmətindən, narazılığından qorxub, əmr elədi ki, onu bir böyük sandığa qoyub dəryaya atsınlar. Bəli, bir böyük sandıq qayırdılar. Tahiri sandığın yanına gətirdilər. Tahir baxıb gördü Zöhrə kənarda durub, gözünün yaşını abi-leysan kimi tökür. 

Tahir Mirzə sözünü qurtaran kimi onu sandığa saldılar, sandığın ağzını bərk-bərk müşənbələyib, dəryaya atdılar. Dərya sandığı apardı. Zöhrə xanımı Tahir Mirzənin dalınca ağlar qoyaq, görək Tahir Mirzənin başına nə gəldi.
Tahir Mirzə qırx gün dəryada üzəndən sonra çıxdı Həştərxan vilayətinə. Dəryadan paşalıq bağçasına bir böyük sərdəhnə axırdı. Sandıq bu dəhnə ilə buruldu bağa tərəf. Qəzara о gün paşanın qızı Sona xanım qırx incə qızınan bağa səyahətə çıxmışdı. Gördülər bir şey su ilə qarala-qarala gəlir. Paşanın qızı dedi:
- Qızlar, bəlkə bu gələn sandıq oldu? Gəlin onun içindəkinə şərt qoyaq.
Hər kim deyən olsa, onun olsun. Hamısı buna razı oldu. Vəzirin qızı dedi:
- Əgər pul olsa, mənim.
Vəkilin qızı dedi:
- Əgər mal olsa, mənim.
Padşahın qızı dedi:
- Əgər oğlan olsa, mənim.
Sandıq gəlib yetişdi. Sandığı tutub çıxartdılar qırağa. Ağzın açıb gördülər bir oğlandı ki, on dörd gecəlik aya bənzəyir. Bir tərəfində saz, bir tərəfində də bir qədər çörək var. Amma özü bihuşdu. Sona xanım dedi:
- Allah mənimkin yetirdi. Özü də nəcibzadəyə oxşayır. Əldən qoyası deyiləm.
Vəkilin, vəzirin qızları dedilər:
- Bu olmaz. Dövlət də sizdə, şahlıq da sizdə, gözəllik də sizdə, daha bu oğlanı qoymarıq aparasan.
Sona xanım gördü ki, xeyr, qızlar iqrarlarından döndülər, dedi:
- Eybi yoxdu. Gəlin adama bir söz deyək. Hər kimin sözündə oğlan ayılsa, onun olsun. Hamısı razı oldular.

Aldı vəzirin qızı:
Əcəm oğlan, nə yatmısan burada,
Əcəm oğlu, sandığından dur, yeri!
Bəs nə yaxşı qərq olmadın dəryada?
Əcəm oğlu, sandığından dur, yeri!

Aldı vəkilin qızı:
Haradan gəlirsən, nə sahmanlısan?
Cavahir ölkəli, dür məkanlısan.
Atıblar dəryaya, məgər qanlısan?
Əcəm oğlu, sandığından dur yeri!

Aldı Sona xanım:
Evdən çıxdın, xarab qoydun xananı,
Yandırdın odlara ata-ananı.
Gəl yandırma paşa qızı Sonanı,
Əcəm oğlu, sandığından dur, yeri.

Sona gördü ayılmır, sözün dalısını görək nə cür dedi:

Mən Sonayam, köksüm bəndin açaram,
Canına eşqimin odun saçaram;
Nə edim ki, mən bu işə naçaram,
Əcəm oğlu, sandığından dur yeri!

Oğlan bu sözdən asqırıb, ayağa qalxdı. Vəzir, vəkil qızlarının gözü
Tahirin gül camalına sataşanda ixtiyar əllərindən getdi, biri sağ qolundan, biri sol qolundan yapışıb, paşanın qızına dedilər:
- Ola bilməz ki, Allah padşahlığı da sizə versin, hər yetirən göyçək oğlanı da. Biz öləcəyik, bu oğlanı sana verməyəcəyik.
Sona xanım Tahirə dedi:
- Oğlan, indi ixtiyar sənindi. Götür sazını oxu! Hər kəsi ki, könlün tutur, onun adını söylə, onun ol!

Aldı Tahir:

Qulaq asın Tahir Mirzə sözünə,
Gecə-gündüz yuxu getməz gözünə.
Mən aşiqəm Hatəm Soltan qızına,
Tanrı məni sizə qurban eyləsin!

Sona xanım gördü nə qədər oxuyur, bunların birinin də adına işarət eləmir, hamısında elə Zöhrə deyib, ağlayır. Götürüb Tahiri apardılar paşanın yanına, əhvalatı ona söylədilər. Paşa Tahirə dedi:
- Ey oğlan, səni nə üçün dəryaya atıblar? Başına gələn qəzavü qədəri bəyan elə.
Tahir Mirzə başına gələni paşaya nağıl elədi. Əhvalatı eşidəndə paşanın ciyəri yanıb dedi:
- Tahir, indi fikrin nədi?
Tahir ondan kömək istədiyini bildirdi.
Paşa bir qədər fikir eləyəndən sonra Tahirə sual elədi:
- Tahir, sən о qıza aşiq olan kimi, о qız da sana aşiqdimi?
Tahir cavab verdi:
- Bəli, qibleyi-aləm!
Paşa əmr elədi, böyük qoşun cəm oldu. Gecə öz qızı Sona xanımı, vəzir, vəkilin qızlarını, Tahiri də bərabər yanına alıb, yola rəvan oldu. Günə bir mənzil, teyyi-mənazil, ta ki, yetişdi Qaraman vilayətinə. Şəhəri dörd tərəfdən əhatə elədilər. Paşa qızı Sona xanımı, vəzirin, vəkilin qızını çağırıb dedi:
- Gedərsiniz, Zöhrədən əhval bilərsiniz. Əgər onun Tahirə könlü varsa, onu Tahirə alıb, Hatəm Soltanın da başını kəsdirəcəyəm, yoxsa bu məsələni açmayıb, geri qayıdacağam. Sona xanım Tahiri çağırıb dedi:
- Mən gedirəm Zöhrənin yanına. Əgər məndən gözəl olsa, sən mənim qardaşımsan, Zöhrə yarın. Yox, gözəl deyilsə, sən ilə özüm hesablaşaram.
Tahir cavab verdi:
- Razıyam. Ancaq alın bu sazı, aparın, bəlkə Zöhrə sizə inanmadı.
Sona xanım sazı alıb, vəzirin, vəkilin qızı ilə bərabər üz qoydular Zöhrə xanımın yanına. Zöhrə xanım əhvalatdan xəbərdar oldu, о saat evi düzəldib, qonaqlarını qəbul elədi. Sona xanım gözünün altınca Zöhrəyə baxıb gördü həqiqətən gözəllikdə tayı yoxdu. Öz könlünə dedi: “Əhsən Tahir Mirzəyə”.
Zöhrə xanım baxdı ki, Tahirin sazı bu qızın əlindədi. Sona xanım əhvalatı Zöhrəyə nağıl elədi. Üstəlik atasının sifarişini də deyib, nə üçün buraya gəldiklərini danışdı. Bu barədə onun fikrini soruşdu. Zöhrə də bütün hisslərini ona olduğu kimi nəql elədi. Sona xanım Zöhrəni arxayın eləyəndən sonra vəzirin, vəkilin qızını da götürüb, atasının qulluğuna gəldi. Salam verib, ərz elədi:
Ata, Zöhrə də, Tahir də hər ikisi haqq aşiqidirlər. Paşa bu xəbərdən şad olub, Hatəm Soltanın yanına elçilər göndərdi, sifariş elədi ki, ya qızı Tahir Mirzəyə versin, ya da davaya hazırlaşsın. Hatəm Soltan cavab verdi:
- Paşa qızımı özgəyə istəsə verərəm, ancaq yeddi it küçüyüm olsa, birini də Tahir Mirzəyə vermərəm.
Paşa bu sözdən qəzəbnak olub, əmr elədi, qoşun atlanıb meydana səf çəkdi. О biri tərəfdən Hatəm Soltanın qoşunu könülsüz-könülsüz bunların qarşısında səf çəkib durdular. Tahir Mirzə bu halı görüb, özünü paşanın qulluğuna yetirdi. Yeddi yerdə gərnuş eləyib dedi:
- Paşam, bu camaat mana bir şey eləməyib. Mana nə eləyibsə əmim eləyib. Nahaq qana girmə! İzn ver, mən meydana girim, əmimi dəvət eləyim. Ya о məni öldürər, ya da mən onu öldürüb, atamın qanını özüm almış olaram.
Paşa istədi Tahiri qoymasın, amma Tahir əl götürmədi. Axır izn hasil edib, girdi meydana. О vaxt adət belə idi: iki padşah müharibə edəndə ya iki aşıq çıxardardılar, deyişərdi, yaxud iki pəhləvan gürş tutardı. Hansı tərəfin adamı qalib gəlsə, о tərəf qalib gəlmiş hesab olardı. Tahir meydanın ortasında durub, uca səslə əmisinə dedi:
- Ey Hatəm Soltan, nahaq qan tökmək lazım deyil. Bu dava sənlə mənim üstümdədir. Ona görə gir meydana. Hansımız hansımızı öldürsə, о tərəf qalib gəlmiş hesab olunar.

Hatəm Soltan bu sözdən qəzəbləndi, at istəyib, meydana atıldı. Başladılar bir-birinə hücum eləməyə. Qızğın vuruşduqları halda Tahirin gözü Zöhrənin yaşlı gözlərinə düşdü. Gördü Zöhrə əl duaya qalxızıb deyir:
- Allah, sən əmim oğlunun cavanlığına qıyıb, bu kafirin əlində aciz qoyma!
Tahir bunu gördükdə qan gözünü bürüdü, atı Hatəm Soltanın üstə saldı.
Bərk nərə çəkdi:
- Al məlun, atamın intiqam günüdü!
Hatəm Soltan Tahirin hücumunu gördükdə ölümünü yəqin edib, karıxdı. Qalxanı nizənin qabağına verə bilmədi. Tahir Mirzə nizəsini onun sinəsinə elə vurdu ki, ucu arxadan bir çərək kənara çıxdı. Tahir nizəyə təkan verib, əmisinin bədənini atın belindən alıb, meydanın ortasında yerə çaldı. Yerdə qan nəqşə bağladı. “Afərin!” hər iki qoşundan ucaldı. Şadlıq nağarasını hər iki qoşun nəvazişə gətirdi. Paşa əmr elədi, şəhəri çırağban elədilər. Qırx gün, qırx gecə toy eləyib, Zöhrəni Tahirə verdilər. Hər iki həsrət aşiqləri birbirinə qovuşdurdular. Paşa Tahiri orada padşah eləyib, özü ona qırx gün qonaq qalandan sonra Tahir ilə vidalaşıb öz vilayətinə qayıtdı. Tahir təzədən özünə toy elədi. Onun toyuna çoxlu aşıq yığışmışdı. Aşıq о aşiq-məşuqun əllərini bir-birinə verdi, mübarəkbadlıq elədi. 

Qaynaq: Uşaq Bilik Portalı


BÖLÜM: Dəstan,